Politoloq: İşğalçı dövlət insanlıq əleyhinə cinayətlərə görə Azərbaycana maddi təzminat ödəməlidir
Azərbaycanın azad edilmiş ərazilərində minaların geniş şəkildə basdırılması təkcə hərbi təhlükəyə deyil, həm də sosial-iqtisadi və humanitar fəlakətə çevrilib. İşğal illəri ərzində Ermənistan tərəfindən məqsədli və plansız şəkildə ərazilərin minalanması, həm hərbi, həm də mülki ərazilərdə bu partlayıcı qurğuların kütləvi şəkildə yerləşdirilməsi, bu gün həmin torpaqlarda təhlükəsiz həyatın bərpa olunmasını son dərəcə çətinləşdirir. Minalar insan həyatına birbaşa təhdid olmaqla yanaşı, kənd təsərrüfatı, yol tikintisi, yaşayış məntəqələrinin bərpası kimi fundamental sahələrdə də irəliləyişi ləngidir.
Azərbaycan hökuməti müharibədən dərhal sonra bu problemi prioritet məsələ kimi müəyyənləşdirərək genişmiqyaslı minatəmizləmə əməliyyatlarına start verib. Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin (ANAMA) fəaliyyəti ilə bu proses sistemli şəkildə həyata keçirilir və beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində texniki dəstək, təlim, avadanlıq təminatı və məlumat mübadiləsi aparılır. Lakin bu proses son dərəcə çətin, zaman və maliyyə baxımından çox tələbkardır. Bir kvadratkilometr ərazinin təhlükəsiz şəkildə minalardan təmizlənməsi aylarla vaxt aparır, yüzlərlə insan resursuna və yüksək texnologiyalı avadanlıqlara ehtiyac duyulur.
Minalar təkcə bir təhlükəsizlik problemi deyil, həm də regionda sülhün və sabitliyin qarşısında ciddi maneədir. Minaların mövcudluğu insanlarda qorxu və qeyri-müəyyənlik yaradır, köçkünlərin öz doğma yurdlarına qayıdışını ləngidir, iqtisadi canlanma və reinteqrasiya proseslərinə əngəl törədir. Bu baxımdan, minatəmizləmə yalnız texniki deyil, həm də strateji və siyasi əhəmiyyət daşıyan prosesdir.
Ötən dövr ərzində mina partlayışları nəticəsində yüzlərlə Azərbaycan vətəndaşı, o cümlədən mülki şəxslər və hərbçilər həlak olub və ya ağır yaralanıblar. Bu təhlükə bu gün də aktuallığını qoruyur və regionda sülh və təhlükəsizliyin bərqərar olunmasına ciddi maneə olaraq qalır. Son günlərdə baş verən mina hadisəsi bu təhlükənin növbəti acı təzahürü oldu. Belə ki, 2025-ci il mayın 29-u saat 10:10 radələrində Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələri tərəfindən aparılan minatəmizləmə əməliyyatları zamanı hərbi qulluqçu, əsgər Xudaverdi Həsən oğlu Sadıqov ermənilər tərəfindən basdırılmış piyada əleyhinə minaya düşüb. Nəticədə o, sol ayağından xəsarət alıb. Əsgərə ilkin tibbi yardım göstərilib və daha sonra ixtisaslı müayinə və müalicə üçün yaxınlıqdakı hərbi hospitala təxliyə olunub. Hadisə ilə bağlı araşdırmalara başlanılıb. Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu Xudaverdi Sadıqovun mina partlayışı nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması faktı üzrə Kəlbəcər Hərbi Prokurorluğu tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.12-ci maddəsi – milli ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürməyə cəhd – üzrə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Bu fakt bir daha göstərir ki, Ermənistanın məqsədli şəkildə minalanmış ərazilərdən istifadə etməsi təkcə müharibə dövrünün mirası deyil, həm də davam edən təxribat və cinayət fəaliyyəti kimi qiymətləndirilməlidir. Belə halların qarşısının alınması üçün beynəlxalq ictimaiyyət Ermənistanın mina terroruna qarşı qəti mövqe sərgiləməli və məsuliyyət mexanizmləri tətbiq olunmalıdır.
