23 may 2025 01:58
118

Qarabağ və Şərqi Zəngəzur: Baş quruculuq meydanı

İşğaldan azad olunmuş ərazilərə cari ilin birinci rübündə 738 milyon manat investisiya yatırılıb

Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbə təkcə torpaqlarımızın azad edilməsi ilə nəticələnmədi, eyni zamanda, həmin ərazilərdə sosial-iqtisadi dirçəlişə yol açdı. Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və quruculuq işləri ölkəmizin ən böyük yenidənqurma proqramına çevrilib. Hazırda bu ərazilərdə paralel olaraq şəhərsalma, infrastrukturun yenidən qurulması, enerji layihələrinin həyata keçirilməsi, mədəni və dini irsin bərpası, əhalinin qayıdışı istiqamətində sistemli işlər aparılır.

Azərbaycan hökuməti bu prosesi tamamilə öz büdcəsi hesabına maliyyələşdirir və beynəlxalq təşkilatlardan asılı olmadan işğaldan azad olunmuş əraziləri dirçəltməyə nail olur. 2025-ci ilin ilk üç ayı ərzində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa və infrastruktur layihələrinə 738 milyon 383 min manat investisiya yatırılıb. Bu vəsaitin 727 milyon 996 min manatı tikinti-quraşdırma işlərinə sərf olunub. Qarabağ iqtisadi rayonu üzrə investisiya həcmi 316 milyon 950 min manat təşkil edib, bunun 310 milyon 815 min manatı tikinti-quraşdırma işlərinə yönəldilib. Şərqi Zəngəzur iqtisadi rayonuna isə cari ilin ilk rübündə 421 milyon 432 min manat investisiya yönəldilib. Bunun 417 milyon 180 min manatı tikinti-quraşdırma işlərinə sərf olunub. Zəngilan rayonunda Ağalı kəndi “ağıllı kənd” modeli üzrə yenidən qurulub və ilk köçlər də həyata keçirilib. Bu kənddə müasir texnologiyalar tətbiq edilir, enerji, su, rabitə və sosial xidmətlər tamamilə rəqəmsallaşdırılıb. Bu model digər kəndlər üçün də nümunə rolunu oynayır.

Azərbaycan hökumətinin maliyyə dəstəyi ilə işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və infrastruktur layihələrinin uğurlu icrasının nəticələri getdikcə daha aydın görünür. Müasir texnologiyaların tətbiqi ilə enerji, su, rabitə və sosial xidmətlərin tam rəqəmsallaşdırıldığı Ağalı kəndi, həmçinin digər kəndlərin inkişafına stimul verir. Bu uğurlu təcrübə işğaldan azad olunmuş digər rayonlarda da genişlənir. Kəlbəcər və Laçında dağlıq relyefə baxmayaraq, yol infrastrukturu sürətlə genişləndirilir, hidroenerji potensialından səmərəli istifadə olunaraq yeni elektrik stansiyaları inşa edilir. Kəlbəcərin zəngin bulaqları, təbii ehtiyatları və mədən sahələri iqtisadi dövriyyəyə cəlb olunmaqla regionun dayanıqlı inkişafına xidmət edir. Laçında isə yeni inzibati binalar, məktəblər, səhiyyə müəssisələri və turizm-mədəniyyət obyektləri bərpa edilərək bölgənin sosial və iqtisadi həyatına canlanma gətirilir. Bütün bu tədbirlər işğaldan azad olunmuş ərazilərin iqtisadi dirçəlişini sürətləndirir və sakinlərin həyat səviyyəsinin yüksəldilməsinə mühüm töhfə verir.

