13 iyun 2025 03:01
194

Tarixi köklərə əsaslanan əməkdaşlıq nümunəsi

«Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi»nin imzalanması xalqlarımızın qardaşlığının, yenilməzliyinin ifadəsidir

Tarix boyu sınaqlardan çıxmış bir həqiqət zamanından, məkanından asılı olmayaraq reallığını bu gün də qoruyur. Ölkələri birləşdirən amillər çox olsa da mili-mənəvi dəyərləri, mədəni sərvətləri eyni kökdən qaynaqlanan Türkiyə-Azərbaycan qardaşlığı illərin sınağından çıxmış qardaşlıq nümunəsidir. Türkiyə-Azərbaycan əlaqələrini bəşəriyyət üçün bir nümunə də adlandırmaq olar. Ötən əsrin əvvəllərində azərbaycanlıları erməni daşnaklarının soyqırımından xilas edən Qafqaz İslam Ordusunun qəhrəmanlıqlarını hər zaman dəyərləndirən xalqımız həmin hadisələrdə həlak olan türk əsgərlərinin xatirəsini daim əziz tutur. Bunun başlıca səbəbi hər iki xalqın biri-birinə qırılmaz tellərlə bağlı olmasıdır. Siyasi hakimiyyətlərdən asılı olmayaraq bu qardaşlıq xalqların simasında möhkəmlənmiş, bərkimişdir. Ötən əsrin sonlarında hər iki qardaş arasında davam edən münasibətlər Ulu Öndər Heydər Əliyevin aforizmə çevrilən «Bir millət, iki dövlət» deyimini təsdiqləməklə ümumtürk birliyinin möhkəmləndirilməsinin Azərbaycanın xarici siyasətinin mühüm istiqamətərindən olduğunu reallaşdırdı. Ulu Öndər türkdilli dövlətlərlə münasibətlərin gücləndirilməsinə üstünlük verərək faydalı əməkdaşlığı genişləndirmək, möhkəmləndirmək , beynəlxalq təşkilatlarda bu həmrəyliyin gücünü göstərmək üçün tarixi xidmətlərə imza atmışdır.

Ötən əsrin sonlarında Ermənistanın torpaqlarımıza təcavüzü nəticəsində işğalçı tərəfindən blokadaya alınan Naxçıvanı Türkiyə ilə birləşdirən «Ümid» körpüsünün istifadəyə verilməsi ilə bağlı sevinclərini «Bu gün bizim arzu və ümidlərimizin körpüsü açılır» ifadəsi ilə bildirən qardaşlar buna da inanırdılar ki, bu yol iki ölkə arasında siyasi, iqtisadi, mədəni, hərbi əməkdaşlığın əbədiyyət rəmzi olacaq. Türkiyə-Azərbaycan dostluğunun sonrakı illərdə bütün sahələr üzrə genişlənən coğrafiyası bu əminliyi təsdiqlədi.

Prezident İlham Əliyevin «Vətən müharibəsinin ilk günlərindən, daha doğrusu, ilk saatlarından biz Türkiyənin dəstəyini hiss edirdik. Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Onun açıq, birmənalı və sərt açıqlamaları Azərbaycan xalqını çox sevindirdi. Mənim qardaşım demişdir ki, bu müharibədə Azərbaycan haqlıdır, demişdir ki, Azərbaycan tək deyil və Türkiyə hər zaman Azərbaycanın yanındadır. Bu, birliyimizin, qardaşlığımızın təzahürüdür. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir Azərbaycan vətəndaşını qürurlandırır, sevindirir» sözlərinin real təsdiqi Ermənistan üzərində tarixi Qələbəmizin qeyd olunduğu Zəfər paradını türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla birgə izləyən Prezident İlham Əliyevin məğrur görünüşü əbədi qalibiyyət simvolu idi. Türkiyə kimi müttəfiqi olan Azərbaycan 30 il Ermənistanın işğalı altında qalan torpaqlarını beynəlxalq səviyyədə qəbul olunan bəyanatlardan, qərarlardan daha önəmli olan öz gücü ilə azad etdi. Türkiyənin siyasi, mənəvi dəstəyini daim yüksək qiymətləndirən Azərbaycan xalqı da çətin günlərdə qardaşlıq köməyini əsirgəmədi. 2016-cı ildə qardaş ölkədə baş verən dövlət çevrilişinə cəhd hadisələrində, «Əsrin fəlakəti» adlandırılan dağıdıcı zəlzələnin fəsadlarının aradan qaldırılmasında, Kahramanmaraşda ölkəmizin dəstəyi ilə salınan «Azərbaycan məhəlləsi»nin inşasında qardaşlarının yanında oldu.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ailəliklə dəfələrlə Azərbaycanda olması, Şuşada keçirilən həmrəylik, birlik tədbirlərində iştirakı, böyük tarixi əhəmiyyətə malik «Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi»nin imzalanması «El bir olsa, dağ oynadar yerindən», «Bir əlin nəyi var, iki əlin səsi var» el deyimlərinin təsdiqi kimi yaddaşlarda iz saldı.

«Bu səfərin tarixi əhəmiyyəti var. Çünki bu gün imzalanmış Birgə Bəyannamə - Müttəfiqlik haqqında Bəyannamə əlaqələrimizi ən yüksək zirvəyə qaldırır. Bəyannamənin adı Müttəfiqlik haqqında Bəyannamədir və bu ad özü-özlüyündə hər şeyi göstərir, hər şeyi deyir. Biz bu gün keyfiyyətcə yeni əlaqələr qurmuşuq və bu Bəyannamədə göstərilən bütün müddəalar bizim gələcək iş birliyimizin təminatçısıdır» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, Türkiyə ilə Azərbaycan arasındakı tarixi, mənəvi, ortaq etnik köklərə bağlılıq, oxşar dilimiz, dinimiz, milli dəyərlərimiz, milli maraqlarımız, xalqlarımızın həmrəyliyi dünya miqyasında nadir əməkdaşlıq nümunəsidir. İmzalanmış Bəyannamə isə türk dünyasının öndərləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin xalqlarımıza ərmağan olan vəsiyyətlərinə sadiqlikdir.

