23 may 2025 03:01
139

Kanak xalqının neokoloniolizmlə mübarizəsi davam edir

Fransa kolonial əsarətdən yaxa qurtarmağa çalışan xalqların müstəqillik tələblərini qan içində boğmağa çalışır

Fransa hökumətinin Yeni Kaledoniyada həyata keçirdiyi repressiyalar, basqılar, kanak xalqının başına gətirdiyi faciələr dünyaya məlumdur. Fransa müstəmləkəçilik siyasətini davam etdirmək üçün olduqca məkrli, irticaçı addımlar atır. Burada söhbət təkcə iqtisadi, siyasi məsələlərdən getmir, eyni zamanda, hərbi amillərin işə düşməsindən, polis rejiminin gücləndirilməsindən gedir ki, bu da orada insanların kütləvi şəkildə öldürülməsi, repressiyalara məruz qalması deməkdir. Bu ilin may ayında Yeni Kaledoniyanın Kanaki ilə Həmrəylik Kollektivi (fr. Collectif Solidarité Kanaky) Fransaya zorla deportasiya edilmiş kanak siyasi və digər məhbuslarının vəziyyəti ilə əlaqədar hesabat dərc edib. Kanaki ilə Həmrəylik Kollektivinin (KHK) hesabatı ötən ilin iyun ayından bu ilin may ayına qədər dövrü əhatə edir - siyasi və digər məhbusların qeydiyyatını aparmaq, vəziyyətini izləmək, onlara və onların ailə üzvlərinə müvafiq yardımın göstərilməsi sənəddə öz əksini tapıb. Hesabatda Fransanın insan hüquq və azadlıqlarına qarşı repressiv münasibətindən bəhs edilib.

Bəlli olduğu kimi, Kanak və Sosialist Milli Azadlıq Cəbhəsinin (FLNKS) sədri Kristian Tein daxil Yerlərdə fəaliyyətin koordinasiyası Bölməsinin (CCAT) yeddi üzvü 2024-cü il iyunun 22-də Fransaya deportasiya olunub. Kanakinin "Camp Est" həbsxanasında saxlanılan məhbuslar da Fransaya deportasiya olunublar. Sənəddə, həmçinin bildirilir ki, yerli kanak xalqına qarşı bütün sahələrdə irqçilikdən tutmuş sosial bərabərsizlik siyasəti aparılır. Məsələn, Kanakidə sistemləşdirilmiş irqçilik nəinki məktəblərdə, iş yerlərində (o cümlədən vəzifəyə təyinat zamanı), sosial yardımların alınmasında və nəqliyyatda öz əksini tapır, o, eyni zamanda həbsxanalarda da geniş şəkildə tətbiq edilir. Belə ki, Kanakidə həbsxanada saxlanılan şəxslərin 90 faizi yerli kanaklardır, yerdə qalan 10 faizi isə Okeaniya adalarından olan şəxslərdir. Hesabatda qeyd olunur ki, Yeni Kaledoniyada müstəmləkəçiliyin ilk illərində katorqa kimi fəaliyyət göstərmiş, daha sonra isə həbsxanaya çevrilmiş "Camp Est"də saxlanma şəraiti dözülməzdir. 2024-cü ilin may ayında məhbusların sayı "Camp Est"in qəbul etmə potensialından 150 faiz çox idi. İki nəfər üçün nəzərdə tutulan otaqlarda bir çox hallarda beş nəfər qalır, 180-ə yaxın şəxs heç bir şəraiti olmayan otaqlarda, yerdə qərarlaşıb.

Xatırladaq ki, ötən ilin may ayında Kanakidə baş vermiş iğtişaşlardan sonra vəziyyət daha da pisləşib və məhbuslara qarşı repressiyalar çoxalıb - məhbusların qidalanmasına məhdudiyyətlər tətbiq olunmağa başlanıb, penitensiar xidmətin əməkdaşları tərəfindən fiziki zorakılıq tətbiq edilir, işgəncələr törədilir və s. Zorakı aktlar nəticəsində bir nəfər vəfat edib. Rəsmi Paris 2024-cü ilin may ayında Kanakidə baş vermiş iğtişaşlardan sonra qeyri-şəffaf şəkildə müstəqillik uğurunda mübarizə aparan yeddi şəxsi, habelə 69 kanak məhbusunu Fransaya deportasiya edib. Həmin deportasiyalar zamanı fransız rəsmi orqanları tərəfindən məhbusların ailələrinə və onları müdafiə edən vəkillərə heç bir məlumat verilməyib.

