TƏBİB-in təşkilatçılığı, PAŞA Holding, PAŞA Sığorta, Gəncə Şəhər İcra hakimiyyətinin dəstəyi ilə “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulmuş onkoloji xəstəliklərin erkən mərhələdə aşkarlanmasına dair tədbirlər planına əsasən, “Süd vəzi xərçənginə sinə gəririk” layihəsi keçirilib.
TƏBİB-dən "İki sahil"ə verilən məlumata görə, Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində A.Səhhət adına xəstəxanada həyata keçirilən layihəsi çərçivəsində 25-65 yaş qrupunda olan, ümumilikdə, 400-dən çox qadın ödənişsiz onkoloq, süd vəzinin ultrasəs müayinəsi və səyyar mamoqrafiya müayinələrindən yararlanıb.
Layihə çərçivəsində qadınlar arasında süd vəzi xərçəngi ilə mübarizə üsulları barədə maarifləndirmə işi aparılıb. Süd vəzi xərçənginin müalicəsində erkən diaqnozun önəmli olduğu insanların diqqətinə çatıdırılıb.
Qeyd edək ki, layihənin ilk mərhələsi işğaldan azad edilmiş ərazilərdə - Füzuli şəhəri və Zəngilan rayonunun Ağalı kəndinin sakinləri üçün həyata keçirilib.