Müəllimlərin İşə Qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsində biologiya fənni üzrə Azərbaycan bölməsində 2533 nəfər, rus bölməsində isə 132 nəfər iştirak edib. Azərbaycan bölməsi üzrə yüksək nəticə göstərənlərin sayı 70-100 bal aralığında dəyişir: 90-100 bal toplayanlar 61 nəfər, 80-89 bal arası nəticə göstərənlər isə 378 nəfərdir.
“İki sahil” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Sertifikatlaşdırma 2025: peşəkar müəllim - keyfiyyətli təhsil” mövzusunda ADA Universitetində keçirilən tədbirdə deyib.
Nazir bildirib ki, rus bölməsi üzrə maksimal nəticələr əsasən 55-60 bal intervalında dəyişir və bu aralıqda təxminən 20 nəfər iştirakçı yer alır: “Azərbaycan bölməsində daha yüksək bal toplayanların sayı əhəmiyyətli dərəcədə çoxdur. Riyaziyyat fənni üzrə də oxşar tendensiya müşahidə edilir. Son 5-7 ilin nəticələrinə əsasən, Azərbaycan bölməsində 80 baldan yuxarı nəticə adi hal sayıldığı halda, rus bölməsində 40 bal üzəri nəticə müsbət qiymətləndirilir”.