30 aprel 2025 10:24
91

Çin XİN: ABŞ tarif müharibəsini davam etdirərsə, Pekin sona qədər dayanacaq

Vaşinqton tarif müharibəsini davam etdirmək qərarına gələrsə, Pekin sona qədər mübarizə aparmaq niyyətindədir.

İki sahil”in məlumatına görə, bunu Rio-de-Janeyroda keçirilən BRİKS nazirlərinin geniş iclasında Çinin xarici işlər naziri Vanq Yi deyib.

"Çinin ticarət müharibəsinə cavabı aydın və qətidir: əgər siz vuruşmaqda israr etsəniz, biz sona qədər mübarizə aparacağıq; əgər siz dialoqa girməyə hazırsınızsa, biz bir-birimizə bərabərhüquqlu kimi hörmət etməliyik", - deyib.

Çin Xarici İşlər Nazirliyinin saytında dərc edilmiş məlumata görə, nazir bildirib ki, Çin təkcə öz milli ləyaqətini deyil, həm də dünyanın parlaq gələcəyini müdafiə edir.

XİN rəhbəri qeyd edib ki, BRİKS beynəlxalq münasibətlərin əsas normalarını dəstəkləmək, çoxtərəfli ticarət sistemini qorumaq və daha ədalətli qlobal idarəetmə sistemi qurmaqda davam etməlidir: "Əsas sual budur: biz dünyaya hakim olan birqütblü hegemonluğu qəbul edirikmi, yoxsa bərabər və nizamlı çoxqütblü dünyanın tərəfdarıyıq? ABŞ "dünyada tarif klubunu yelləməyə" başladıqdan sonra beynəlxalq ictimaiyyət "güclülərin zəifləri yediyi cəngəlliyə qayıtmağa" hazır olub-olmamasına qərar verməlidir".

Məhərrəm Ağalaroğlu, “İki sahil”