13 iyul 2025 13:41
138

Şəki və Zaqatalada 2 ixtisas qrupu üzrə qəbul imtahanı 8 mərkəzdə aparılıb

Dövlət İmtahan Mərkəzinin (DİM) iyulun 13-də Şəki və Zaqatalada keçirdiyi I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları, həmçinin III qrup üzrə DT və TC altqruplarının hər ikisini seçənlər üçün coğrafiya fənni üzrə imtahanlar başa çatıb.

“İki sahil” xəbər verir ki, imtahanların keçirilməsi üçün Şəkidə 6, Zaqatalada isə 2 mərkəz olmaqla, ümumilikdə 8 bina ayrılıb. İştirakçıların imtahan binalarına rahat şəkildə daxil olmaları üçün binalara müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib.

DİM-in regional bölməsindən verilən məlumata görə, Şəkidə keçirilən və ümumilikdə 1311 nəfərin iştirakının nəzərdə tutulduğu imtahanların idarə olunmasına 16 imtahan rəhbəri və 127 nəzarətçi cəlb edilib. İmtahanların keçirilməsi üçün 106 zal ayrılıb.

Zaqatalada keçirilən qəbul imtahanında isə 516 nəfərin iştirakı nəzərdə tutulub. İmtahanların idarə olunmasına 7 imtahan rəhbəri və 48 nəzarətçi cəlb edilib. İmtahanların keçirilməsi üçün 40 zal ayrılıb. İmtahan saat 10:00-da başlanıb və 3 saat davam edib.

Regional bölmənin müdiri Səbuhi Hüseynov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, bütün imtahan mərkəzlərində imtahanlar mövcud təlimata uyğun şəkildə aparılıb və heç bir qanun pozuntusuna yol verilməyib.