Mühüm sosial proqramlardan biri olan şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı Vətən müharibəsindən sonra 5 dəfə genişlənib
Tariximizə qızıl hərflərlə yazılmış Vətən müharibəsindən sonrakı bərpa tədbirləri ilə yanaşı, hərbi əməliyyatlardan zərərçəkmiş insanlara, xüsusən də şəhid ailələrinə, qazilərə hərtərəfli qayğı Azərbaycan dövlətinin sosial siyasətinin əsas istiqamətlərindən biridir və bu tədbirlər sistemli, ardıcıl xarakter daşıyır. Onlar üçün qanunvericilikdə nəzərdə tutulmuş imtiyaz və müavinətlərin icrası təmin olunur, bu istiqamətdə yeni sosial dəstək proqramları həyata keçirilir. Prezident İlham Əliyev bütün dövlət qurumları qarşısında bu həssas təbəqəyə aid olan insanların problemlərinin həllini bir nömrəli vəzifə kimi müəyyən edib. Şəhid ailələrinin və müharibə əlillərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onlara fərdi evlərin, mənzillərin verilməsi və digər bir sıra istiqamətlərdə çox mühüm addımlar atılmış və davam edir.
Bu günlərdə ölkə başçısı İlham Əliyev “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” 2021-ci il 25 yanvar tarixli Sərəncamda dəyişiklik edilməsi barədə Sərəncam imzalayıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, dəyişiklik 2014-cü il yanvarın 1-dən 2023-cü il yanvarın 1-dək yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış şəhid ailələrinin və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi ((o cümlədən hərbi xidmət vəzifələrinin (xidməti vəzifələrin) yerinə yetirilməsi) ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün Sərəncamda qeyd edilən 2021-2025-ci illər dövrü 2021-2030-cu illər olaraq müəyyən edilib. Hər il dövlət büdcəsinin tərtibi prosesində dövlət əsaslı vəsait qoyuluşunda (investisiya xərclərində) bununla bağlı vəsait də nəzərdə tutulacaq. Qeyd edək ki, mühüm sosial proqramlardan biri olan şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzillə təminatı proqramı tarixi möhtəşəm Zəfərlə başa çatan Vətən müharibəsindən sonra 5 dəfə genişlənib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən onlara postmüharibə dövründə 6,8 min, ümumən ötən dövrdə 16 min mənzil və fərdi ev təqdim edilib, bu il isə daha 1000 mənzil verilməsi nəzərdə tutulub.
Ölkənin iqtisadi gücü artdıqca bu kateqoriyadan olan şəxslərə ödənilən müavinətlərin, sosial ödənişlərin də məbləği artırılır. Bununla bağlı dövlət başçısı tərəfindən son illər ərzində bir neçə dəfə müvafiq sərəncamlar imzalanıb. Prezident İlham Əliyevin imzaladığı həmin sərəncamlara əsasən şəhid ailələrinə, qazilərə və əhalinin digər həssas qruplarına aid insanlara verilən təqaüdlərin həcmi artırılıb. Prezident İlham Əliyev tərəfindən şəhid ailəsi üçün Prezident təqaüdünün məbləğinin artırılması və “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Fərmanda da dəyişiklik edilməsi bu baxımdan önəmlidir. Sənədə əsasən şəhid ailəsi üçün Azərbaycan Prezidentinin təqaüdünün aylıq məbləği 2023-cü il yanvarın 1-dən 500 manatdan 600 manata qaldırılıb. Həmçinin dövlət başçısının “20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Fərmanına əsasən 20 Yanvar şəhidinin ailəsi üçün Azərbaycan Prezidentinin təqaüdünün aylıq məbləği 2023-cü il yanvarın 1-dən 600 manat müəyyənləşdirilib.
Qazi və şəhid ailələri haqqında danışarkən, əlbəttə ki, dövlət başçısının 8 dekabr 2020-ci il tarixində “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun yaradılması haqqında” Fərmanı ilə “YAŞAT” Fondunun təsis edilməsini də qeyd etməliyik. Ötən müddətdə “YAŞAT” Fonduna toplanan vəsait hesabına şəhid ailəsi üzvlərinin və yaralıların məişət şəraiti yaxşılaşdırılıb, təhsil haqqı ödənib, istehlak kreditləri və tibb xidmətlərinin ödənilməsinə vəsait ayrılıb. Eyni zamanda, Vətən müharibəsi qaziləri müayinə, müalicə və reabilitasiya üçün Türkiyəyə göndərilib. Hazırda fəaliyyətdə olan və Prezident İlham Əliyevin imzaladığı 27 oktyabr 2021-ci il tarixli Fərmanla yaradılmış “Zəfər” altsisteminə aidiyyəti qurumlar tərəfindən şəhid və şəhid ailəsi, müharibə veteranı statusu almış şəxslərə, müharibə əlillərinə dair məlumatlar daxil edilir. Bu altsistemə artıq 200 mindən çox şəxsə aid məlumatlar daxil edilib. “Zəfər” altsistemi dövlət orqanlarına və özəl qurumlara şəhid ailələri və qazilərə sosial dəstəyin təmin edilməsi işlərində daha operativ, sistemli, məqsədəuyğun tədbirlərin görülməsi üçün çevik məlumat mübadiləsi imkanı yaradıb. Keçən müddət ərzində müharibə veteranlarına Prezidentin aylıq təqaüdünün operativ şəkildə təyinatı prosesində də "Zəfər" altsistemi önəmli rol oynayıb.
Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə və Milli Qəhrəmanlara verilən Prezident təqaüdünün məbləği də artırılıb, Vətən Müharibəsi Qəhrəmanı təqaüdü təsis edilib. 1991-1997-ci illərdə ölkəmizin ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar hərbi xidmətdə olarkən xəsarət alması nəticəsində əlilliyi müəyyən edilmiş şəxslərə və onların ailə üzvlərinə birdəfəlik ödəmələrin verilməsi haqqında 2021-ci il dekabrın 23-də Fərman da imzalanıb. Həmin Fərmana əsasən, birinci dərəcə əlilliyə görə 8800, ikinci dərəcə əlilliyə görə 6600, üçüncü dərəcə əlilliyə görə 4400 manat birdəfəlik yardımlar müəyyən olunub. “YAŞAT” Fondu tərəfindən də həmin müqabildən olan ailələr daim diqqətdə saxlanılır. Ailələrə baş çəkilir, lazımi dəstək tədbirləri həyata keçirilir. Dövlət başçısının 2021-ci il 29 dekabr tarixli Sərəncamının icrası olaraq 44 günlük Vətən müharibəsində iştirak edən şəxslərə "Müharibə veteranı" adı verilərək onlara Prezidentin aylıq təqaüdü təyin edildi ki, bu da daha bir sosial dəstək proqramı kimi ictimaiyyət tərəfindən rəğbətlə qarşılanmışdı.
Qazilərin sağlamlıqlarına diqqət göstərmək, onların problemlərinin həllinə dəstək olmaq təkcə ayrı-ayrı qurumların yox, hər bir azərbaycanlının vətəndaşlıq borcudur. Uzun illərin işğalına son qoymaq yolunda od-alov içinə atılan, gözünü qırpmadan canını-qanını torpağının azadlığı uğrunda fəda edən qəhrəman Vətən oğulları ən böyük diqqət və qayğıya layiqdirlər.
Sevinc Azadi, “İki sahil”