08 iyul 2025 02:50
114

Qafqazın ən əlverişli investisiya məkanı

Son 20 il ərzində Azərbaycan iqtisadiyyatına 350 milyard ABŞ dollarına yaxın sərmayə qoyulmuşdur ki, bunun da yarısı xarici sərmayədir

İnvestisiya qoyuluşu iqtisadiyyatın inkişafında hərəkətverici qüvvə rolunu oynayır. Kapital qoyuluşu olmadan iqtisadiyyatın inkişaf etməsi mümkünsüzdür. Buna görə də inkişaf etmiş ölkələrdə belə iqtisadiyyata sərmayə qoyuluşu dayanmır. Ölkəmizdə də həyata keçirilən siyasətin əsas məqsədlərindən biri milli iqtisadiyyatımızı davamlı olaraq kapital qoyuluşu ilə təmin etməkdir. Sevindirici haldır ki, Azərbayan iqtisadiyyatına sərmayə qoyuluşu artmaqda davam edir. Bu, dövlət, eləcə də yerli və xarici özəl mənbələr hesabına formalaşır. Bununla yanaşı, həyata keçirilən iri infrastruktur layihələrinə beynəlxalq maliyyə qurumları tərəfindən də sərmayə yatırılır. Açıqlanan statistik rəqəmlərdə ölkə iqtisadiyyatına yatırılan sərmayələrin həcminin artdığı bildirilir. “Bizim ölkəmizdə çox müsbət sərmayə iqlimi mövcuddur. Son 20 il ərzində Azərbaycan iqtisadiyyatına 350 milyard ABŞ dollarına yaxın sərmayə qoyulmuşdur ki, bunun da yarısı xarici sərmayədir”. Bunu Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə çıxışı zamanı deyib. Bu göstəricilər iqtisadi fəallığın və infrastruktur layihələrinin genişləndiyini, ölkə daxilində kapital qoyuluşlarının artmaqda davam etdiyini təsdiqləyir.

Bildirək ki, hesabat dövründə neft-qaz sektoruna 1,03 milyard manat, qeyri-neft-qaz sektoruna isə 2,4 milyard manat məbləğində sərmayə yatırılıb. Bu göstərici Azərbaycanın enerji sektorundakı mövcud vəziyyəti diqqətə çatdırmaqla yanaşı, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində atılan addımları, qeyri-neft sektoruna artan maraqları, həm dövlət siyasətinin prioritetlərinin, həm də xarici və yerli investorların diversifikasiya meyillərini nümayiş etdirir. Müəssisə və təşkilatların öz vəsaitləri hesabına əsas kapitala yönəltdiyi investisiyaların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 7,9 faiz artaraq 2,1 milyard manata çatıb. Bu isə göstərir ki, sahibkarlığın maliyyə imkanları getdikcə genişlənir və özəl sektor iqtisadi inkişafa töhfə verən əsas oyunçulardan biri kimi çıxış edir. Ümumi sərmayənin 52,3 faizindən məhsul istehsalı, 28 faizindən xidmət sahələrinin inkişafı, 19,7 faizindən isə yaşayış evlərinin tikintisi üçün istifadə olunub. Bu bölgü infrastrukturun və sosial təminatın balanslı inkişafını təmin etməyə yönəlmiş strateji yanaşmanın tərkib hissəsidir. Bu dövrdə investisiyaların 43,1 faizi dövlət sektoru, 56,9 faizi isə qeyri-dövlət sektoru tərəfindən reallaşdırılıb. Bu da iqtisadiyyatda özəl təşəbbüslərin payının artdığını və dövlətin iqtisadiyyatda tənzimləyici və stimullaşdırıcı rola üstünlük verdiyini göstərir.

