İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən infrastruktur layihələri, iqtisadi inkişaf proqramları və sosial reabilitasiya tədbirləri bölgənin sürətli dirçəlişini təmin edir. Bu proses həm də Azərbaycanın beynəlxalq nüfuzunun artmasına və regional əməkdaşlığın güclənməsinə töhfə verir.
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev İki sahil TV-yə müsahibəsində Qarabağda həyata keçirilən bərpa və inkişaf işlərinin əhəmiyyətindən danışaraq, qarşıya qoyulan məqsədlər və gələcək perspektivlər barədə ətraflı məlumat verdi.
- Tahir müəllim, Ağdam Muğam Mərkəzinin açılışını və Prezident İlham Əliyevin çıxışını, ümumilikdə Qarabağın dirçəlişini və milli ruhun təntənəsi kimi necə dəyərləndirirsiniz?
- Ağdam Muğam Mərkəzinin açılışı Qarabağın dirçəlişi baxımından mühüm əhəmiyyət kəsb edir. Bu Mərkəzin inşası Azərbaycanın zəngin mədəni irsinin, xüsusilə muğam sənətinin qorunması və inkişaf etdirilməsi istiqamətində atılmış mühüm addımlardan biridir. Ağdam Muğam Mərkəzinin açılışı və Prezident İlham Əliyevin çıxışı Qarabağın mədəni dirçəlişi və milli ruhun təntənəsi baxımından əlamətdar bir hadisədir. Bu, Azərbaycan mədəniyyətinin və milli kimliyin qorunması və inkişafı istiqamətində atılmış mühüm addımdır.
Prezident İlham Əliyev çıxışında vurğuladığı kimi: “Buraya gələrkən yeddi il əvvəl Quzanlı qəsəbəsində Muğam Mərkəzinin açılışını xatırlayırdım. O vaxt Ağdam şəhəri və rayonun böyük hissəsi işğal altında olduğu üçün biz Quzanlı qəsəbəsini Ağdam rayonunun mərkəzi elan etdik, orada mənim iştirakımla Muğam Mərkəzinin təməli qoyuldu və 2018-ci ilin noyabr ayında açılışı oldu. Mən orada incəsənət xadimləri ilə görüş əsnasında demişdim ki, biz ədalət tələb edirik. Demişdim ki, əgər Ermənistan bizim torpaqlarımızdan öz xoşu ilə çıxmasa, biz istənilən varianta hazırıq. Ermənistan rəhbərliyi buna məhəl qoymadı. Onlara dəstək olan dairələr onlara pis məsləhət verdilər və Azərbaycan xalqı haqqında yanlış təsəvvür yaradılmışdı. İndi onlar peşmandırlar.” Muğam Mərkəzinin açılışının məhz 10 May-da baş tutması Ulu Öndər Heydər Əliyevin mədəniyyətə verdiyi dəyərin və Onun bu sahədəki xidmətlərinin əbədiləşdirilməsi məqsədini daşıyır. Bu tarix seçimi həm də Onun mədəniyyət siyasətinin davam etdirildiyini və gələcək nəsillərə ötürüldüyünü göstərir. Bu cür tarixi yaddaşa hörmətin təzahürü olan qərarlar Azərbaycanın mədəniyyət sahəsindəki inkişafını və milli dəyərlərinə olan bağlılığını nümayiş etdirir.
- Ağdam-Xankəndi-Şuşa dəmir yolunun və yeni avtomobil yollarının inşası bölgənin iqtisadi potensialını necə dəyişəcək? Bu layihələrin həm strateji, həm də sosial təsirlərini necə qiymətləndirirsiniz?
