İspaniyanın energetika naziri Sara Aagesen aprelin 28-də baş vermiş kütləvi elektrik kəsilməsinin səbəbinin hələ də aydın olmadığını bildirib.
“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, o, hazırda müstəntiqlərin hadisənin mümkün səbəbləri kimi REE şəbəkə operatoruna kiberhücum, eləcə də tələb və təklif balansının pozulması və ya şəbəkə tutumunun qeyri-kafi olmasını araşdırdırlarını qeyd edib.
Aagesen bildirib ki, işıqların kəsilməsi ölkənin cənubunda yerləşən Qranada şəhərində başlayıb. Bir neçə saniyə sonra Sevilya və Badajoz yarımstansiyalarında nasazlıqlar baş verib. "Biz milyonlarla məlumatı təhlil edirik" - deyən nazir araşdırmanın bir qədər vaxt aparacağını vurğulayıb. O, təxmini vaxt çərçivəsini açıqlamayıb.
Qeyd edək ki, aprelin 28-də İspaniyanın əksər bölgələri, Portuqaliya, Andorra və Fransanın bir sıra bölgələri işıqsız qalıb. Hadisə Avropanın müasir tarixində ən böyük işıq kəsilməsi adlandırılıb. Portuqaliyalı REN operatoru bağlanmanın mümkün səbəbi kimi atmosfer təzyiqinin qəfil dəyişməsini göstərib. El Pais yazıb ki, işıqların kəsilməsi nəticəsində ən azı beş nəfər ölüb. Mütəxəssislər hesab edir ki, İspaniyada işıqların kəsilməsi nəticəsində dəymiş ziyan 1,5-4,5 milyard avro təşkil edir.