28 may 2025 09:01
181

Azərbaycanın müstəqilliyi tarixi nailiyyət, hər bir vətəndaşın qürur mənbəyidir

28 May-Milli Müstəqillik Günü

Şərqin ilk demokratik, hüquqi, dünyəvi parlament respublikası mücahidlərinin müstəqillik çağırışı: «İstiqlal Bəyannaməsi»

«Milli azadlığa nail olmaq üçün milli oyanış, milli dirçəliş, milli ruhun oyanması lazımdır» söyləyən Ulu Öndər Heydər Əliyev azadlıq və istiqlaliyyətimizi xalqımızın milli sərvəti hesab edənlərin xatirəsini həmişə əziz tutub, yüksək dəyərləndirib. XX əsrin əvvəlində müstəqilliyin şirinliyini qısa müddətdə də olsa xalqımıza nəsib edən Azərbaycan Xalq Cümhuriyyəti (AXC) fədailərinin misilsiz xidmətləri sayəsində müsəlman aləmində ilk demokratik respublika kimi tanınan Azərbaycan, eyni zamanda qadınlara səsvermə hüquq qazandıran yeganə ölkə idi. Şərqdə ilk olaraq ölkəmizdə Xalq Cümhuriyyətinin yaradılması bir daha onu göstərdi ki, Azərbaycan xalqı çox istedadlı, vətənpərvər və mütərəqqi fikirlərlə formalaşan, bəşəri dəyərlərə hörmətlə yanaşan ziyalılar diyarıdır. Məhz o dövrdə dövlət quruculuğu istiqamətində ilkin addımlar atılmış, demokratik institutlar təsis edilmiş, siyasi islahatlar aparlmışdır. Şərqdə və müsəlman aləmində ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək, xalqımızın müstəqillik əzmini nümayiş etdirmişdi. 1918-ci il mayın 28-də Şərqin ilk demokratik, hüquqi, dünyəvi parlament respublikasını yaratmaqla varlığını təsdiqləyən AXC-nin Milli Şurası «İstiqlal Bəyannaməsi»ni imzalamaqla, Azərbaycanın müstəqilliyini bəyan etməklə, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinə sadiqliyini göstərdi. Dövlət quruculuğu sahəsində mühüm tədbirlər müəyyənləşdirildi. Cümhuriyyətin beynəlxalq münasibətlər sistemində tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atıldı. Məlum səbəblər üzündən cəmi 23 ay yaşasa da, ənənələri mənfur sovet ideologiyasına uyğun təhrif olunmuş şəkildə sonrakı nəsillərə təqdim edilsə də sonrakı illərdə qaranlıq məqamlara aydınlıq gətirildi.