Politoloq İlyas Hüseynov bütün bu reallıqlar fonunda mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında təəssüflə bildirdi ki, zaman-zaman informasiya buraxılışlarında və xəbər lentlərində işğaldan azad olunmuş ərazilərdə vətəndaşlarımızın mina partlayışına düşməsi ilə bağlı xəbərlər yayılmaqdadır. Bu hallar cəmiyyətimizdə dərin narahatlıq doğurur və Azərbaycanın mina problemi ilə qarşı-qarşıya qalan ölkələrdən biri olduğunu bir daha göstərir: “Məlumdur ki, Ermənistan 30 ilə yaxın müddətdə işğal altında saxladığı Azərbaycan torpaqlarında milyonlarla tank və piyada əleyhinə mina yerləşdirmişdir. Bu fakt erməni işğalçılığının və vandalizminin növbəti sübutudur. Hazırda həmin minalar mülki əhalinin həyatına birbaşa təhlükə törədir, insanların sağlamlığına, səhhətinə və yaşam hüququna ağır zərbə vurur. Hər il yüzlərlə insan bu partlayıcı qurğuların qurbanına çevrilir. Təəssüf doğuran məqam ondan ibarətdir ki, bu proses hələ də davam edir.
Azərbaycan dövləti dəfələrlə Ermənistan tərəfinə müraciət edərək, minalanmış ərazilərə dair xəritələrin və sxemlərin təqdim olunmasını tələb etmişdir. Lakin təqdim edilmiş xəritələrin dəqiqlik nisbəti cəmi 20–25 faiz təşkil edir. Bu da belə bir ehtimalı yaradır ki, Ermənistan bilərəkdən yanlış və qeyri-dəqiq məlumatlar təqdim edir. Halbuki, Ermənistan tərəfi 30 il ərzində minaların yerləşdirilməsini planlı şəkildə həyata keçirmiş, bu proses hərbi əmrlər əsasında idarə olunmuşdur. Ona görə də istisna deyil ki, həmin dövrə aid dəqiq və tam xəritələr hazırda Ermənistanın müvafiq hərbi və siyasi strukturlarında mövcuddur. Lakin ölkədə baş verən hakimiyyət dəyişikliyi fonunda bu məlumatların saxlanması və ya məqsədli şəkildə gizlədilməsi ilə bağlı müxtəlif versiyalar irəli sürülür”.
Politoloq qeyd etdi ki, bütün bu reallıqlar fonunda beynəlxalq ictimaiyyət daha fəal mövqe tutmalı, Ermənistana qarşı güclü təzyiqlər göstərməlidir ki, bu humanitar fəlakətə son qoyulsun: “Minalar nəinki insanlara, həm də iqtisadi inkişaf prosesinə, məcburi köçkünlərin doğma yurdlarına təhlükəsiz və ləyaqətli qayıdışına maneə yaradır. Eyni zamanda hesab edirəm ki, Ermənistan Azərbaycana qarşı törətdiyi bu əməllərə görə beynəlxalq hüquq çərçivəsində maddi təzminat ödəməlidir. Çünki burada təkcə əraziyə vurulan zərərlərdən deyil, eyni zamanda insanlıq əleyhinə cinayətlərdən, beynəlxalq humanitar hüququn pozulmasından və ən başlıcası, insanların yaşamaq hüququnun əlindən alınmasından söhbət gedir. Bu isə açıq şəkildə erməni terrorunun nəticəsidir. Azərbaycan diplomatiyasının bu ağır və strateji əhəmiyyətli vəzifənin öhdəsindən uğurla gələcəyinə inanıram. Şübhə etmirəm ki, ədalət və hüquq bərqərar olunacaq”.
Nigar Orucova, “İki sahil”