- Ağdam-Xankəndi-Şuşa dəmir yolu və yeni avtomobil yollarının inşası Qarabağ bölgəsinin iqtisadi və sosial inkişafında mühüm rol oynayacaq. İqtisadi baxımdan bu nəqliyyat layihələri bölgənin ticarət və logistika imkanlarını genişləndirəcək. Yolların inşası məhsulların daşınmasını sürətləndirəcək və xərcləri azaldacaq, bu da yerli istehsalın rəqabət qabiliyyətini artıracaq və bölgənin iqtisadi canlanmasına təkan verəcək. Eyni zamanda, yaxşılaşdırılmış infrastruktur yerli və xarici investorlar üçün bölgəni daha cəlbedici edəcək, bu da sənaye, kənd təsərrüfatı və turizm sektorlarında yeni layihələrin həyata keçirilməsinə şərait yaradacaq. İnfrastruktur layihələri tikinti və xidmət sektorlarında yeni iş yerlərinin yaradılmasına səbəb olacaq. Bu da bölgədə işsizliyin azalmasına kömək edəcək. Dövlət başçımızın vurğuladığı kimi, Bakıdan, Gəncədən, digər bölgələrdən Ağdama rahat gəlmək üçün indi gözəl imkanlar var: “Eyni zamanda, biz Ağdam-Xankəndi dəmir yolunun bərpası istiqamətində işlərə başlamışıq və yəqin ki, bir il yarım, maksimum iki il ərzində Xankəndi şəhərində vağzal kompleksi tikiləcək. Bildiyiniz kimi, artıq Xankəndidə Qarabağ Universiteti fəaliyyət göstərir, 8 mindən çox insan yaşayır və eyni zamanda, Xankəndidən, həmin o vağzal kompleksindən Şuşaya gedən yol qısalır. O yolu da biz qısaldırıq. Həm genişləndiririk, həm qısaldırıq ki, maksimum 10 dəqiqə ərzində Xankəndidən Şuşaya gəlmək mümkün olsun. Bir fikrimiz də var. Onu ilk dəfə mən ictimaiyyətlə bölüşürəm. Biz Şuşanı Xankəndi ilə birləşdirən “Kanat yolu” layihəsi üzərində işləyirik. Onu da bildirməliyəm ki, Laçın şəhərində kanat yolunun tikintisinə yəqin ki, bu il başlanılacaq. Kəlbəcərdə də belə layihə var. Yəni ki, bu, həm turizm baxımından, həm insanların rahat gediş-gəlişi üçün çox gözəl bir vasitə olacaq.”
Sosial baxımdan yolların inşası məcburi köçkünlərin doğma torpaqlarına qayıdışını asanlaşdıracaq və onların sosial inteqrasiyasını sürətləndirəcək. Yaxşılaşdırılmış nəqliyyat infrastrukturu əhalinin təhsil və səhiyyə xidmətlərinə daha asan çıxışını təmin edəcək.
- Bütün torpaqlarda genişmiqyaslı quruculuq işləri aparılır. Sizcə, bu yenidənqurma prosesi regionda hansı iqtisadi və sosial dəyişikliklərə yol açır?
- Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı yenidənqurma prosesi regionda həm iqtisadi, həm də sosial sahələrdə əhəmiyyətli dəyişikliklərə yol açır. İqtisadi baxımdan bölgədə infrastrukturun bərpası və yeni layihələrin həyata keçirilməsi yerli və xarici investisiyaların cəlb olunmasına şərait yaradır. Bu, kənd təsərrüfatı, sənaye və turizm sektorlarının inkişafını stimullaşdırır. Məsələn, Ağdam Sənaye Parkında bir sıra müəssisələrin tikintisi planlaşdırılır ki, bu da yeni iş yerlərinin yaradılmasına və iqtisadi canlanmaya səbəb olacaq. Qeyd edim ki, parkın sahəsi 190 hektardır, ərazinin 70 faizdən çoxu artıq sahibkarların sərəncamına verilib. Yeni yaradılmasına baxmayaraq, Ağdam Sənaye Parkı qeydiyyatdan keçən müəssisələrin sayına görə Sumqayıt Kimya Sənaye Parkından sonra ikinci yerdə qərarlaşıb. Hazırda burada 27 sahibkarlıq subyekti rezident, daha 5-i isə qeyri-rezident kimi qeydiyyata alınıb. Qeydə alınan 32 layihə əsasında parka 148 milyon ABŞ dollarından çox investisiya yatırılacağı və 2100-dən çox iş yerinin yaradılması nəzərdə tutulub. İnvestorlar tərəfindən artıq 66 milyon dollar sərmayə qoyulub, əsasən Ağdam və ətraf rayonların sakinləri üçün 649 daimi iş yeri yaradılıb. Parkda fəaliyyət göstərən 9 müəssisə tərəfindən indiyədək 50 milyon dollarlıq məhsul satılıb, bu ilin birinci rübdə isə 37 milyon dollara yaxın dəyərində məhsul istehsal olunub. Ağdam Sənaye Parkında bu gün 10-dan çox yeni müəssisə tikilir, o cümlədən bir neçə yeni zavodun işə salınması planlaşdırılır. Parkda yaradılan əlverişli biznes mühiti sahibkarların əlavə texniki şərtlər əldə etmədən dövlət hesabına hazır infrastrukturdan yararlanmaqla müəyyən layihələr həyata keçirmələrinə imkan verir. Demək olar ki, rezidentlər 10 il müddətinə əmlak, torpaq və gəlir vergilərini ödəməkdən, habelə istehsal avadanlıqları və mexanizmləri idxal edərkən ƏDV və gömrük rüsumlarını ödəməkdən azaddırlar. Yenidənqurma işləri əhalinin doğma torpaqlarına qayıdışını sürətləndirir və onların sosial inteqrasiyasını asanlaşdırır. Yeni yaşayış kompleksləri, məktəblər, xəstəxanalar və digər sosial obyektlərin tikintisi, əhalinin həyat şəraitinin və rifahının yaxşılaşdırılmasına xidmət edir. Həmçinin bölgədə alternativ enerji mənbələrinin istifadəsi və "Yaşıl enerji zonası" konsepsiyasının tətbiqi ekoloji cəhətdən təmiz və dayanıqlı inkişafın təmin olunmasına yönəlib. Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri regionun iqtisadi və sosial inkişafını təmin etməklə yanaşı, Azərbaycanın ümumi inkişaf strategiyasına da mühüm töhfə verir.
