14 iyul 2025 12:33
111

Azərbaycan bölməsi üzrə abituriyentlərin imtahanda düzgün cavablarının orta statistik göstəriciləri açıqlanıb

Azərbaycan bölməsi üzrə abituriyentlərin test tapşırıqlarına verdikləri düzgün cavabların orta statistik göstəriciləri bəlli olub. I ixtisas qrupubda (riyaziyyat, fizika, mühəndislik, memarlıq və aqrar ixtisaslar) ana dili üzrə düzgün cavab faizi 60.45, riyaziyyat üzrə 45.56, ingilis dili üzrə isə 47.98 faiz təşkil edib. Bu qrupda II mərhələdə abituriyentlər fizika üzrə 32.70, kimya üzrə 24.02, riyaziyyat (profil) üzrə isə 36.51 faiz düzgün cavab veriblər.

“İki sahil” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə 2024/2025-ci tədris ili üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarının nəticələrinin statistik təhlilinə həsr olunmuş təqdimatda deyib. O bildirib ki, II ixtisas qrupu üzrə (iqtisadiyyat, idarəetmə, sosiologiya və coğrafiya ixtisasları) abituriyentlər ana dili üzrə 57.89, riyaziyyat üzrə 31.34, ingilis dili üzrə 41.95 faiz düzgün cavab veriblər. Bu qrupda II mərhələdə coğrafiya üzrə orta düzgünlük 26.75, informatika üzrə isə 33.78 faiz olub.

III ixtisas qrupu üzrə (humanitar, pedaqoji ixtisaslar) abituriyentlərin ana dili üzrə düzgün cavab faizi 68.71, riyaziyyat üzrə 30.51, ingilis dili üzrə isə 50.61 təşkil edib. Tarix üzrə nəticə 42.35, ədəbiyyat üzrə isə 42.31 faiz olub.

IV ixtisas qrupu üzrə (tibb, kimya, biologiya, psixologiya və aqrar ixtisaslar) göstəricilər daha yüksək olub. Bu abituriyentlər ana dili üzrə 75.74, riyaziyyat üzrə 62.70, ingilis dili üzrə isə 67.43 faiz düzgün cavab veriblər. II mərhələdə biologiya üzrə 48.47, kimya üzrə 44.84, fizika üzrə isə 43.76 faiz nəticə qeydə alınıb.

V ixtisas qrupu üzrə (incəsənət, musiqi və idman ixtisasları) göstəricilər digər qruplarla müqayisədə daha aşağı olub. Bu qrupda ana dili üzrə düzgün cavab faizi 56.22, riyaziyyat üzrə 32.42, ingilis dili üzrə isə 32.58 faiz təşkil edib.