02 may 2025 01:25
155

Torpaqdan rifaha: Ağalı nümunəsi

Atılan ilkin addımlar gələcək inkişafı hədəfləyir

Böyük Qayıdışın simvoluna çevrilmiş Ağalı kəndi bu gün təkcə yaşayış üçün deyil, həm də kənd təsərrüfatı fəaliyyətləri üçün strateji əhəmiyyət daşıyan ilk məntəqələrdən biridir. İşğaldan azad olunmuş ərazilərdə ilk kooperativlərin məhz burada formalaşdırılması və əkin məqsədi ilə aqrar təyinatlı torpaqların güzəştli şərtlərlə istifadəyə verilməsi prosesinin başlanması bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Artıq kənd ətrafında yerləşən torpaq sahələri əkin üçün tam hazır vəziyyətə gətirilib. Burada birillik və çoxillik bitkilərin becərilməsi nəzərdə tutulur ki, bu da həm yerli əhali üçün məşğulluq imkanlarının yaradılması, həm də kənd təsərrüfatının dirçəldilməsi baxımından mühüm mərhələ sayılır. Təkcə kənd sakinlərinin deyil, ümumilikdə regionun sosial-iqtisadi inkişafına töhfə verəcək bu təşəbbüs, eyni zamanda, işğaldan azad olunmuş torpaqlarda həyatın bərpasının real göstəricilərindən biri kimi çıxış edir.

Mövzunu şərh edən Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bu addımların strateji baxımdan ölkəmizin kənd təsərrüfatı üçün əhəmiyyətli olduğunu vurğulayır: “İşğaldan azad edilmiş ərazilərdə ilk kənd təsərrüfatı kooperativlərinin yaradılması çox əhəmiyyətli bir təşəbbüsdür. Bu addım təkcə iqtisadi deyil, sosial baxımdan da böyük önəm daşıyır. Əsas məqsəd azad edilmiş torpaqlarda dayanıqlı kənd təsərrüfatı sisteminin qurulmasıdır. Kooperativ modeli isə bu məqsədə çatmaq üçün ən effektiv mexanizmlərdən biridir. Əhali ora qayıtdıqca onların məşğulluğu təmin olunmalıdır. Bu baxımdan kooperativlər həmin insanların həm torpağa bağlanması, həm də gəlir əldə etməsi üçün əlverişli şərait yaradır. Digər dağlıq rayonlara artıq heyvandarlıqla məşğul olan fermerlər öz heyvanlarını, arıçılar isə arı ailələrini aparırlar. Bu, kənd təsərrüfatının inkişafı baxımından olduqca faydalıdır”.

