Almaniyada yeni doğulanların sayının ölüm hallarından az olmasına baxmayaraq, əhalinin sayı artıb. Ötən ilin sonunda Almaniyada əhalinin sayı 83,6 milyon nəfər təşkil edib ki, bu da ölkə tarixində ən yüksək göstəricidir. 2023-cü illə müqayisədə artım 0,1 faiz və ya 121 min nəfər olub.
“İki sahil” xəbər verir ki, bu barədə Federal Statistika İdarəsi məlumat yayıb.
Ölkədə doğum sayının ölüm hallarından az olmasına baxmayaraq, artımın əsas səbəbi miqrasiya balansının müsbət olmasıdır. Miqrasiya balansı əvvəlki illə müqayisədə 660 min nəfərdən 420 min nəfərə düşsə də, hələ də müsbət olaraq qalır. 2023-cü ildə artım daha çox – 338 min nəfər və ya 0,4 faiz təşkil etmişdi. Bunun əksinə, əhalinin təbii azalması - ölüm sayının doğum sayından çox olması davam edib. Bu fərq 2023-cü illə müqayisədə sabit qalıb - 330 min.
Qərbi Almaniya əyalətlərində əhalinin sayı əvvəlki illə müqayisədə 0,2 faiz və ya 136 min nəfər artaraq 67,5 milyon nəfərə çatıb. Lakin Berlin istisna olmaqla, Şərqi Almaniya əyalətlərində bu say 0,3 faiz və ya 38 min nəfər azalaraq 12,4 milyon nəfərə enib. Əhalisi ən çox azalan əyalətlər Türingen (0,7 faiz və ya 15 min nəfər), Saksoniya (0,3 faiz və ya 12 min nəfər azalma) və Saksoniya-Anhalt (0,4 faiz və ya 9 min) olub. Əhali artımına görə ilk sırada Bavariya gəlir – 73 min nəfər.
Ölkədə əcnəbi əhalinin sayı 2024-cü ildə 283 min nəfər və ya 2,3 faiz artaraq 12,4 milyon nəfərə çatıb. Alman vətəndaşlarının sayı isə 162 min nəfər və ya 0,2 faiz azalaraq 71,2 milyon nəfər olub. Bununla da əcnəbilərin əhalidəki payı 2023-cü ilin sonundakı 14,5 faizdən 14,8 faizə yüksəlib.