AXC qısa müddətdə olsa da xalqımıza milli müstəqilliyin sevincini yaşatdı

Rusiyada çarizmin süqutundan sonra hakimiyyəti ələ alan bolşeviklər imperiya ərazisində yaranan mürəkkəb geosiyasi vəziyyətdən istifadə edərək Bakı neftini öz mənafeləri naminə zəbt etdilər. Belə gərgin bir dövrdə müstəqilliyini «Bu gündən etibarən Azərbaycan xalqları suveren hüquqlara malikdirlər, Şərqi və Cənubi Zaqafqaziyadan ibarət olan Azərbaycan tamhüquqlu müstəqil dövlətdir» sözləri yazılmış «İstiqlal Bəyannaməsi» ilə bildirən Cümhuriyyət fədailəri Azərbaycanın müstəqil dövlət kimi mövcudluğunun ilk günlərindən bütün ölkə vətəndaşlarına bərabərlik prinsiplərinə əsaslanan eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ləğv etdi. Daim sülhsevər siyasət apararaq bütün dövlətlərlə qarşılıqlı əməkdaşlıq əlaqələri yaratmaq istiqamətində addımlar atıldı. «İstiqlal Bəyannaməsi»ndə göstərilən sərhədlərin müəyyənləşdirilməsi, daxili əks inqilab və xarici irticaya qarşı mübarizə, milli ordunun yaradılması, diplomatik münasibətlərin formalaşması istiqamətində önəmli islahatlar aparıldı. Hökumətin xarici siyasəti müəyyənləşdirildi. Vətəndaşlar arasında siyasi bərabərlik bərqərar olundu, sosial ədalətsizliyin zərərli nəticələri aradan qaldırıldı. Başda Səməd bəy Mehmandarov olmaqla zəngin hərbi təcrübəsi olan Azərbaycan zabitlərinin səyi ilə çox çətinliklə də olsa az müddətdə 25 minə qədər müxtəlif silah-sursata malik piyada, suvari, topçu hissələrindən ibarət ordu yaradıldı. Bir neçə ay ərzində Xəzər dənizi üzərində səlahiyyətlərini formalaşdıran 7 gəmilik donanma yaradıldı. Təhsilə, səhiyyəyə, dəmir yolunun fəaliyyətinə, dağıdılıb sıradan çıxarılmış yolların bərpasına diqqət artırıldı. AXC varlığını yalnız öz içində deyil, sərhədlərindən kənarda da hiss etdirirdi. Dünyanın hər yerindən yeni yaranmış müsəlman ölkəsinə heyətlər, səfirlər gəlir, buradakı hüriyyəti gördükdən sonra siyasi, iqtisadi, mədəni, ticari əlaqələrin yaranmasına təşəbbüs göstərilirdi. İ.V.Stalinin «İki ilə yaxın bir müddətdə siz xalqınız üçün nə edə bilmisiniz» sualına M.Ə.Rəsulzadə cavabında bildirmişdir: «Biz çox şey edə bilmədik… Lakin biz milli azadılğın nə olduğunu xalqa başa saldıq. Biz xalqa imkan yaratdıq ki, milli müstəqilliyin dadını azacıq da olsa bilsin.» O illərdə Azərbaycan vətəndaşlığı institutunun təsis edilməsi, milli ordunun yaradılması kimi faktlar da təsdiqləyir ki, AXC dövlətçilik ənənələrimizin formalaşmasında mühüm rol oynayıb. Dövlət bayrağı, Azərbaycan vətəndaşlığı təsis olundu. Kövrək addımlarını atan Milli Ordu Qafqaz İslam Ordusu ilə birlikdə Bakını işğalçılardan azad etdi. Qısa müddət ərzində olduqca mütərəqqi sayılan müddəaları özündə əks etdirən çoxsaylı qanunlar qəbul olundu.

«23 ay»ın xalqın həyatına gətirdiyi yeniliklər

1918-ci ilin avqustunda qəbul olunmuş «Xalq maarifinin, məktəblərin milliləşdirilməsi haqqında»” qərarla tədris müəssisələrində təhsilin ana dilində aparılması prosesinə başlanıldı. 1919-cu ildə Bakı Dövlət Universitetinin Nizamnaməsinin qəbul edilməsi və onun fəaliyyətə başlaması milli və peşəkar kadrların hazırlanması istiqamətində atılmış mühüm addım oldu . Xalq Cümhuriyyətinin dövründə universitet ilə yanaşı, digər ali və orta təhsil müəssisələrinin, habelə mədəniyyət ocaqlarının açılması üçün hazırlıqlar görüldü. Hökumət quruculuğunda aparalan islahatların tərkib hissəsi olaraq yaranan Ədliyyə Nazirliyinin, məhkəmələrin fəaliyyətini tənzimləyən bir sıra qərarlar qəbul olundu.