Yatırımların 77,7 faizi tikinti-quraşdırma işlərinə yönəldilib. Bu göstərici ölkədə infrastrukturun, sənaye və sosial obyektlərin, eləcə də yaşayış komplekslərinin genişmiqyaslı tikintisinin sürətlə həyata keçirildiyini sübut edir. İnvestisiya qoyuluşunun strukturunda sənaye (45,2 faiz) və tikinti (26 faiz) sahələri əsas yer tutur. Sənayenin ön planda olması onun iqtisadi dəyər yaratma potensialını və qeyri-neft sektorunun inkişafındakı rolunu əks etdirir. I rübdə daxili mənbələrdən əsas kapitala yönəldilən investisiya ümumi sərmayənin 72,6 faizini təşkil edib ki, bu da iqtisadiyyatda daxili maliyyə dayanıqlığının yüksəldiyini göstərir. Bununla yanaşı, xarici mənbələrdən yönələn investisiyaların dəyəri də artaraq 0,9 milyard manata (ötən ilin eyni dövrü ilə müqayisədə 19,4 faiz çox) çatıb.

Xarici sərmayələr ümumi investisiyaların 27,4 faizini təşkil edib. Xarici kapital qoyuluşlarının 98,7 faizi əsasən Birləşmiş Ərəb Əmirlikləri, Birləşmiş Krallıq, Türkiyə, İsveçrə, Rusiya, ABŞ, Yaponiya, İran, Fransa, Macarıstan və Hindistan kimi ölkələrə məxsusdur. Bu isə Azərbaycanın ənənəvi ticarət tərəfdaşları ilə sıx iqtisadi əməkdaşlıq əlaqələrinin davam etdiyini və ölkənin beynəlxalq maliyyə mərkəzləri üçün etibarlı investisiya məkanı kimi qəbul edildiyini sübut edir. Azərbaycan son illərdə iqtisadi və institusional islahatlar nəticəsində investorlar üçün daha cəlbedici bir mühit formalaşdırıb. İnvestisiya qanunvericiliyinin təkmilləşdirilməsi, vergi güzəştləri, sərmayədarların hüquqlarının qorunması və logistika infrastrukturunun genişlənməsi bu sahədə əsas üstünlüklərdəndir. Xüsusilə sənaye zonaları və azad iqtisadi zonaların yaradılması (məsələn, Ələt Azad İqtisadi Zonası), yerli və xarici investorlar üçün geniş imkanlar açır. Qeyri-neft sektorunda, xüsusən kənd təsərrüfatı, alternativ enerji, İKT, turizm, nəqliyyat – logistika və emal sənayesi sahələri yüksək potensiala malikdir. Dövlətin “yaşıl” inkişaf gündəliyi çərçivəsində bərpa olunan enerji layihələrinə (Günəş və külək enerjisi stansiyaları kimi) artan diqqət, bu sahədə iri xarici investisiyaların cəlb olunmasına səbəb olub. Məsələn, BƏƏ və Səudiyyə Ərəbistanından olan enerji şirkətləri bu istiqamətdə iri layihələr həyata keçirməkdədir. Eyni zamanda, Azərbaycanın geostrateji mövqeyi - Avropa ilə Asiyanı birləşdirən nəqliyyat dəhlizlərində yerləşməsi - ölkəni regional logistika və ticarət mərkəzinə çevirmə potensialını artırır. Bu isə tranzit daşımaları, anbarlaşdırma və ticarət xidmətləri sahəsində sərmayələrin artmasına səbəb olur.

Bir sözlə, cari ilin I rübündə müşahidə olunan investisiya axınları ölkə iqtisadiyyatının sabitliyini, investorlara təqdim olunan şəffaf mühiti və inkişaf strategiyalarının effektivliyini bir daha təsdiqləyir. İstər daxili, istərsə də xarici investorlar üçün Azərbaycanın təqdim etdiyi imkanlar real iqtisadi dəyər və uzunmüddətli gəlirlilik perspektivləri vəd edir. Bu dinamika ölkənin dayanıqlı və rəqabətədavamlı iqtisadi inkişafına təkan verir.

Sevinc Azadi, “İki sahil”