11 iyul 2025 15:09
129

“Qərbi Azərbaycan irsi” kitabının I cildinin təqdimat mərasimi keçirilib - FOTO

Bakıda "Azerconnect Group” və Medianın İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə gənc jurnalistlər üçün “Gələcəyin mediası: “Əkinçi”nin izi ilə” mövzusunda mediaforum keçirilir.

“İki sahil” xəbər verir ki, forumun məqsədi gənclərin media sahəsində peşəkar inkişafının dəstəklənməsi, təcrübəli media nümayəndələri ilə görüş və fikir mübadiləsinin təşkili, həmçinin rəqəmsal texnologiyalar və süni intellektin tətbiqi ilə bağlı praktiki biliklərinin artırılmasıdır.

Tədbirdə dövlət və özəl sektor nümayəndələri, ölkənin aparıcı media qurumları, ali təhsil müəssisələrinin təmsilçiləri, eyni zamanda, jurnalistika və kommunikasiya ixtisası üzrə təhsil alan gənclər iştirak ediblər.

Forumda açılış nitqi ilə çıxış edən “Azerconnect Group”un baş direktoru Emil Məsimov tariximizin ən önəmli anlarında medianın ölkənin milli maraqlarının qorunmasına öz töhfəsini verdiyini vurğulayıb. Müasir dövrdə media anlayışının rəqəmsal texnologiyalar və yeni kommunikasiya vasitələri ilə yenidən formalaşdığına diqqət çəkən baş direktor bu transformasiyada gənc nəslin həlledici rol oynadığını qeyd edib.

Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bildirib ki, Azərbaycanda gənclərin özünü ifadə etməsi, öz potensialını reallaşdırması üçün olduqca münbit və əlverişli şərait mövcuddur. O, istedadlı gənclərimizin öz bilik və bacarıqlarını media sahəsində də realizə etmək üçün səylərini əsirgəməyəcəklərinə və bu prosesdə qazanan tərəfin Azərbaycan mediası, bütövlükdə isə ictimai fikir olacağına inamını ifadə edib.

Mətbuat Şurasının sədri Rəşad Məcid isə çıxışında “Əkinçi” qəzetindən başlanan Azərbaycan milli mətbuat tarixinin zəngin inkişaf yoluna nəzər salıb. O qeyd edib ki, bu tarixi irs indi də medianın əsas missiyasını müəyyənləşdirir və yeni nəsil jurnalistlərin formalaşmasında mühüm rol oynayır.

Forum panel müzakirələrlə davam edir.

***

Bakıda "Azerconnect Group” və Medianın İnkişafı Agentliyinin (MEDİA) birgə təşkilatçılığı ilə Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə gənc jurnalistlər üçün “Gələcəyin mediası: “Əkinçi”nin izi ilə” mövzusunda mediaforum panel müzakirələrlə davam edib.

“İki sahil” xəbər verir ki, MEDİA-nın Kommunikasiya şöbəsinin müdiri Səidə Şəfiyevanın moderatorluğu ilə baş tutan “Gələcəyin mediasına baxış: jurnalistika gələcəyin peşəsi kimi” mövzusunda panel sessiyada “BAKU TV”nin rəhbəri Ramin Cəfərov, “APA TV”nin rəhbəri Orxan Məmmədli, “Azerconnect Group”un Korporativ kommunikasiyalar departamentinin direktoru Əziz Axundov, “Qafqazinfo.az” veb-saytının baş redaktoru Günel Əbilova, “Oxu.az” veb-saytının baş redaktoru Ülvi Səfərov tərəfindən media sahəsində innovativ yanaşmalar, süni intellektin jurnalistikaya təsiri, rəqəmsal transformasiya prosesləri, eləcə də gələcəyin jurnalistləri üçün zəruri kompetensiyalar barədə geniş müzakirələr aparılıb və jurnalistika peşəsinin cəmiyyət üçün strateji əhəmiyyət daşıdığı, gənclərin bu sahəyə marağının təşviq edilməsinin vacibliyi vurğulanıb.

Sual-cavab formatında təşkil edilən paneldə çıxışçılar süni intellektin peşəkar mediaya təsirindən danışıblar. Təcrübədən nümunələr əsasında çıxış edən natiqlər bildirib ki, müasir mediada oxucu ciddi xəbər axtarışındadır. Oxucuların media transformasiyasının önəmi vurğulanıb. Qeyd olunub ki, sosial şəbəkələrdə olan xəbərlər peşəkar media tərəfindən dəqiq mənbələrlə təsdiqlənərək yayıldığından hələ yazılı medianın önəmi qalır. İnformasiyanın səhihliyi bir çox hallarda operativlik meyarını üstələyir.

Mediaya gələn gənclərin peşəkarlıq səviyyəsinin artırılması istiqamətində həyata keçirilən layihələrdən söhbət açılıb.