İşğaldan azad olunmuş ərazilərdə sakinlərin köçürülməsi prosesi sistemli şəkildə həyata keçirilir. Əhalinin məskunlaşması regionun sosial-iqtisadi inkişafının təməlini təşkil edir və bununla da işğaldan azad olunmuş ərazilərdə davamlı yaşayış mühiti formalaşdırılır. Bütün bu proseslərlə yanaşı, bölgələrdə təhlükəsizlik tədbirləri – əsasən mina təmizlənməsi sahəsində mühüm addımlar atılır. Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən bu ərazilər mərhələli şəkildə təmizlənir. Təmizlənmiş sahələrdə dərhal quruculuq işləri aparılır, bu da prosesin ardıcıllığını təmin edir. Hər bir təmizlənmiş ərazi yeni bir layihənin başlanğıcı deməkdir. Bu, təkcə infrastruktur baxımından deyil, həm də humanitar və sosial cəhətdən əhəmiyyətlidir.

Azərbaycan dövləti bu ərazilərin bərpasında yalnız fiziki infrastrukturla kifayətlənmir. Eyni zamanda sosial-iqtisadi inkişafın təşviqi, innovasiya və yeni texnologiyaların tətbiqi, kənd təsərrüfatının modernləşdirilməsi istiqamətində də ardıcıl siyasət aparılır. Qarabağ və Şərqi Zəngəzur bölgələri kənd təsərrüfatı potensialı ilə seçilir. Xüsusilə Zəngilan, Qubadlı, Füzuli və Ağdam rayonlarında iri fermer təsərrüfatlarının yaradılması, suvarma sistemlərinin yenilənməsi, torpaqların təmizlənməsi kimi işlər regionun ərzaq təhlükəsizliyi və ixrac potensialını artıracaq.

Məşğulluq məsələsi də işğaldan azad olunmuş ərazilərdə prioritet istiqamətlərdən biridir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi həmin ərazilərə köçürülən sakinlərin məşğulluğunu təmin etmək məqsədilə aktiv proqramlar həyata keçirir. 2025-ci ilin may ayında verilən məlumata görə, artıq 4300 nəfər sakin işlə təmin edilib. Bundan əlavə, 206 nəfər peşə hazırlığı kurslarına cəlb olunub və 284 nəfər özünüməşğulluq proqramı çərçivəsində kiçik təsərrüfatlarını qurub. Hazırda daha 680 nəfərin məşğulluğu təmin olunması istiqamətində işlər davam etdirilir.

Qarabağ bölgəsi beynəlxalq investorlar üçün də cəlbedici platformaya çevrilir. Xarici şirkətlər artıq logistik, enerji və turizm sektorlarında layihələrə maraq göstərir. Bu isə regionun inteqrasiya olunmuş iqtisadi zonaya çevrilməsinə zəmin yaradır. Dövlət tərəfindən bu məqsədlə xüsusi iqtisadi zonaların yaradılması, vergi və gömrük güzəştləri, hüquqi təminatların artırılması istiqamətində addımlar atılır.

Azərbaycan hökuməti qarşıdakı illərdə işğaldan azad edilmiş ərazilərdə daha böyük miqyaslı layihələr həyata keçirməyi planlaşdırır. Bunlara Zəngəzur dəhlizinin istifadəyə verilməsi, beynəlxalq nəqliyyat-logistika şəbəkələrinin yaradılması, təhsil və tədqiqat mərkəzlərinin qurulması və beynəlxalq turizm marşrutlarının açılması daxildir. Xüsusilə Şuşa, Zəngilan və Ağdam şəhərlərinin regional mərkəzə çevrilməsi, burada beynəlxalq tədbirlərin, konfransların və sərgilərin təşkili planlaşdırılır. Onu da qeyd etmək lazımdır ki, işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq prosesi təkcə fiziki yenidənqurma deyil. Bu, eyni zamanda, xalqın mənəvi dirçəlişi, milli kimliyimizin və tarixi yaddaşımızın bərpasıdır. Qarabağ və Şərqi Zəngəzur artıq Azərbaycanın gələcəyini formalaşdıran strateji rolunu oynamaqdadır. Bu torpaqlarda həyat təkcə yenidən başlamır, həm də daha güclü, daha dayanıqlı və daha parlaq gələcəyə doğru irəliləyir.

Nigar Orucova, “İki sahil”