1990-cı illərin əvvəllərində - AXC-Müsavat iqtidarı dönəmində ayrı-ayrı bölgələrdə separatçılıq və parçalanma meyillərinin baş qaldırması, bütün bunların qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaratması Azərbaycanı bir dövlət kimi məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Digər tərəfdən, Ermənistan silahlı qüvvələri tərəfindən ərazilərimizin işğalı davam edirdi. Bir sözlə, Azərbaycan böyük təhlükə qarşısında idi. Belə bir vəziyyətdən çıxış yolunu axtaran Azərbaycan xalqı xilasını yalnız Ulu Öndər Heydər Əliyevin simasında görürdü. Belə bir zamanda, yəni 1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib Naxçıvandan Bakıya gəldi. Xilaskarlıq missiyasını üzərinə götürən Ulu Öndər Bakıda hakimiyyət davasının getdiyi bir vaxtda həyatını təhlükə altında qoyaraq dərhal Gəncəyə yollandı və orada baş qaldırmış qiyamı yatırtdı.
1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Bu seçim tariximizdə yeni bir mərhələnin başlanğıcı oldu. Məhz həmin gün ölkəmiz dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, sürətli inkişafın sarsılmaz təməlləri qoyuldu. Həm də ölkəmiz parçalanıb yox olmaq təhlükəsindən qurtardı. Şübhəsiz, müstəqilliyin ilk illərində Ulu Öndər respublika rəhbərliyində olsa idi, 20 Yanvar, Xocalı faciələri baş verməzdi. Laçın, Şuşa xəyanətlərinin şahidi olmazdıq, ölkəmizin ərazisinin 20 faizi işğal edilməzdi. Bir sözlə, müstəqilliyimiz ağrılı və əzablı yollardan keçməzdi.
Ulu Öndərin hakimiyyətdə olduğu 1993-2003-cü illərdə gördüyü işlər - neft müqavilələrinin imzalanması, nizami ordunun yaranması, asayiş və qayda-qanunun bərqərar edilməsi, ilk parlament seçkilərinin keçirilməsi, referendum yolu ilə Konstitusiyanın qəbul edilməsi, Azərbaycanın beynəlxalq əlaqələrinin formalaşdırılması və s. sayəsində ölkəmiz sabit inkişaf yoluna qədəm qoydu, beynəlxalq aləmdə daxili siyasətlə bağlı bütün məsələlərdə öz prinsipial mövqeyini nümayiş etdirdi, dünyada böyük hörmətə malik oldu. Bir sözlə, 1993-cü ilin 15 iyunu Azərbaycanın tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxması, dünya miqyasında müstəqil siyasət həyata keçirən dövlət kimi tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması ilə səciyyələndi. Şübhəsiz, bu proseslərdə xalqın Ulu Öndər Heydər Əliyevə olan möhkəm, sarsılmaz inamı və dəstəyi mühüm rol oynadı. Göstərilən böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətini, məhəbbətini dəfələrlə bəyan edən və “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır” deyən Ulu Öndər Heydər Əliyevin adı tariximizə Vətənin və xalqın xilaskarı kimi yazıldı. Xalqımız Onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, yenidən hakimiyyətə gəldiyi günü Azərbaycan Respublikasının dövlət bayramı – Milli Qurtuluş Günü kimi qeyd edir. Hətta dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Ulu Öndər Heydər Əliyev bütün dünyada ölkəmizin rəmzi, əbədi müstəqilliymizin memarı, yeni Azərbaycanın banisi kimi qəbul edilir.
Ulu Öndərin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi. Ümummilli Liderin məcburi köçkünlər qarşısında çıxışlarının birində böyük inamla belə demişdi: “Arzu edirəm ki, sizinlə birlikdə gedək Şuşaya. Gedəcəyik, inanın ki, gedəcəyik. Şuşa Azərbaycanın gözüdür, hər bir azərbaycanlı üçün iftixar mənbəyidir. Şuşa bizim mədəniyyətimizin, tariximizin rəmzidir. Şuşa hamı üçün əzizdir. Amma təkcə Şuşa yox, Laçın dağları da əzizdir. Biz heç vaxt Laçınsız yaşaya bilmərik. Ağdam kimi gözəl bir şəhər, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcərin o bulaqları, Kəlbəcərin o İsti suyu - biz onlarsız yaşaya bilmərik”. Ulu Öndər Heydər Əliyevin bu arzusu 27 ildən sonra reallaşdı. Belə ki, Ümumilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev bütün çətinliklərə rəğmən ata vəsiyyətini yerinə yetirdi. Bu gün Şuşada, Laçında, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Xankəndidə üçrəngli Bayrağımız əzəmətlə dalğalanır. Böyük Qayıdışın reallaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilir. Hazırda sürətlə abadlıq-quruculuq işləri aparılan bu məkanlarda hətta beynəxalq səviyyəli tədbirlər də keçirilir.
Bəli, bu gün ölkəmiz təkcə regionda deyil, dünya miqyasında təşəbbüslərlə çıxış edən, iqtisadi və siyasi sabitliyə malik olan bir dövlətdir. Bütün bu nailiyyətlərin kökündə isə 15 İyunda atılan tarixi addım, Xalq-Lider birliyi, daha doğrusu, xalqın seçimi dayanır. Yeri gəlmişkən, Prezident İlham Əliyev çıxışlarının birində demişdir: “Danılmaz həqiqətdir ki, Azərbaycanın müasir və müstəqil dövlət kimi mövcudluğu, inkişafı XX əsrdə ikinci dəfə qazandığımız müstəqilliyin ilk illərinə təsadüf edən Milli Qurtuluş Günü ilə əlaqədardır. Qurtuluş Günü Azərbaycan tarixində dönüş nöqtəsi idi”.
Qvami Məhəbbətoğlu, “İki sahil”