08 iyun 2025 12:08
92

Qazaxıstan XİN başçısı İrana rəsmi səfərə gəlib

İran tərəfinin dəvəti ilə Qazaxıstanın Baş nazir müavini – xarici işlər naziri Murat Nurtleu İrana rəsmi səfərə gəlib.

"İki sahil“ report-a istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qazaxıstan xarici siyasət idarəsinin başçısını İran Prezidenti Məsud Pezeşkian qəbul edib.

“Tərəflər Qazaxıstan – İran əməkdaşlığının aktual məsələlərini müzakirə edərək ikitərəfli münasibətlərin hərtərəfli gücləndirilməsinə yönəldiyini təsdiqləyiblər”, – XİN-dən bildirilib.

Söhbət zamanı xüsusi diqqət ticarət-iqtisadi əməkdaşlığın artırılması məsələlərinə yönəldilib. Tərəflər 2024-cü ilin nəticələrinə görə ikitərəfli ticarət dövriyyəsinin 50 faiz artdığını qeyd edib və onun daha da artırılmasında qarşılıqlı marağı təsdiqləyiblər. Həmçinin nəqliyyat-logistika sahəsində birgə işin perspektivləri, o cümlədən Xəzər dənizinin tranzit potensialından istifadə və "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı müzakirə edilib.

Qazaxıstan XİN-dən bildirilib ki, həmsöhbətlər, o cümlədən regional və qlobal gündəm məsələləri üzrə fikir mübadiləsi aparıb, çoxtərəfli strukturlar çərçivəsində sıx əməkdaşlığı davam etdirməyə sadiq olduqlarını təsdiqləyiblər.

"Görüşün sonunda İran lideri Qazaxıstan – İran münasibətlərinin səviyyəsini yüksək qiymətləndirib və onların daha da məzmunlu inkişafına hazır olduğunu ifadə edib. O həmçinin Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə ən xoş arzularını çatdırıb”, – məlumatda deyilir.