Qardaş ölkə peşəkar hərbi manevrləri ilə sübut etdi ki, bölgənin söz sahibidir
Daha bir müharibə ocağı Cənubi Asiyada alovlandı. Bu dəfə əbədi münaqişədə olan Hindistanla Pakistan arasında ciddi döyüşlərin başlandığına dünya da şahidlik etdi. Burada beynəlxalq aləmi narahat edən məsələ hər iki ölkənin nüvə silahına sahib olmasıdır. Bu isə o deməkdir ki, əgər müharibə nüvə silahından istifadəyə kimi davam edərsə bu, əsl bəşəri fəlakətə çevrilə bilə. Hər iki nüvə dövlətinin savaşında artıq tərəflər də məlumdur. Belə ki, əgər Hindistanı Rusiya, ABŞ və Fransa dəstəkləyirlərsə, qardaş və dost Pakistanı isə Türkiyə, Çin, Azərbaycan və digər türkdilli dövlətlər dəstəkləyirlər.
Hindistanla- Pakistan arasındakı toqquşmada Pakistanın hərbi gücü də beynəlxalq aləmdə yüksək dəyərləndirildi. Belə ki, Pakistan Hərbi Hava Qüvvələrinin həyata keçirdiyi yüksək səviyyəli cavab əməliyyatları təkcə Hindistanın hərbi müdafiə qabiliyyətinə deyil, həm də onun regionda liderlik iddialarına zərbə vurdu. Xüsusilə Hindistanın Fransadan baha qiymətə satın aldığı «Rafale» qırıcılarının sərrast zərbələrlə düşürülməsi həm Fransanın, həm də onun müttəfiqinin hərbi və siyasi nüfuzuna kölgə saldı.
Pakistan Milli Müdafiə Nazirliyinin məlumatına görə, sözügedən döyüşlərdə bir neçə «Rafale» təyyarəsi məhv edilib. Hətta bu itkilər barədə Fransa rəsmiləri də məlumat verib. Digər önəmli məqam isə odur ki, Hindistanın Rusiyadan aldığı Su-30MKI və MiG-29K tipli iki təyyarəsini də Pakistan qırıcıları elə səmada məhv edib. Bundan başqa, Hindistana məxsus 77 pilotsuz uçuş aparatı Pakistan silahlı qüvvələri tərəfindən zərərsizləşdirilib.
Bu döyüşlərdən sonra Hindistanda əhali arasında ciddi ruh düşkünlüyü yaşanıb. Hətta Hindistanın bəzi hərbi mövqelərində ağ bayraqların qaldırılması bu ölkənin məğlub olması kimi də dəyərləndirildi. O cümlədən beynəlxalq hərbi ekspertləri də təəcəcübləndirirdi ki, nə üçün Hindistanın ən müasir və bahalı hərbi texnikaları real savaş meydanında bu qədər aciz duruma düşdü? Sonrakı dövrdə ekspertlər bu qənaətə gəldilər ki, ən müasir silahlar hələ də hər şeyi həll etmir. Əvəzində, taktiki çeviklik, elektron müharibə vasitələrindən ustalıqla istifadə və düşmənin zəif cəhətlərini öncədən məyyən etmək hərbdə əsas məsələdir. Məhz Pakistan ordusu bunu vaxtında və dəqiqliklə yerinə yetirməyi bacardı.
Burada bir məsələni də xüsusi vurğulamaq lazımdır ki, 2021-ci ildə Türkiyədə keçirilmiş «Anatolian Eagle» beynəlxalq təlimləri zamanı pakistanlı və türkiyəli pilotlar Fransanın Qətərə satdığı «Rafale» təyyarələrinin döyüş və təlim manevralarını araşdıraraq onların zəif nöqtələrini hərtərəfli öyrənmişdilər. Məhz bu araşdırma sözügedən döyüşlərdə öz müsbət nəticəsini göstərdi.
Eyni zamanda, Pakistan silahlı qüvvələrindəki müasir hərbi təyyaralərin də döyüş bacarığı yüksək qiymətləndirilir. Mayın 7-dəki döyüşlərdə Pakistanda istehsal edilən və Çin raketləri ilə silahlandırılmış JF-17 Block 3 təyyarələri əsl hərbi möcüzə göstərdilər. Həmçinin PL-15E tipli raketlər, fransız silah sistemlərini geridə qoyaraq, yüksək dəqiqlik və uzaq məsafədən zərbə imkanları ilə diqqət çəkdi.
Qeyd edək ki, savaşın dayandırılması təşəbbüsü ilə ilk çıxış edən də Hindistan rəhbərliyi oldu. Hətta Hindistanın siyasi elitası hərbi döyüşlərin davam etdirilməsini istəsələr də ölkənin müdafiə naziri onlara bildirmişdi ki, bu döyüşlər sizin üçün Bollivud filmləri deyil, əsl döyüş meydanıdır. Ona görə də düşünülməmiş addımlar daha ciddi nəticələrə səbəb ola bilər.
Bütün bunlar bir daha göstərir ki, hazırkı durum Hindistan üçün yalnız texniki deyil, həm də strateji məğlubiyyətin anonsudur. Çünki Hindistanın son 20 ildə on milyardlarla dollara aldığı və istehsal etdiyi silahlar qardaş və dost Pakistanın ordusu tərəfindən darmadağın edilməklə onlara göz dağı verdi.
Xüsusilə bu döyüyşlərdən sonra Paksitan xalqının həm ordusuna, həm də dövlətinə olan güvəni daha da artdı. Məsələn, ölkənin Baş naziri Şahbaz Şərif parlamentdəki çıxışında bu əməliyyatı dövlətin və millətin milli qüruru adlandırdı. Baş nazirin sözlərinə görə, Hindistan tərəfi əməliyyatlarda 80 döyüş təyyarəsi və müxtəlif növ dronlar işlətsə də, Pakistanın cavab zərbəsi Hindistan komandanlığı üçün tam bir şok effekti yaratdı. Sosial mediada yayılan real görüntülər də Hindistana hərbi zəifliyini qəbul etdirdi..
Sözügedən döyüşlə Cənubi Asiyada hərbi və geosiyasi balansın Pakistanın xeyrinə dəyişməsi Azərbaycan xalqının və dövlətinin də qələbəsi kimi qəbul edilir. Həmçinin qardaş Türkiyə döyüşün başlandığı andan Pakstana hərtərəfli dəstək verəcəyini də birmənalı şəkildə bəyan etdi. Çünki Pakistan türk dünyasının dost və qardaş ölkəsidir. Xüsusilə İkinci Qarabağ müharibəsində ölkəmizə mənəvi və siyasi dəstəyini əsirgəmədi.
Elçin Zaman, «İki sahil»