Sonda qalib tarixin sözü, zamanın hökmü oldu

Artıq müstəqil dövlət kimi dünyaya açıq olan Azərbaycanın vətəndaşları İrəvanın Ermənistana verilməsi də daxil olmaqla imperiyanın xalqımıza qarşı apardığı məkrli siyasətə qarşı çıxan Cümhuriyyət fədailərinin xidmətlərini unutmur. «Bizim dövlət atributlarımız qəbul edilmişdi - dövlət himnimiz, milli bayrağımız təsdiq edilmişdi. Qadınlara səsvermə hüququ verilmişdi. Onu da qeyd etməliyəm ki, Azərbaycan Xalq Cümhuriyyəti bunu bəzi Avropa ölkələrindən daha da əvvəl etmişdi. Bir sözlə, Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti çox müsbət, uğurlu idi. Baxmayaraq ki, Xalq Cümhuriyyəti bunu çox ağır geosiyasi şəraitdə edirdi» söyləyən dövlət başçımız İlham Əliyevin Sərəncamına əsasən, Bakının mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə abidə ucaldılması çətin şəraitdə demokratik dövlət qurmağa cəhd edən, fədakarlıq göstərənlərə hörmət və etiramın ifadəsidir. Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 90 , həmçinin Cümhuriyyətin 100 illik yubileylərinin keçirilməsi haqqında sərəncamları milli yaddaşın formalaşması prosesində mühüm əhəmiyyət kəsb edir.Tarixi həqiqətlərin xalqa, müasir gəncliyə çatdırılmasının əhəmiyyətini vurğulayan dövlət başçımız İlham Əliyev haqlı olaraq bildirir ki, AXC süqut etməsəydi, bəlkə də bu gün Azərbaycan dünya miqyasında ən inkişaf etmiş ölkə ola bilərdi. Amma tarixi susdurmaq, üstündən qələm çəkmək mümkün deyilmiş. Sovet imperiyası tərəfindən süquta uğradılan Xalq Cümhuriyyətinin məhvi ilə başlanan sovet dövrünün həyatımızda həm müsbət, həm mənfi tərəfləri olsa da müstəqilliyimiz 1993-cü ildən, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qaydışından sonra əbədiləşdi.

Heydər Əliyev: Xalqımızın xilaskarı, müstəqilliyimizin əbədi qarantı

«Müstəqillik yolu qədər çətin yol yoxdur… Müstəqilliyin əldə olunması nə qədər çətindirsə, onun saxalnılması, daimi, əbədi olması bundan da çətindir» söyləyən Ulu Öndər Heydər Əliyevin xidmətlərini , zəhmətini Azərbaycanın gələcəyi naminə fədakarlıq adlandıran Prezident İlham Əliyev o illəri bir daha xatırlayaraq keçilən yola nəzər salır: «Hələ Naxçıvanda ikən Xalq Cümhuriyyətinin üçrəngli bayrağı dövlət bayrağı kimi təsis edildi. Naxçıvan Muxtar Respublikasının adından «sovet, sosialist» sözləri çıxarıldı. Sovet ittifaqının saxlanılmasına dair referendum Naxçıvanda keçirilməmişdi. Bütün bu addımlar əslində müstəqilliyə yönəldilmiş addımlar idi.»

