300-dən çox gənc dünyanın ən yaxşı 10 universitetindən qəbul alıb.
“İki sahil” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimində deyib. Nazir bildirib ki, xaricdə təhsil üzrə Dövlət Proqramının əsas hədəfi ən yüksək reytinqə sahib universitetlərdə təhsil imkanlarını dəstəkləməkdir: “Bu proqram çərçivəsində bakalavriat, magistratura və doktorantura səviyyələrində dünyanın ən yüksək reytinqli universitetlərinə qəbul olan tələbələrə dəstək verilir. Bu, sadəcə bir meyar deyil. Artıq bu, bir siyasətə çevrilib. Çünki məqsədimiz həm də ölkənin insan kapitalını gücləndirməkdir”.
Proqrama marağın ildən-ilə artdığını qeyd edən nazir təkcə 2025–2026-cı tədris ili üçün mindən artıq müraciətin daxil olduğunu söyləyib: “Bu günə qədər qəbul olmuş tələbələrin təhsil aldığı universitetlər dünyanın ən yaxşı 10 ali təhsil müəssisəsindən ibarətdir. Xüsusilə bakalavriat səviyyəsində həmin universitetlərə qəbul olan gənclər var. Dövlət Proqramı vasitəsilə 300-dən çox gənc dünyanın ən nüfuzlu TOP10 universitetindən birinə qəbul alıb. Bu, ölkənin gələcəyi üçün strateji əhəmiyyət daşıyan bir nəticədir. Çünki universitet təkcə bilik verilən məkan deyil, o, həm də insanın formalaşdığı, inkişafa doğru yönəldiyi mərkəzdir. Biz bu investisiyaya çox ciddi yanaşırıq və istəyirik ki, bu gənclər təhsillərini başa vurduqdan sonra Azərbaycana qayıdıb ölkənin inkişafına töhfə versinlər”.