Bu arada Prezident Makron Sakit okeanda yerləşən keçmiş müstəmləkələrinə uğursuz səfərindən sonra Yeni Kaledoniyaya dənizaşırı ərazilər naziri Manuel Vallsı göndərib. Makron ümid edirdi ki, nazirini bu səfərə göndərməklə adanın gələcək statusu ilə bağlı danışıqları intensivləşdirməyə, yerli siyasi qüvvələr arasında konsensus yaratmaq və potensial razılaşmaya zəmin hazırlaya biləcək. Lakin onun gözləntilərinin əksi baş verib. Bu ayın əvvəlində adada baş tutan bir neçə mərhələli danışıqlarda Fransa yalnız “simvolik tanınma” və “praktik güzəştlər” təklif edib, bunlar isə kanak xalqının əsas tələblərinə cavab vermir.

Bir mühüm məqamı da vurğulayaq ki, Azərbaycan müstəmləkə əleyhinə beynəlxalq hərəkatlar çərçivəsində daim prinsipial mövqe nümayiş etdirib. Xüsusilə Qoşulmama Hərəkatına sədrliyi dövründə Fransanın müstəmləkə siyasətinə qarşı sərt mövqe tutaraq kanak xalqının azadlıq mübarizəsini dəstəkləyən bəyanatlar verilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan müstəmləkəçilik siyasətinin acı nəticələrini yaşayan xalqların müdafiəsində daim ön cərgələrdə olub. Azərbaycan Prezidenti müxtəlif beynəlxalq platformalarda Fransanın müstəmləkə siyasətini açıq şəkildə tənqid edib. Ölkə başçısı Qoşulmama Hərəkatına üzv dövlətlərin hüquqlarını müdafiə edərkən xüsusilə Fransa kimi ölkələrin tarixi müstəmləkə cinayətlərini açıq şəkildə ortaya qoyub. Prezident İlham Əliyev müstəmləkə altında əzilən xalqların hüquqlarının bərpasının zəruriliyini vurğulayıb və Fransa tərəfindən törədilən insan haqları pozuntularını tənqid edib. Bu baxımdan Bakı Təşəbbüs Qrupu (BTQ) Azərbaycanın müstəmləkəçiliklə mübarizə aparan xalqların yanında olmaq və onların hüquqlarını beynəlxalq səviyyədə müdafiə etmək məqsədilə yaradılmış bir platformadır. Bu qrup beynəlxalq müstəvidə xüsusilə Qoşulmama Hərəkatı çərçivəsində aktiv olan ölkələrin birliyi ilə bəşəri ədalət və azadlıq uğrunda mübarizələri dəstəkləmək üçün fəaliyyət göstərir. Bakı Təşəbbüs Qrupu bu mənada Fransanın Yeni Kaledoniyada həyata keçirdiyi müstəmləkəçilik siyasətinə qarşı çıxan və azadlıq uğrunda mübarizə aparan kanak xalqının yanında yer alıb. Bakı Təşəbbüs Qrupu kanak xalqının azadlıq hərəkatını beynəlxalq diqqət mərkəzinə çəkmək və onların səsinə səs vermək məqsədilə bir sıra tədbirlər həyata keçirir. BTQ beynəlxalq forumlar və konfranslar təşkil edərək müstəmləkə əleyhinə hərəkatlara və kanak xalqının azadlıq mübarizəsinə dəstək göstərir. Bu tədbirlər vasitəsilə Yeni Kaledoniya xalqının səsi qlobal arenada daha geniş eşidilir. Qrup müxtəlif beynəlxalq hüquq sənədlərinin hazırlanmasında iştirak edərək müstəmləkə vəziyyətində olan xalqların hüquqlarını qoruyan maddələrin bura daxil edilməsinə çalışır. Bununla yanaşı, Fransanın neokolonializm siyasətini ifşa edən sənədlərin yayılmasına dəstək verir. Ötən il mayın 14-də Bakı Təşəbbüs Qrupu və Fransanın son koloniyaları olan Kanaki (Yeni Kaledoniya), Maohi Nui (Fransız Polineziyası), Fransız Qvianası, Martinika, Qvadelupa və Korsikada müstəqillik uğrunda mübarizə aparan 14 siyasi hərəkat birgə bəyanat yayıb. Bəyanatda Fransa hökumətinin Yeni Kaledoniyada seçki kütləsinin genişləndirilməsinin lehinə qanunsuz dəyişikliyin zorla tətbiq edilməsi pislənilib, müstəqillik uğrunda ədalətli mübarizəsində kanak xalqına tam dəstək ifadə olunub. Bu isə ölkəmizin müstəmləkə xalqlarının azadlıq mübarizəsinə qətiyyətli dəstəyini nümayiş etdirir.

Sevinc Azadi, “İki sahil”