Bir vaxtlar “hər şeyə qadir olan”, uzun onilliklər ərzində Azərbaycanı pisləyən “Azadlıq” radiosu hazırda tarixində ən çətin dövrlərini yaşayır. Genişmiqyaslı ixtisarlardan “sağ qalan” əməkdaşlar hər gün maaşlarını alıb-almayacaqlarını və ümumiyyətlə, yaxın gələcəkdə onların taleyi necə olacağı barədə düşünürlər. Sabahla bağlı bu qeyri-müəyyənlik daxili iş intizamına da təsir göstərir.
“İki sahil” xəbər verir ki, bir gün əvvəl ABŞ-ın Federal Məhkəməsi Prezident Donald Trampın administrasiyası radiostansiyanın aprel ayı üçün xərclərinin ödənilməsi üçün vəsait ayrılmasına göstəriş verən ilkin qərar qəbul edib. Bundan əvvəl ABŞ Prezidenti Donald Trampın administrasiyası bu media şirkətinin maliyyələşdirilməsini tamamilə dayandırmaq niyyətində olduğunu bəyan edib.
“Azadlıq” radiosunun baş qərargahının yerləşdiyi Çexiyanın hazırkı hökumətindəki siyasətçilər Amerika maliyyəsinin gələcəkdə çatışmazlığı fonunda radiostansiyanın fəaliyyətini davam etdirməklə bağlı səy göstərirlər. Bu başa düşüləndir, çünki əməkdaşlar bu ölkədə yaşayır, pullarını burada xərcləyir, mənzil kirayələyir, alış-veriş edir və bütün bunlardan Çexiya xəzinəsi daha da zənginləşir.
Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayen də radiostansiyanı dəstəklədiyini bildirib.
Öz internet səhifəsində Azad Avropa/Azadlıq Radiosu özünü guya “özəl, müstəqil və beynəlxalq xəbər orqanı” kimi təqdim edir, onun proqramları Rusiya, Ukrayna, İran, Əfqanıstan və Pakistan da daxil olmaqla, “23 ölkədə təxminən 50 milyon insan” tərəfindən hər həftə dinlənilir və baxılır.