- Qarabağ və Şərqi Zəngəzur artıq Azərbaycanın yeni turizm brendi kimi formalaşır. Bu bölgələrin beynəlxalq turizm bazarında tanıdılması və rəqabət qabiliyyətinin artırılması üçün hansı addımlar atılmalıdır?
- Qarabağ və Şərqi Zəngəzur bölgələrinin turizm potensialı olduqca yüksəkdir və bu ərazilər Azərbaycanın əsas turizm mərkəzlərindən birinə çevrilmək üçün geniş imkanlara malikdir. Məsələn, Kəlbəcər və Laçın rayonları mineral-termal bulaqları ilə sağlamlıq turizmi üçün əhəmiyyətli imkanlara malikdir. Şuşa şəhəri isə mədəniyyət beşiyi olaraq mədəni-tarixi turizmin inkişafı üçün böyük potensiala sahibdir. Bundan əlavə, bölgənin təbii gözəllikləri ekoturizm, dağ turizmi və qış turizmi kimi sahələrin inkişafına şərait yaradır. Dövlət tərəfindən bu istiqamətdə mühüm addımlar atılır. Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən işğaldan azad edilmiş ərazilərin turizm inkişaf strategiyası və konsepsiyası hazırlanmışdır. Bu sənədlər çərçivəsində turizm və rekreasiya zonalarının yaradılması, sağlamlıq və qış turizmi resurslarının layihələndirilməsi və digər tədbirlərin icrası nəzərdə tutulmuşdur. Qısa bir müddət ərzində Molla Pənah Vaqifin məqbərəsi, Vaqifin büstü yenidən açıldı, Üzeyir Hacıbəylinin abidəsi yenidən qoyuldu, onun dağıdılmış evinin bərpasına başlanıldı, Bülbülün ev muzeyinin açılışı baş tutdu, Natəvan bulağı bərpa edildi. Ermənilər tərəfindən gülləbaran edilmiş dahi şəxsiyyətlərimizin-Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün büstləri Prezident İlham Əliyevin göstərişi ilə gətirildi və mərkəzi meydanda qoyuldu. Üç məsciddə təmir-bərpa işləri başlandı, Vaqif Poeziya günləri və "Xarıbülbül" festivalı da bərpa olundu. Bütün bu mədəni fəaliyyətin bərpasında Heydər Əliyev Fondunun rolu danılmazdır.
- İşğaldan azad edilmiş ərazilərdə “ağıllı kənd” və “ağıllı şəhər” layihələri həyata keçirilir. Bu texnoloji yanaşmalar bölgənin gələcəyini necə dəyişəcək?
- Azərbaycanda “ağıllı kənd” və “ağıllı şəhər” konsepsiyasının tətbiqi ilə bağlı araşdırma aparılması və pilot layihə həyata keçirilməsi imkanlarının müəyyən edilməsi Prezident İlham Əliyevin 2020-ci il 27 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”da öz əksini tapıb. Prezident İlham Əliyev 2021-ci il aprelin 19-da “Ağıllı şəhər” (Smart City) və “Ağıllı kənd” (Smart Village) konsepsiyasının hazırlanması haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasının “Ağıllı şəhər” (Smart City) və “Ağıllı kənd” (Smart Village) konsepsiyasının hazırlanması ilə əlaqədar İşçi qrup yaradılıb. Prezident İlham Əliyev bununla bağlı bildirib ki, azad edilmiş ərazilərdə şəhərlər və kəndlər “smart-city”, “smart-village”, - yəni, “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası əsasında qurulmalıdır.
Erməni işğalçılarından azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bu gün planlı şəkildə, “yaşıl enerji”, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyası əsasında yenidən qurulur. Dövlət artıq bu istiqamətdə konkret addımlar atır, nəhəng quruculuq və yenidənqurma işləri həyata keçirir. Zəngilan rayonunun Ağalı kəndində müasir şəhərsalma standartları tətbiq olunub, “Ağıllı kənd” konsepsiyasının hər üç komponenti - ağıllı dövlət idarəçiliyi, ağıllı infrastruktur və xidmətlər, eyni zamanda, ağıllı təsərrüfat və biznes mühiti yaradılıb.
Şəmsiyyə Əliqızı,
Səbinə Qorxmaz, “İki sahil”