08 iyul 2025 13:00
124

Süni torpaq sahələrində əyləncə oyunlarının təşkili və tənzimlənməsi haqqında qanunvericilik dəyişikliyi təsdiqlənib

Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Cinayət Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, “Dövlət rüsumu haqqında”, “Reklam haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanunlarda dəyişiklik təsdiqlənib.

“İki sahil” xəbər verir ki, sənəd layihəsi parlamentin iyulun 8-də keçirilən iclasının gündəliyinə daxil edilib.

Qanun layihəsi əsasında mülki, cinayət və inzibati hüquq normalarına, eləcə də əlaqəli qanunvericilik aktlarına dəyişikliklər edilərək süni torpaq sahələrində kazino oyunlarının təşkili və keçirilməsi hüquqi əsaslarla tənzimlənib. Qanunla Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində yaradılan süni torpaq sahələrində lisenziya əsasında kazino fəaliyyətinin həyata keçirilməsi mümkün olub, bu sahədə fəaliyyətin tənzimlənməsi, nəzarət mexanizmləri və müvafiq maliyyə öhdəlikləri müəyyən edilib. Həmçinin qanunda kazino oyunlarının virtual mühitdə keçirilməsinin qadağan olunması, 21 yaşdan kiçik şəxslərin kazino oyunlarında iştirakının yasaqlanması, eləcə də maliyyə əməliyyatları ilə bağlı xüsusi tələblər yer alıb. Qanun, həmçinin əlaqəli normativ aktlarda müvafiq dəyişikliklər aparmaqla, bu sahənin hüquqi bazasının gücləndirilməsinə xidmət edir və investisiya mühitinin yaxşılaşdırılması məqsədi daşıyır.