İranın Hörmüzqan əyalətinin Bəndər Abbas şəhərindəki “Şəhid Rəcai” limanında baş verən partlayışın təxribat olduğu versiyası təsdiqini tapmayıb.
“İki sahil” xəbər verir ki, İran parlamentinin milli təhlükəsizlik komitəsinin nümayəndəsi İbrahim Rezai bunu partlayışın səbəbləri ilə bağlı açıqlamasında deyib.
“Hadisənin xarici müdaxilə nəticəsində baş verdiyinə dair heç bir dəlil yoxdur. Mən təxribat və ya xarici müdaxiləsindən bəhs edən hər hansı bir hesabat görməmişəm”, - deyə İranın dövlət televiziyası onun sözlərini sitat gətirib.
İbrahim Rezai qeyd edib ki, “Şəhid Rəcai” limanında baş verənlərin müdafiə sektoru və ya silahlı qüvvələrlə heç bir əlaqəsi yoxdur.
Xatırladaq ki, partlayış aprelin 26-da günorta saatlarında limanın kimyəvi maddələr saxlanılan anbarında baş verib. Son məlumata görə, hadisə nəticəsində 46 nəfər həlak olub. İranın hakimiyyət orqanları partlayışın nəticələrinin tam aradan qaldırılmasına iki-üç həftə vaxt lazım olduğunu bildirib.