24 may 2025 21:53
85

AMADA üzgüçülər üçün antidopinq seminarı keçirib

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) dopinqə qarşı mübarizənin gücləndirilməsi və idmançılar arasında maarifləndirmənin artırılması məqsədilə fəaliyyətini davam etdirir.

AMADA-dan “İki sahil”ə verilən məlumata görə, bu istiqamətdə növbəti addım kimi Azərbaycan Üzgüçülük Federasiyasının gənc idmançıları üçün antidopinq seminarı keçirilib.

Seminarın əsas məqsədi idmançılara antidopinq qaydaları, idmançıların hüquq və vəzifələri, dopinqə qarşı mübarizə strategiyaları barədə ətraflı məlumat vermək olub.

Tədbir zamanı qadağan edilmiş maddələr və metodlar, dopinq nəzarəti prosesi, idmançının məsuliyyəti və nəticələrin idarə olunması barədə vacib məqamlar iştirakçıların diqqətinə çatdırılıb. Vurğulanıb ki, bəzi hallarda idmançılar bilmədən və ya səhvən qadağan edilmiş maddələr qəbul edə bilirlər. Bu səbəbdən, hər bir idmançı istifadə etdiyi dərmanın tərkibini diqqətlə araşdırmalıdır.

Seminar interaktiv formatda keçirilib və iştirakçıların antidopinqlə bağlı sualları cavablandırılıb.