13 iyul 2025 17:34
137

Avstraliyada 2 Fransa vətəndaşı 32 kiloqram metamfetamin ilə yaxalanıb

Avstraliyanın Brisben şəhərinin hava limanında polis qaçaqmalçılıq yolu ilə ölkəyə 32 kiloqram metamfetamin keçirməyə cəhd edən 2 Fransa vətəndaşını saxlayıb.

“İki sahil” Avstraliya mediasına istinadla xəbər verir ki, federal polis və sərhəd xidmətinin əməkdaşları 19 və 20 yaşında 2 fransız qadının baqajına baxış zamanı 32 ədəd ayrı-ayrılıqda bükülmüş ağ maddədən ibarət kərpic formasında bağlama tapıblar. Bağlamaların narkotik vasitə olan metamfetamin olduğu müəyyən edilib. Müsadirə edilən narkotik vasitənin bazar dəyəri təxminən 19 milyon ABŞ dollarına bərabərdir.

Günahları sübuta yetirilərsə, onları ömürlük həbs cəzası gözləyir.

Qeyd edək ki, bu, Fransa vətəndaşlarının qaçaqmalçılıq yolu ilə Avstraliyaya narkotik vasitə gətirmək üçün ilk cəhdi deyil. İyulun əvvəlində polis baqajda 30 kiloqram kokain qaçaqmalçılığı ilə əlaqədar 4 qadından ibarət qrupu saxlayıb. Brisben hava limanında 2 qadının saxlanılması da məhz iyulun əvvəlindəki hadisədən sonra toplanmış əməliyyat məlumatları əsasında mümkün olub. Polis güman edir ki, qeyd olunan narkotik vasitə qaçaqmalçılığı bir şəbəkənin işidir.