20 may 2026 01:25
88

Şəhər və kəndlərin sıfırdan qurulması ilə bağlı misilsiz təcrübə...

“İndi hökumətimizin qarşısında duran əsas vəzifələrdən biri Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulmasıdır”.

Bu sözləri Prezident İlham Əliyev Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimindəki çıxışı zamanı deyib. Dövlətimizin başçısı Qarabağın və Şərqi Zəngəzurun 30 ilə yaxın Ermənistanın işğalı altında olduğunu xatırladaraq sözügedən məkanlarda böyük miqyaslı dağıntılar olduğunu diqqətə çatdırıb. Ziyarətçilərin Ağdamı Xirosimaya bənzətdiklərini vurğulayan Prezident bildirib: “Şəhər tamamilə yerlə-yeksan edilmişdir və o, Xirosimadan fərqli olaraq, atom bombasının atılması nəticəsində bir günə bu vəziyyətə düşməmişdir. Bu, 30 illik işğal ərzində edilmişdir və bu zaman binalar, tarixi binalar və ictimai binalar, evlər tamamilə sökülərək dağıdılmışdır”.

Artıq 5 ildir ki, bu məkanlarda, o cümlədən Ağdamda geniş abadlıq-quruculuq işləri aparılır. “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyaları üzrə layihələr həyata keçirilir. Daha doğrusu, işğaldan azad olunmuş ərazilərimizdə bu günün, sabahın şəhər və kəndləri salınır. Bu mənada Qarabağ və Şərqi Zəngəzur bu gün dirçəliş dövrünü yaşayır.

Bu yaxınlarda Prezident İlham Əliyevin müasir şəhərsalma prinsipləri əsasında yenidən qurulan Zəngilana və Cəbrayıla səfəri də bir daha göstərdi ki, işğaldan azad olunmuş ərazilərdə həyat sürətlə bərpa olunur, Böyük Qayıdış uğurla davam etdirilir. Bu gün 85 mindən artıq azərbaycanlı keçmişdə işğal altında olmuş ərazilərdə yaşayır. Onlar bu ərazilərdə işləyir, təhsil alır və özlərinə yeni həyat qururlar. Uzun illərdən sonra yurdlarına qayıdışı böyük məmnunluq və sevinc hissi ilə qarşılayan keçmiş məcburi köçkünlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar.

Yeri gəlmişkən qeyd edək ki, bu gün Qarabağ və Şərqi Zəngəzurda 40-dan çox yaşayış məntəqəsinə əhalinin qayıdışı təmin olunub və bu proses ardıcıl şəkildə davam etdirilir. Özü də Azərbaycanın bütün bunları daxili imkanları hesabına həyata keçirir. Onu da qeyd edək ki, elə bir dövlət olmayıb ki, belə qısa müddət ərzində öz gücü və imkanları hesabına bu sayda şəhər, kənd və qəsəbəni yenidən bərpa etsin. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev WUF13-də Liderlərin Bəyanatları zamanı deyib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan, xüsusilə Qarabağ sürətli və genişmiqyaslı inkişaf yolu keçir. Qısa müddət ərzində azad edilmiş ərazilərdə bütöv şəhərlər bərpa olunub, yeni yaşayış kompleksləri və müasir infrastruktur obyektləri inşa edilib. Bununla əlaqədar digər ölkələrin rəsmiləri də öz müsbət fikirlərini səsləndiriblər.

Bir sözlə, Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra şəhərsalma sahəsində ən unikal nümunələrdən birini ortaya qoyub. 2035-ci ilə qədər Qarabağ və Şərqi Zəngəzurda 200-ə yaxın şəhər, kənd və qəsəbənin bərpa olunacağı gözlənilir. Bütün bunlar isə o deməkdir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Qarabağ və Şərqi Zəngəzur regionları yalnız bərpa edilmir, eyni zamanda, yeni iqtisadi inkişaf modelinə uyğun şəkildə yenidən qurulur. Bu mənada demək olar ki, Zəngilan və Şərqi Zəngəzur yaxın gələcəkdə Azərbaycanın iqtisadi xəritəsində xüsusi yeri olan regionlar olacaqlar. Bu məkanlarda ucalan hər yeni bina, çəkilən hər yol, inşa olunan məktəb, xəstəxana həm ölkəmizin iqtisadi və sosial gücünü, həm də xalqımızın birliyini və sarsılmaz iradəsini nümayiş etdirir.

Şübhəsiz, Bakıda keçirilən WUF13 işğaldan azad edilmiş ərazilərdə tətbiq edilən unikal praktiki təcrübənin beynəlxalq arenada təqdimatı üçün əvəzolunmaz qlobal platformadır.  Prezident İlham Əliyev mayın 18-də “Euronews” televiziyasına müsahibəsində bu məsələyə bir daha toxunaraq bildirib ki, biz bu günədək şəhər və kəndlərin sıfırdan qurulması ilə bağlı misilsiz təcrübə formalaşdırmışıq. Abadlıq-quruculuq işlərinin ilk illərində əsas sərmayəninin infrastrukturun yaradılmasına yatırıldığını vurğulayan dövlətimizin başçısı hazırda əsas sərmayələrimizin yaşayış sahələrinin tikintisinə yönəldildiyini - şəhərlərin Baş planları, “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyaları üzrə layihələrin həyata keçirildiyini diqqətə çatdırıb: “Beləliklə, hesab edirəm ki, bizim təcrübəmiz bənzər problemlərlə üzləşmiş ölkələrə yenidənqurma üçün bir nümunə ola bilər”. Bu isə o deməkdir ki, Azərbaycanın postmünaqişə məkanlarının bərpası və inkişafı sahəsindəki unikal uğurları dünyanın digər ölkələri üçün bir model funksiyasını yerinə yerirə bilər.

Qvami Məhəbbətoğlu, “İki sahil”