Tahir Rzayev qeyd edir ki, atılan bu ilkin addımlar gələcək inkişafı hədəfləyir: “Bu gün həmin ərazilərdə kooperativlər yaradılır. Sabah isə həmin kooperativlərin iri fermer təsərrüfatlarına, hətta şirkətlərə çevrilməsi gözlənilir. Dövlət də bu istiqamətdə öz fəaliyyətini davam etdirir. Fermerlərə və iş adamlarına ciddi maliyyə dəstəyi göstərilir. Təkcə ötən il sahibkarlara 362.5 milyon manat  subsidiya ayrılıb. Azad edilmiş ərazilərə qayıdan sakinlərə də maliyyə dəstəyi veriləcək. Bu, onların həm məşğulluğunun təmin olunmasında, həm də maddi rifah səviyyəsinin yüksəldilməsində mühüm rol oynayacaq. Məşğulluğun inkişafı dövlətin xüsusi diqqət yetirdiyi sahələrdəndir. Əhalinin həmin ərazilərdə yaşaması üçün ilk növbədə sabit iş yerləri olmalıdır. Nəzərə alsaq ki, hazırda ölkə əhalisinin təxminən 49 faizi kəndlərdə yaşayır və azad edilmiş ərazilərə qayıdanların əksəriyyəti vaxtilə kənd təsərrüfatı ilə məşğul olub, onların bu sahədə yenidən işlə təmin olunması olduqca vacibdir. Kooperativlər də məhz bu məqsədə xidmət edir. Təbii ki, bu təşəbbüslərin digər bölgələrə də yayılması nəzərdə tutulur. Dövlətin bu istiqamətdə proqramları və layihələri mövcuddur. Xüsusilə Kənd Təsərrüfatı Nazirliyi bu sahədə geniş tədbirlər həyata keçirir. Bütün bu addımlar əvvəlcədən planlaşdırılıb. Çünki əhalinin azad edilmiş ərazilərə birdən-birə kütləvi şəkildə köçürülməsi həm təhlükəsizlik, həm də infrastruktur baxımından doğru olmazdı. İnsanlar yalnız məktəb, səhiyyə, ictimai iaşə obyektləri və digər xidmətlərlə təmin edildikdən sonra orada yaşaya bilərlər. Məsələn, bu gün Laçına köçürülən vətəndaşlar müəllim, həkim, tikinti ustası və digər sahələrdə işləyirlərsə, digər rayonlara köçənlər üçün də oxşar imkanlar yaradılmalıdır. Əgər bu gün Ağalıda kooperativlər qurulur və torpaqlar icarəyə verilirsə, sabah bu təcrübə digər bölgələrdə də tətbiq olunacaq və nəticələrini göstərəcək”.

Mövzuya iqtisadi aspektdən yanaşan ekspertlər də Ağalıda tətbiq edilən modelin strateji əhəmiyyətini önə çəkirlər. İqtisadçı ekspert Fuad İbrahimov bildirir ki, Zəngilan rayonunun Ağalı kəndi ətrafında torpaqların vətəndaşlara icarəyə verilməsi, əslində, əhəmiyyətli və strateji bir addımdır: “Hazırda bu torpaqlar müəyyən müddət üçün ödənişsiz şəkildə, hər hansı rüsum və ya icarə haqqı olmadan təqdim olunur. Bu da əhalinin kənd təsərrüfatı fəaliyyəti ilə məşğul olması üçün əlavə stimul yaradır. İlk mərhələdə bu təşəbbüs olduqca müsbət qiymətləndirilə bilər — ödənişsiz və şəffaf şəkildə vətəndaşlara imkan yaradılır. Daha sonrakı mərhələlərdə fəaliyyətin nəticələrinə və istiqamətinə əsasən qiymətləndirmələr aparılacaq, ehtiyac yaranarsa, müəyyən tənzimləmələr ediləcək. Amma ilk növbədə bu model bölgədə kənd təsərrüfatına marağı artırmaq və əhalini bu sahəyə cəlb etmək məqsədi daşıyır. Xüsusilə də yerli sakinlərin məşğulluğunun təmin olunması baxımından əhəmiyyətlidir.

Fuad İbrahimov qeyd edib ki, məşğulluğun davamlı şəkildə təmin olunması üçün kənd təsərrüfatı sektoruna sistemli dəstək göstərilməlidir: “Təkcə maddi yardım yetərli deyil — bu proses zəncirvari şəkildə təşkil olunmalı və tam şəkildə tamamlanmalıdır. Əgər bu zəncirin hansısa halqası qırılırsa, nəticə əldə etmək çətinləşir. Əsas məqsəd iqtisadi sistemin bütün mərhələlərini bir-biri ilə əlaqəli şəkildə işlək vəziyyətə gətirməkdir. Kommunikasiya və logistika da yüksək səviyyədə qurulmalıdır. İstehsal olunan məhsul bazara elə qiymətlə çıxmalıdır ki, rəqabətə davamlı olsun. Yəni torpaq, istehsal, satış – bütün bu mərhələlər bir-biri ilə koordinasiyalı şəkildə işləməlidir. Ağalı kəndi ətrafında yaradılan kooperativlərin fəaliyyətinin səmərəsini yaxın zamanda daha aydın görəcəyik”.

Nigar Orucova, “İki sahil”