18 iyun 2025 02:58
100

Ermənistan regional nəqliyyatın bir hissəsi ola bilər

İrəvan Bakıya reallıqla uzlaşmayan qeyri-ciddi təkliflər (“yumşaq rejim”, “sadələşdirilmiş keçid” və s.) verməyə davam edərsə bu mümkün olmayacaq

Zəngəzur dəhlizi Ermənistanın ərazisindən keçməli olan təxminən 40 km uzunluğunda avtomobil və dəmir yolu layihəsidir. Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası (NMR) arasında nəqliyyat əlaqələrini təmin etmək üçün ona ehtiyac var. Sovet dövründə Azərbaycanı Naxçıvanla magistral və Zaqafqaziya dəmir yolunun bir hissəsi birləşdirib. Lakin SSRİ-nin dağılmasından və birinci Qarabağ müharibəsi başlayandan sonra bu ərazidə rabitə kəsildi. Dəmir yolu xətti sökülüb, NMR ilə Azərbaycan arasında quru əlaqəsi kəsilib.

2020-ci ildə baş vermiş ikinci Qarabağ müharibəsindən sonra tərəflər bu sahədə nəqliyyat əlaqələrinin bərpası ilə bağlı razılığa gəlməyə çalışıblar. 2023-cü ilin əvvəlinə Zəngəzur dəhlizinin Azərbaycan hissəsində yolun tikintisi 70 faiz tamamlanıb. Prezidenti İlham Əliyev dəfələrlə bəyan edib: “Ermənistan istəsə də, istəməsə də Zəngəzur dəhlizi mütləq açılacaq”. Ermənistan Zəngəzur dəhlizinin tikintisinə etiraz edir. Ölkə hakimiyyəti hesab edir ki, “dəhliz” sözü gələcək yolun və onun altındakı torpağın Bakının nəzarətinə verilməsini nəzərdə tutur. Baş nazir Nikol Paşinyan isə bildirib ki, onun hökuməti “heç bir dəhliz məntiqini müzakirə etməyib, müzakirə etmir və müzakirə etməyəcək”. 2023-cü ilin mayında Ermənistan və Azərbaycan liderləri Nikol Paşinyan və İlham Əliyev Moskvada keçirilən Avrasiya İqtisadi İttifaqının sammitində “Zəngəzur dəhlizi” termini ilə bağlı mübahisə etmişdilər. Ermənistan baş nazirinin sözlərinə görə, bu ifadə onun ölkəsinə qarşı ərazi iddialarını ifadə etmək üçün istifadə olunur. Prezident İlham Əliyev də öz növbəsində “Zəngəzur dəhlizi” dedikdə heç bir iddia nəzərdə tutmadığını əmin etdi. Daha sonra Rusiya Prezidenti Vladimir Putin mübahisəyə müdaxilə edərək əldə edilmiş daha mühüm razılaşmalara işarə etdi.

Azərbaycan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin məlumatına görə, Azərbaycanın materik hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrinin yaranması ixracın 710 milyon dollar artmasına kömək edəcək. Bakı da hər il Bakı-Naxçıvan aviareyslərinin subsidiyalaşdırılmasına xərclənən 10 milyon dollara qənaət edəcək. Bundan əlavə, dəmir yolunun açılması qazın birbaşa nəqlinə imkan verəcək. Hazırda mübadilə sistemi ilə qaz nəqli İran ərazisindən həyata keçirilir. Eyni zamanda, Tehran Azərbaycan tranzitinin 15 faizini ödəniş kimi özündə saxlayır. 2024-cü il oktyabrın 6-da Azərbaycan və İran İslam Respublikası ərazisindən ölkənin əsas hissəsini Naxçıvanla birləşdirəcək dəmir yolunun tikintisinə dair niyyət protokolu imzalanmışdır. Həmin gün Zəngilan rayonunun Ağbənd kəndi ərazisində Azərbaycan və İran arasında avtomobil körpüsünün və sərhəd-gömrük infrastrukturunun təməlqoyma mərasimi keçirilib. Ölkə hökumətinin qeyd etdiyi kimi, yaradılan obyektlər tranzit yükdaşımaların artırılmasına, Naxçıvan Muxtar Respublikası ilə əlaqənin asanlaşdırılmasına xidmət edəcək. Bir sözlə, Naxçıvan Muxtar Respublikasının Azərbaycanın şərq rayonları ilə birləşdirilməsi üçün nəzərdə tutulan Zəngəzur dəhlizi layihəsi təkcə Cənubi Qafqazın inkişafına deyil, həm də türk dünyasında ticarət, logistika və siyasi əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verə bilər.

Azərbaycan Ermənistandan Zəngəzur dəhlizi ilə bağlı addım atmağı gözləyir. Bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu günlərdə baş tutan “GLOBSEC 2025” forumunda “Orta Dəhliz: Yeni Geosiyasi və İqtisadi Strateji Keçid” mövzusunda keçirilən paneldə danışıb. H.Hacıyev qeyd edib ki, Ermənistanın “sülh kəsişməsi” təşəbbüsü həddindən artıq məhdud və gec yanaşmadır: “Azərbaycan əraziləri işğal altında olarkən biz bağlantını münaqişənin həlli prosesinin bir hissəsi kimi müzakirə etdik. İndi münaqişə həll olunub. Biz regionda tam təhlükəsizlik və sabitlik yaratmışıq. Ermənistan regional müzakirələrin və əsas nəqliyyat əlaqələrinin bir hissəsi ola bilər. Hazırda Ermənistanla da müzakirə aparırıq. Regionda hər hansı bir marginalizasiya və təcrid niyyətimiz yoxdur, ancaq həm də Ermənistandan müəyyən gözləntilərimiz var”.

H.Hacıyev diqqətə çatdırıb ki, 30 il ərzində Ermənistan Azərbaycanın Naxçıvan bölgəsini blokada altında saxlayıb: “İndi biz gözləyirik ki, Ermənistan ilk vacib addımı atsın. Bu addım Zəngəzur dəhlizi ilə bağlıdır. Ermənistanda dəhliz sözünə qarşı müəyyən qıcıqlanma hiss edirlər. Mən həmişə zarafatla deyirəm ki, Azərbaycanın bütün ərazisinin dəhliz olmasını istərdim. Yaxşı, buna nə istəyirlərsə desinlər, amma biz ilk növbədə Naxçıvana bağlantı istəyirik, çünki 30 il ərzində biz bu imkandan məhrum olmuşuq. Naxçıvana əlaqə yarandıqdan sonra düşünürəm ki, Ermənistan üçün də başqa imkanlar açıla bilər. Biz Ermənistanı da regional nəqliyyatın bir hissəsi kimi görmək istəyirik”.

Qeyd edək ki, Azərbaycan dəhlizin özünə aid hissəsində infrastruktur işlərini bu il tam yekunlaşdıracaq. Təəssüf ki, Ermənistan hələ də özünə adi seqmentdə heç bir iş görməyib. Bunun əvəzinə İrəvan Bakıya reallığa dəxli olmayan, yəni maneəsiz keçid rejimi ilə uzlaşmayan  qeyri-real təkliflər (“yumşaq rejim”, “sadələşdirilmiş keçid” və s.) verməyə davam edir.

Sevinc Azadi, “İki sahil”