17 iyun 2025 02:02
131

Rusiya, Belarus, İspaniya vətəndaşları İrandan Azərbaycana təxliyə olunub

Belarus, Rusiya, Tacikistan və Vyetnamdan daha bir qrup şəxs Azərbaycana təxliyə olunub.

Təxliyə edilənlər arasında diplomatik korpusların nümayəndələri və onların ailə üzvləri, həmçinin İranda müxtəlif sahələrdə çalışan şəxslər olub.

Ötən 5 gün ərzində “Astara” sərhəd-keçid məntəqəsindən Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistanın xeyli sayda vətəndaşları eləcə də qismən ABŞ, İspaniya, Portuqaliya, Finlandiya, Filippin vətəndaşları Azərbaycana təxliyə olunublar.

Təxliyə olunan ən böyük qrup isə İranda bir aydır film çəkilişi aparan Rusiyanın incəsənət ustalarıdır.

Ötən gün axşam təxliyə edilənlər arasında əslən Cənubi Azərbaycanın Ərdəbil vilayətindən olan İtaliya vətəndaşı, xalçaçı-alim Tahir Sepahi də olub. O, Azərbaycana ailəsi ilə birlikdə gəlib. Alimin sözlərinə görə, hazırda İtaliyada yaşayır.

Təxliyə gecə saatlarında da davam edir. Təxliyə olunan xarici ölkə vətəndaşları avtobuslarla hava limanına yola salınır.

***

Rusiya, Belarus, İspaniya və digər ölkələrin vətəndaşları kiçik qruplar şəklində “Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə İrandan Azərbaycana təxliyə edilib.

Təxliyə olunanlar arasında Rusiya vətəndaşları üstünlük təşkil edir.

Bu gün axşama doğru intensivlik müşahidə olunur. Qeyd edək ki, təxliyə edilənlər ölkələrinə qayıtmaları üçün avtobuslarla hava limanına aparılır. Hazırda keçid məntəqəsi 24 saat fasiləsiz rejimdə faəliyyət göstərərək İrandan təxliyə olunan əcnəbiləri qəbul edir.

Xatırladaq ki, daha əvvəl Portuqaliya, Filippin və Finlandiya vətəndaşları Azərbaycan sərhədindən keçərək İrandan təxliyə olunub.

“Report”