Ağdam Olimpiya İdman Kompleksində rayon icra hakimiyyətinin dəstəyi, Azərbaycan Sambo Federasiyasının təşkilatçılığı ilə Birinci Qarabağ müharibəsi şəhidləri Əhliman Ağayev və Habil Qasımovun xatirəsinə həsr olunmuş sambo güləşi üzrə açıq respublika turniri keçirilib.
“İki sahil” xəbər verir ki, turnirdə 15 komandada 100-dən çox idmançı mübarizə aparıb.
Turnir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub. Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər ölkəmizdə idmana göstərilən dövlət qayğısından, idmançılara yaradılmış şəraitdən danışaraq yarış iştirakçılarına uğurlar arzulayıblar.
Gərgin idman mübarizəsi şəraitində keçən yarışın sonunda qaliblər mükafatlandırılıb.