Türk dünyasının böyük coğrafi əhatə dairəsi və ortaq mədəni-siyasi yaddaşı son illərdə təkcə tarixi bağlılıqla deyil, həm də çağdaş geosiyasi ehtiyaclarla yenidən formalaşır. Bu baxımdan mayın 21-də Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçılarının qeyri-rəsmi Zirvə görüşü türk dünyasında yeni bir dövrün başlanğıcını simvolizə edir. Bu sammit sadəcə rəsmi protokol və ya ənənəvi görüşlərdən fərqli olaraq, türk dövlətləri arasında strateji əməkdaşlığın, qarşılıqlı anlaşmanın və inteqrasiyanın dərinləşdirilməsi baxımından önəmli məqamdır. Avropanın siyasi mərkəzlərindən birində keçirilən bu tədbir türk dünyasının qlobal geosiyasi kontekstdə daha fəal iştirakının göstəricisidir və yeni çağırışlara adekvat reaksiya vermək üçün birgə platformanın formalaşmasına xidmət edir.
Qeyri-rəsmi statusa malik olmasına baxmayaraq, Budapeşt Zirvəsi qarşıdakı rəsmi sammitlərin səmərəli və nəticəyönümlü keçirilməsi üçün zəmin yaradır, türk dünyasının gələcək strateji prioritetlərinin formalaşmasına təsir göstərir. Bu görüş, eyni zamanda, türk dövlətləri arasında inteqrasiyanın siyasi, iqtisadi, təhlükəsizlik və humanitar sahələrdə daha mütəşəkkil və effektiv quruma çevrilməsi üçün vacib addımdır.
“Bakı Xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyevin və “Bakı Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi” İctimai Birliyinin sədri Rauf Zeyninin “İki sahil”ə açıqlamalarında, bu tarixi Zirvə görüşünün müxtəlif aspektlərinə toxunulur.
Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi sammitləri artıq Azərbaycan formatı kimi tarixə düşüb
Aydın Quliyev hesab edir ki, TDT-nin qeyri-rəsmi sammitləri bu gün artıq təşkilatın tarixində Azərbaycan formatı kimi qalacaq. Ekspertin sözlərinə görə, bu təşəbbüs ilk dəfə Azərbaycan tərəfindən irəli sürülüb və məhz bu əsasda ötən il Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşü təşkilat üçün yeni bir mərhələnin başlanğıcını qoyub:
"Qeyri-rəsmi statusuna baxmayaraq, Şuşada qəbul olunan Qarabağ Bəyannaməsi təşkilatın gələcək fəaliyyət strategiyasında mühüm dönüş nöqtəsi oldu. Ənənə bu gün də Budapeştdə davam etdirilir və bu, heç şübhəsiz ki, Azərbaycanın diplomatik iradəsinin və təşəbbüskarlığının nəticəsidir".
Ekspert qeyd etdi ki, Budapeştdə Zirvə görüşünün keçirilməsi Azərbaycanın təşəbbüsü ilə mümkün olub. Macarıstanın təşkilata müşahidəçi statusu qazanmasında da Azərbaycanın rolunun həlledici olduğunu xatırladan həmsöhbətimiz, bu tədbiri Qarabağ Zirvə görüşünün məntiqi davamı kimi dəyərləndirdi. Hazırkı qlobal vəziyyətə toxunan ekspert vurğuladı ki, dünyada və xüsusilə də Avropada yeni dünya düzəninin formalaşdığı bir dövrdə Türk Dövlətləri Təşkilatının özünü aktivləşdirməsi son dərəcə zəruridir: "Budapeşt sammiti qeyri-rəsmi olsa da, qəbul edilən qərarların əhatə dairəsi və mesajlarının çəkisi baxımından qlobal diqqət mərkəzində olacaq. Bu, eyni zamanda, təşkilatın daxilində inteqrasiyanın dərinləşməsi üçün yeni bir mərhələnin başlanğıcıdır".
Həmsöhbətimiz vurğuladı ki, Türk Dövlətləri Təşkilatının gələcəkdə yalnız iqtisadi və humanitar sferada deyil, müdafiə və təhlükəsizlik sahələrində də mütəşəkkil və effektiv bir struktur kimi formalaşması strateji zərurətə çevrilib: "Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, türk dünyası bizim üçün doğma bir ailədir. Bu, təkcə siyasi mesaj deyil, Azərbaycanın uzunmüddətli inteqrasiya siyasətinin mahiyyətini ifadə edən prinsipial bir yanaşmadır."
