Səhiyyə Nazirliyi 65 yaşına çatmış insanların fəaliyyət müddətini mütəmadi olaraq uzadır.
“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin mayın 15-də keçirilən iclasında səhiyyə naziri Teymur Musayev deyib.
Nazir 65 yaşına çatmış insanların sertifikasiyaya cəlb olunub-olunmaması ilə bağlı suallara cavabında bildirib: “Biz mütəmadi olaraq onların fəaliyyət müddətini uzadırıq. Onlara böyük hörmətlə yanaşırıq. Tibb sahəsi təkcə bilik və bacarıq deyil, eyni zamanda, təcrübə əsasında formalaşır. Həmin insanların sertifikasiyaya cəlb olunması onların əqli fəaliyyətinin də qiymətləndirilməsini nəzərdə tutur. Bəzi ölkələrdə 70 yaşdan yuxarı tibb işçiləri üçün xüsusi komissiyalar yaradılır. Həmin şəxslər hər il bu komissiyadan keçərək əqli və koqnitiv fəaliyyətləri normaldırsa, öz peşələri üzrə fəaliyyətlərini davam etdirməyə icazə alırlar. Bu, gələcəyin məsələsidir. Səhiyyə Nazirliyi tərəfindən bu istiqamətdə də addımlar atılır”.