Məhz o illərdə Dünya azərbaycanlılarının birlik və həmrəyliyi naminə önəmli qərar qəbul olundu. SSRİ-nin dağılması ilə dövlət müstəqilliyini Konstitusiya Aktı ilə elan edən Azərbaycan suveren dövlət kimi tanındıqdan sonra perspektivlər müəyyənləşdirildi. 1991-ci il oktyabrın 18-də «Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında»” Konstitusiya Aktı qəbul olundu. Konstitusiya Aktında 1918-ci il 28 may tarixli «İstiqlal Bəyannaməsi»nə və «Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında»” Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsinə istinad olundu. Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin varisi olduğu təsbit edildi. Beləliklə, «Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı»na əsasən Azərbaycan xalqı 1991-ci il oktyabrın 18-də öz müstəqilliyini bərpa etdi. Xalqın tələbinə səs verərək Azərbaycanı daxili və xarici dairələrin, mənfur qüvvələrin təsirindən qurtarmaq üçün Bakıya, hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev müstəqilliyimizin əbədi qarantı, XİLASKARI olduğunu sonrakı illərdə davam etdirdiyi siyasəti ilə təsdiqlədi. Sovet İttifaqının dağılmasından sonra Azərbaycan öz müstəqilliyini Konstitusiya Aktı, sonra isə ümumxalq səsverməsi ilə hüquqi baxımdan elan etsə də hələ də təhlükədə olan suverenliyin qorunması üçün həqiqi mənada insanlara dayaq olub onları arxasınca aparmaq gücünə malik bir liderə ehtiyac var idi. O lideri tarix özü yetişdirdi. Bu, Lider Azərbaycan var olduqca xalqın qəlbində əbədi yaşamaq hüququ qazanan Ulu Öndər Heydər Əliyev oldu. 1991-1993-cü illər bərpa olunan müstəqillik dövrünün başlanğıcı olsa da çox kövrək, hər an itirilə biləcək təhlükə ilə üz- üzə idi. Həmin illərdə müstəqilliyin qorunub saxlanılmasının onun əldə olunmasından qat-qat çətin olduğunu müdrikcəsinə dərk edən Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyasını yerinə yetirməklə varlığımızın əbədiliyini təmin etdi. Azərbaycan xalqı bu nadir tarixi fürsətdən istifadə edərək Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi altında müstəqil dövlətini qurdu, siyasi varislik prinsipinə birmənalı dəstək verməklə onu inkişaf etdirdi, dünyanın nüfuzlu dövlətlərindən birinə çevirdi. Azərbaycan xalqına əbədi müstəqilliyə qovuşmaq səadətini, gücünü xalqın xilaskarı Heydər Əliyev bağışladı. Xəritədə o qədər də böyük ərazini əhatə etməyən Azərbaycanın adı hazırda bu siyasət nəticəsində böyük və qüdrətli ölkələrlə eyni sırada çəkilir. Ümummilli Lider Heydər Əliyevin şəxsən iştirakı ilə hazırlanan, 1995-ci ilin noyabrında ümumxalq səsverməsi –referendum yolu ilə qəbul edilən ilk Milli Konstitusiyanın qüvvəyə minməsi ilə yeni bir mərhələ başlandı. Zaman da göstərdi ki, adı həmişə Azərbaycanla bir çəkilən, tarixi şəxsiyyətlər arasında ən böyük hörmətə layiq olanlardan birincisi, müstəqilliyimizin əbədi qarantı elə Heydər Əliyevdir. Azərbaycan dövlətçiliyi şəxsi mənafelərini ümumxalq marağından üstün tutanların səriştəsizliyi ucbatından müəyyən mərhumiyyətlərlə də üzləşdi. 1994-1995-ci illərdə dövlət çevrilişlərinə cəhd halları nəticəsində ölkədə sabitliyi pozmağa çalışan qüvvələr Heydər Əliyev -xalq birliyi sayəsində bir daha gücsüzlüklərini hiss etdilər. Azadlığı ifrat dərəcədə «şişirdərək» özbaşınalıq kimi başa düşən, şəxsi mənafelərini ümumxalq marağından üstün tutanların səriştəsizliyi ucbatından dağılmaq təhlükəsində olan Azərbaycanın , xalqın harayına yetişən Ulu Öndər Heydər Əliyev xilaskar kimi bütün maneələri aradan qaldırdı. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi müddətdə həyata keçirdiy islahatlar, qəbul etdiyi qərarlar bütünlükdə Azərbaycanın əbədi müstəqilliynin ilk addımları kimi tarixə yazıldı.