Ekspert bildirdi ki, bu gün Azərbaycan Mərkəzi Asiyadan başlayaraq Türkiyə üzərindən Avropaya qədər uzanan böyük bir türk əməkdaşlıq xəttinin əsas dayağına çevrilib. Orta Dəhliz, Şərq-Qərb nəqliyyat marşrutu kimi strateji layihələrin həyata keçirilməsində Azərbaycan-Türkiyə tandemi və ümumilikdə türk dövlətləri arasında həmrəyliyin möhkəmləndirilməsi həlledici rol oynayır.
Sonda Aydın Quliyev əlavə etdi ki, Budapeşt sammitində müzakirə edilən məsələlər gələcəkdə rəsmi Zirvə görüşlərində daha güclü və təsirli qərarların qəbul olunmasına zəmin yaradacaq: "Xüsusilə Azərbaycanla Macarıstan arasında əməkdaşlıqda yeni mərhələnin başlanması və dost ölkənin gələcəkdə təşkilatın tamhüquqlu üzvünə çevrilməsi ehtimalı bu prosesin strateji nəticələrindən biri ola bilər".
Budapeştd Zirvə görüşü türk dünyasının Avropaya inteqrasiyasında yeni mərhələnin başlanğıcıdır
Rauf Zeyni Macarıstanda keçirilən Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünü tarixi əhəmiyyətli hadisə kimi qiymətləndirdi. Onun fikrincə, bu görüş yalnız regional deyil, qlobal siyasi kontekstdə də ciddi diqqətə layiqdir: "İlk dəfədir ki, Türk Dövlətləri Təşkilatının Zirvə toplantısı Macarıstanda – Avropanın siyasi mərkəzlərindən birində keçirilir. Bu, özü-özlüyündə çox böyük əhəmiyyət kəsb edir. Azərbaycan ictimaiyyəti bu tədbiri olduqca önəmli və tarixi bir hadisə kimi qiymətləndirir".
İctimai Birliyin sədri hesab edir ki, bu Zirvə görüşü təşkilat daxilində inteqrasiya prosesinin dərinləşdirilməsi və qarşılıqlı əməkdaşlığın yeni müstəviyə keçirilməsi baxımından önəmli rol oynayacaq. Eyni zamanda Azərbaycan Prezidenti İlham Əliyevin və digər liderlərin çıxışları təkcə türkdilli ölkələrə deyil, bütövlükdə dünya ictimaiyyətinə mühüm mesajlar çatdırdı: "Cənab Prezident İlham Əliyevin çıxışı və orada verilən mesajlar böyük tarixi əhəmiyyət daşıyır. Bu sammitdə səslənən fikirlər türk dövlətlərinin birliyini daha da möhkəmləndirməklə yanaşı, dünyaya da ciddi çağırışlar idi".
Həmsöhbətimiz qeyd edir ki, Macarıstanın türk dövlətləri ilə inteqrasiyaya marağı yeni deyil və bu prosesin başlanğıcı illər əvvələ gedib çıxır: "Macarıstan rəhbərliyi vaxtilə öz tarixi köklərinə söykənərək türk dünyası ilə inteqrasiyanı seçdi. Bu gün isə bu seçimin məntiqi nəticəsini görürük. Baş nazir Viktor Orbanın mayın 20-də mətbuata bəyanatında – istənilən çətinlik zamanı həmişə Prezident Əliyev bizim yanımızda olub ifadəsi bu əməkdaşlığın nə qədər səmimi və davamlı olduğunu bir daha sübut edir."
Sonda Rauf Zeyni bu cür zirvə görüşlərinin Türk birliyinin daha da gücləndirilməsində strateji rol oynayacağını bildirib: "Bu Zirvə görüşü təkcə bu günə deyil, gələcəyə hesablanmış bir addımdır. O, həm dövlətlərarası, həm də xalqlararası əlaqələrin möhkəmləndirilməsinə böyük töhfə verəcək”.
Nigar Orucova, “İki sahil”