Bu vəsiyyətə sadiqliyin nümunəsi olan Şuşa Bəyannaməsində 100 il bundan əvvəl güneyli, quzeyli qardaşları ayırmış Qars müqaviləsinə istinad olunması, Zəngəzur dəhlizinin bərpası ilə bağlı göstərilən qətiyyət dövlətlərarası iş birliyinin gələcək istiqamətlərini əks etdirən «yaşıl işıqdır». Şuşada imzalanan Müttəfiqlik Bəyannaməsində qeyd olunan «Tərəflər Azərbaycan və Türkiyəni birləşdirən Azərbaycan Respublikasının qərb rayonları ilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası arasında dəhlizin (Zəngəzur dəhlizi) açılmasının və həmin dəhlizin davamı kimi Naxçıvan-Qars dəmir yolunun tikintisinin iki ölkə arasında nəqliyyat-kommunikasiya əlaqələrinin intensivləşməsinə mühüm töhfə verəcəyini qeyd edirlər» bəndi turançılığa açılan daha bir qapı, həmrəylik yoludur. Şuşa Bəyannaməsinin imzalanması bu qardaşlığın regionda yaratdığı reallıqlara, geosiyasi vəziyyətin tənzimlənməsinə töhfədir. Zəngəzur dəhlizinin açılması ilə bağlı Bəyannamədə çox aydın ifadələrin əksini tapması o deməkdir ki, bütün türk dünyası bu qardaşlığın ayrılmaz parçasıdır. Zəngəzur dəhlizinin bərpasını Şərqdən Qərbə uzanan və hər kəsin istifadə edə biləcəyi yeni ortaq körpü adlandırılması, müdafiə sənayesi, nəqliyyat sahəsində qarşılıqlı əlaqələrin daha geniş platformada inkişafı ilə bağlı bəndlərin reallaşması birgə qətiyyətin nəticəsidir. Füzuli, Zəngilan, Laçın Beynəlxalq Hava limanlarının istifadəyə verilməsi mərasimlərində hər ik dövlət başçısının birgə iştirakı strateji müttəfiqlik səviyyəsinə çatdırılan əlaqələrin daha bir nümunəsidir. Prezident İlham Əliyevin «Zəngəzur dəhlizi mütləq olmalıdır, Ermənistan istəsə də, istəməsə də», Rəcəb Tayyib Ərdoğanın «Gün gələcək Zəngəzurdan çıxıb İstanbula qədər gedə biləcəyik, İğdıra, Qarsa gedə biləcəyik və bölgənin tranzit, logistika mərkəzinə çevrilmə imkanı möhkəmlənəcək» sözlərinə əminliyin ifadəsidir. Bu qətiyyətin təməlində münasibətlərə sadiqlik, firavan gələcək istəkləri dayanır. Bu istəklər hər iki xalqın mənəvi sərvəti sayılmaqla, dünyada Türkiyə və Azərbaycan qədər biri-birinə bağlı ölkələrin olmadığı həqiqətinin təcəssümüdür.

Şuşa Bəyannaməsinə uyğun olaraq son illərdə iki ölkənin Silahlı Qüvvələrinin müdafiə qüdrətinin artırılmasını və bu məqsədlə səlahiyyətli struktur və qurumların əlaqəli fəaliyyətinin təmin edən təşəbbüslərin dəstəklənməsi bu birliyi daha da gücləndirir. «TUR-AZ», «Sarsılmaz dostluq» adlı təlim-məşqlər, Türkiyənin İzmir bölgəsində keçirilən «Efes-2022»” çoxmillətli hərbi təlimlərdə azərbaycanlı hərbçilərin uğurlu iştirakı ordu quruculuğu sahəsində əməkdaşlığı daha da intensivləşdirib.

Türk Dövlətləri Təşkilatının (TDT) Şuşada keçirilən qeyri-rəsmi Zirvə görüşündə Qarabağ Bəyannaməsinin imzalanması Müttəfiqlik Bəyannaməsinin davamıdır. Bu ilin may ayının 21-də Macarıstanın paytaxtı Budapeştdə TDT-də təmsil olunan dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilməsi Şuşa Bəyannaməsi ilə daha möhkəmlənən bu birliyin artıq beynəlxalq səviyyədə güc mərkəzinə çevrildiyinin göstəricisidir. Tarixi Şuşa görüşləri mahiyyəti və əhəmiyyəti baxımından fərqli olmaqla bu qədim mədəniyyət məkanında imzalanan Müttəfiqlik Bəyannaməsi demək olar ki Türkiyə- Azərbaycan əməkdaşlığının yol xəritəsidir. Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğanın Laçın Beynəlxalq Hava Limanını açılışında birgə iştirakları müttəfiqliyin, türkçülüyün daha bir uğurudur. Əminliklə söyləmək olar ki, gələcəkdə Azərbaycan-Türkiyə əməkdaşlığı daha da inkişaf edəcək və türk dünyasının güclənməsinə töhfələr verəcək. Bu, yalnız regional deyil, qlobal təhlükəsizlik və iqtisadi inkişaf baxımından da mühüm əhəmiyyət kəsb edir.

Xuraman İsmayılqızı, «İki sahil»