Varislik ənənələrinə sadiqlik və müasir Azərbaycanın reallıqları

Xarici siyasəti ilə dünya birliyinə inteqrasiya edən Azərbaycanın ən mötəbər beynəlxalq sammit , konfrans və forumlarda iştirakı, etibarlı tərəfdaş adlandırılması Ulu Öndərin dövlətçilik ənənəsinə sadiq qalaraq ölkəmizi inkişaf etmiş dövlətlər səviyyəsinə qaldıran Prezident İlham Əliyevin liderlik qətiyyətinin ifadəsidir. 44 gün davam edən İkinci Qarabağ müharibəsində qazandığımız Zəfər ilə torpaqlarımızı Ermənistanın işğalından azad edən Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyev «Müstəqillik Günü haqqında» Qanunu imzalamaqla suverenliyimizin tam qələbəsinə yol açdı. Qanuna əsasən mayın 28-i Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edildi. 2023-ci ilin sentyabrında bir günlük lokal xarakterli antiterror əməliyyatı nəticəsində Şuşada, Xoca­lıda, Xocavənddə, Ağdərədə, Əsgəranda və nəhayət, Xankəndidə də üçrəngli Bayrağımız dalğalandı. Vətən müharibəsində 30 ildə Ermənistanın guya möhkəmlənən fiziki istehkamlarını, siyasi maneələrini dəf edilərək 44 gündə qazandığı Zəfəri ilə bölgədə yeni reallıqlar yaradan Azərbaycan Qarabağda aparılan 23 saatlıq antiterror əməliyyatı ilə 105 illik separatizm yuvasını darmadağın etdi. Bölgədə yeni mənzərə yarandı. Xankəndidə Dövlət Bayrağımızın dalğalanması isə artıq proseslərin məntiqi sonu oldu. Beləliklə, Heydər Əliyev siyasi kursuna sadiq qalmaqla cənab İlham Əliyev 20 il öncə andiçmə mərasimində verdiyi vədə sadiq qalaraq müəyyən etdiyi vəzifələrin icrasını başa çatdırdı. Prezident , Ali baş Komandan kimi 2023-cü ilin oktyabrın 15-də Xankəndi şəhərində Dövlət Bayrağımızı dalğalandıran cənab ilham Əliyev dünyaya mesaj verdi ki, nə Azərbaycan əvvəlki Azərbaycan deyil, nə Ermənistan, nə də ki, geosiyasi situasiya.

Qarabağda aparılan 23 saatlıq antiteror tədbirləri nəticəsində tam suverenliyinin təmin edilməsindən sonra Prezident İlham Əliyevin Sərəncamı ilə «Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi», dövlət başçımızın digər Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə «Konstitusiya və Suverenlik İli»” elan edilməsi, ölkəmizin hər yerində üçrəngli Bayrağımızın dalğalanması xalqımızın taleyinə yazılmış ən önəmli hadisələrdir. Bütün dünya ictimaiyətinə bəyan edildi ki, xalqımız öz müstəqil dövlətinə sahib çıxmaq qüdrətindədir. Bu gün Azərbaycan xalqımızın milli maraqlarını rəhbər tutaraq, yeni reallıqlar şəraitində müstəqil siyasətini daha cəsarətlə, prinsipiallıqla davam etdirir, Konstitusiyanın tələblərinə və öz suveren hüquqlarına əsaslanaraq, qarşıda duran strateji hədəflərə doğru inamla irəliləyir.Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı kimi Azərbaycan Bayrağının bu gün artıq işğaldan azad olunmuş ərazilərdə dalğalanması Azərbaycan Prezidenti İlham Əliyevin gələcək nəsillərə unudulmaz dövlətçilik əmanətidir. 28 may 2023-cü ildə Laçın şəhərinə qayıdan sakinlərlə görüşündə «Bu gün ikiqat bayramdır. Çünki bu gün Laçın şəhərinin sakinləri uzun fasilədən sonra öz doğma şəhərinə qayıdıblar və bu münasibətlə həm sizi, həm də bütün Azərbaycan xalqını təbrik etmək istəyirəm. Bu görüşü məhz 28 May tarixində təşkil etməyimizin böyük rəmzi mənası var. Bu gün müstəqil Azərbaycan dövləti həm dünya miqyasında öz mövqelərini kifayət qədər möhkəmləndirib, eyni zamanda, bu gün müstəqil Azərbaycan dövləti istənilən nəticəni əldə etməyə qadirdir» sözləri ilə müstəqilliyimizin əbədiliyini əminliklə bildirən Prezident İlham Əliyev varisliyə sadiqliyini də ifadə edir.

Xuraman İsmayılqızı, «İki sahil»