İqtisadçı ekspert : WUF13 Forumunun təşkili Azərbaycanın şəhərsalma sahəsində formalaşdırdığı yanaşmanı beynəlxalq ictimaiyyətə təqdim etməsi üçün əhəmiyyətli imkandır
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən şəhərsalma proqramları həm sosial-iqtisadi inkişafı təşviq edir, həm də müasir və dayanıqlı yaşayış mühitlərinin yaradılmasına yönəlir. Bu siyasətin əsas prinsipi insan mərkəzli yanaşmadır. Yəni, şəhərlərin planlaşdırılması zamanı insanların həyat keyfiyyətinin artırılması, xidmətlərə əlçatanlıq, yaşıl zonaların yaradılması, enerji səmərəliliyi və davamlı nəqliyyat sistemləri kimi faktorlar əsas götürülür. Eyni zamanda, ətraf mühitin qorunması da Azərbaycanın şəhərsalma strategiyasının ayrılmaz hissəsidir. Məsələn, “ağıllı şəhər” və “ağıllı kənd” layihələri təkcə texnoloji innovasiyalarla deyil, həm də ekoloji balansın qorunması, alternativ enerji mənbələrinin istifadəsi və karbon izinin azaldılması ilə fərqlənir. Bu da ölkənin iqlim dəyişikliklərinə qarşı dayanıqlı inkişaf modelinə sadiqliyini nümayiş etdirir.
Azərbaycanın bu istiqamətdə atdığı ardıcıl və strateji addımlar beynəlxalq miqyasda da diqqət mərkəzindədir. Bu maraq öz təzahürünü 2026-cı il mayın 17–22-də Bakının ev sahibliyi edəcəyi Ümumdünya Şəhərsalma Forumu (WUF13) kimi mötəbər tədbirdə tapır. Forumun BMT-nin İqlim Dəyişikliyi üzrə COP konfranslarından sonra ikinci ən böyük qlobal platforma kimi qiymətləndirilməsi Azərbaycanın şəhərsalma, davamlılıq və ətraf mühit sahələrində artıq aparıcı mövqedə dayandığını göstərir. WUF13-ün Bakıda keçirilməsi zamanlama və məzmun baxımından da xüsusi əhəmiyyət daşıyır. 2026-cı il BMT-nin aparıcı təsisatı olan Məskunlaşma Proqramı (UN-Habitat) üçün bir sıra tarixi hadisələrin – “Habitat I” konfransının 50, “Habitat II”nin 30 və “Yeni Şəhər Gündəliyi”nin 10 illiyi ilə yadda qalacaq. Bu yubileylər BMT-nin şəhərsalma üzrə keçdiyi yolu təhlil etmək və gələcək üçün strateji istiqamətləri müəyyənləşdirmək baxımından mühüm imkan yaradır. Belə bir məqamda Bakının ev sahibliyi etməsi isə Azərbaycanın bu prosesdə sadəcə iştirakçı deyil, aparıcı tərəfdaş olduğunu göstərir.
İqtisadçı ekspert Eldəniz Əmirov mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, Bakının belə mötəbər beynəlxalq tədbirə ev sahibliyi etməsi, təbii ki, həm mühüm, həm də simvolik hadisədir: “Bu, Azərbaycanın son illərdə şəhərsalma sahəsində atdığı ciddi addımların və beynəlxalq əməkdaşlığa açıq, təşəbbüskar mövqeyinin bariz göstəricisidir. Son dövrlərdə ölkəmiz saysız-hesabsız beynəlxalq tədbirlərə ev sahibliyi etmiş, bu prosesləri yüksək səviyyədə və uğurla icra etmişdir. Bu təcrübə, şübhəsiz ki, WUF13 kimi qlobal əhəmiyyətli tədbirin təşkili zamanı da öz müsbət təsirini göstərəcək”.
Ekspertin fikrincə, şəhərsalma mədəniyyətinin formalaşması baxımından Azərbaycan təkcə paytaxtla kifayətlənmir: “Bütün ölkə üzrə bu mədəniyyətin yenidən qurulması istiqamətində yeni bir mərhələyə başlanılıb. Bakının Baş planının hazırlanması ilə yanaşı, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı yenidənqurma işləri həyata keçirilir. Ağıllı kənd və şəhər konsepsiyaları, yaşıl enerji zonalarının yaradılması kimi təşəbbüslər bu prosesin ayrılmaz hissəsidir. Bütün bu addımlar müasir planlaşdırma prinsiplərinə əsaslanan şəhər konseptlərini əks etdirir. Bu təcrübə həm şəhərlərin dayanıqlı şəkildə genişləndirilməsi, həm də şəhərsalma sahəsində çalışan beynəlxalq mütəxəssislər üçün ciddi maraq doğurur. Bakı həm geosiyasi mövqeyinə, həm də son illərdə həyata keçirilən irimiqyaslı infrastruktur layihələrinə, sürətli şəhərsalma inkişafına və estetik baxımdan dəyişən simasına görə diqqət mərkəzindədir. Paytaxtımızın zəngin mədəni irsi, müasir memarlıq nümunələri və nəqliyyat infrastrukturunun yeni mərhələyə keçməsi bu cür mötəbər beynəlxalq tədbirlərin burada keçirilməsini şərtləndirən əsas amillərdəndir”.
Eldəniz Əmirov hesab edir ki, Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumu ikitərəfli əhəmiyyətə malikdir : “Bir tərəfdən bu, Azərbaycanın böyüyən və modernləşən şəhər modelini beynəlxalq ictimaiyyətə təqdim etmək imkanıdır. Digər tərəfdən isə Forum ölkə daxilində mövcud problemləri və çatışmazlıqları daha dərindən anlamağa, bu istiqamətdə beynəlxalq təcrübədən faydalanmağa geniş imkan yaradacaq. Onsuz da Bakı artıq “Beynəlxalq Tədbirlər Şəhəri” statusu qazanıb. Bu kontekstdə yanaşdıqda, WUF13 Forumunun təşkili Azərbaycanın şəhərsalma sahəsində formalaşdırdığı yanaşmanı beynəlxalq ictimaiyyətə təqdim etməsi üçün əhəmiyyətli imkandır. Həmçinin bu, ölkəmizin şəhərsalmaya dair yanaşmalarını, prioritetlərini və strateji baxışını qlobal ictimaiyyətlə paylaşması üçün də dəyərli fürsətdir”.
Nigar Orucova, “İki sahil”