08 may 2025 22:13
122

Bu irsi yaşatmaq hər bir vətəndaşın borcudur

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı və YAP Nərimanov rayon təşkilatı tərəfindən Azərbaycan xalqının Ümummilli Lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin 102 illiyi münasibətilə tədbir keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirdən öncə Ulu Öndər Heydər Əliyevin büstü önünə tər gül dəstələri qoyularaq dahi şəxsiyyətin əziz xatirəsi ehtiramla anılıb.

Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, sonra Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri polkovnik Cəlil Xəlilov çıxışında Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı misilsiz xidmətlərindən bəhs edib. O bildirib ki, ulu öndər ölkənin taleyüklü anlarında göstərdiyi qətiyyətli liderliklə müstəqilliyin qorunmasına, ictimai-siyasi sabitliyin bərqərar olmasına və ordunun gücləndirilməsinə böyük töhfələr verib. Cəlil Xəlilov qeyd edib ki, bu gün Azərbaycan xalqı dahi şəxsiyyət Heydər Əliyevin siyasi irsini böyük ehtiramla yad edir və bu irsi yaşatmaq hər bir vətəndaşın borcudur.

Tədbirdə YAP Nərimanov rayon təşkilatının əməkdaşı Sərtac Atlas, Gənclərin Vətənpərvərlik Tərbiyəsi və İdeoloji Hazırlığı şöbəsinin müdiri polkovnik Adil Haqverdiyev, Dəmir Yolu Peşə Təhsil Mərkəzinin Tərbiyə işləri üzrə direktor müavini Fuad Əliyev və Tədris hissə müdiri Nəzakət Allahverdiyeva çıxışlarında bildiriblər ki, ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası bu gün də ölkənin tərəqqisinin əsas sütununu təşkil edir. Natiqlər qeyd ediblər ki, bu gün gənclərin ideoloji hazırlığı və milli-mənəvi dəyərlərə bağlılığı məhz Heydər Əliyevin müəyyən etdiyi siyasi xəttin davamı olaraq həyata keçirilir.