17 iyul 2025 10:20
136

İrəvanda siyasi hərarət yüksəlir

Erməni keşişi Nikol Paşinyanın başının kəsilməsini təklif edir

Baş nazir Nikol Paşinyanla kilsə arasında gərkinlik pik nöqtəsinə çatıb. Bu, İrəvanda siyasi hərarətin yüksəlməsinə səbəb olub. Belə ki, Erməni Apostol Kilsəsinin nümayəndələri ilə yanaşı, daxili siyasi mübarizədə rusiyalı iş adamları və Rusiyadakı erməni diasporu Paşinyana qarşı çox fəallaşıb. Buna nümunə olaraq rusiyalı milyarder, hazırda Ermənistanda həbsdə olan Samvel Karapetyanın partiya yaratmasını göstərmək olar.

Tarixən dini məbəddən çox ideoloji-siyasi mərkəz kimi fəaliyyət göstərən, daim etnik nifrətin, separatizmin, terrorizmin təbliğatçısı olan, siyasi sifarişləri yerinə yetirən erməni kilsəsi Paşinyanın devrilməsi üçün açıq şəkildə hərəkətə keçib. Kilsənin nümayəndələri baş nazirə qarşı terorrçu-ekstremist çağırışlar etməkdən belə çəkinmirlər. İş o yerə çatıb ki, erməni kilsəsinin azğınlaşan keşişi məhdudsaylı tərəfdarlarının qarşısında çıxış edərək Nikol Paşinyanın başının kəsilməsini istəyib. Ermənistanın baş nazirinin ofisinin rəhbəri Araik Arutyunyan Feysbuk səhifəsində din xadiminin çıxış videosundan bir parça paylaşaraq yazıb ki, Erməni Apostol Kilsəsi İŞİD-in qoluna çevrilib, baş kəsilir, baş isə Ermənistanın seçilmiş baş nazirinindir: “O deyir ki, Paşinyanın başını kəsmək lazımdır. İndi fikirləşin ki, Vazgen Qalstanyan (“Müqəddəs mübarizə” hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyan nəzərdə tutulur-red.) onunla müqayisədə “ağbənizdir”.

 Erməni keşişlərlə yanaşı, Rusiyadakı erməni diasporunun bəzi nümayəndələri də Paşinyana qarşı təzyiq göstərməyə çalışırlar. Bu günlərdə Rusiya Erməniləri İttifaqının rəhbəri Ara Abramyan Ermənistanın Baş naziri Nikol Paşinyana müraciət edərək, erməni xalqına toxunmamağı və onların təhlükəsiz şəraitdə yaşamasını təmin etməyi istəyib. Bu barədə “RİA Novosti”yə bildirən Ara Abramyan yazıb: “İnsanlar nəsə deməyə qorxurlar (Paşinyan əleyhinə). Onun taktikası müxalifəti günahlandırmaqdır, guya erməni xalqını dəyərdən salan müxalifətdir. Ən yaxşı xalq bizimdir, ən yaxşı, cənab Paşinyan. Xalqa toxunmayın. Xalqın qayğısına qalmalıyıq, elə etməliyik ki, xalq yaxşı yaşasın, xalq təhlükəsiz olsun, övladlarının gələcəyi var. Bəs siz nə edirsiniz?”.

Şübhəsiz, Paşinyan hakimiyyəti erməni diasporunun oliqarx nümayəndələrinin əksəriyyətinin ayrı-ayrı ölkələrin təhlükəsizlik orqanları ilə əlaqədə olmasını çox yaxşı bilir. Buna görə də belələri ilə bağlı müəyyən tədbirlər görməkdən çəkinmir. Bu baxımdan ötən ay “Taşir” Şirkətlər Qrupunun və “Ermənistanın Elektrik Şəbəkələri” (“ESA”) şirkətini sahibi, Rusiyada böyük biznesə sahib olan, kilsə-hökumət qarşıdurmasına “öz yolu ilə müdaxilə edəcəyini” vəd edən, kilsəni müdafiə edən erməni milyarder Samvel Karapetyanın gecə saatlarında İrəvanda həbs edilməsi diqqəti çəkir.

Yeri gəlmişkən, bu günlərdə “Hraparak” qəzeti yazıb ki, Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampa Ruben Vardanyanın azadlığa buraxılmasına kömək xahiş edən məktub göndərməkdən imtina edib. Nəşr bildirir ki, Amerikadakı erməni diasporunun nüfuzlu nümayəndələri Trampın ətrafı ilə danışıqlar aparıb və onun kürəkəninə çıxıblar. İddialara görə, Tramp İrəvandan rəsmi müraciət olarsa, vəziyyətə müdaxilə etməyə hazır olduğunu söyləyib. Ardınca Vardanyanın ailəsi Amerikadakı səfir Lilit Makunts vasitəsilə Ermənistanın baş nazirinə müvafiq məktub göndərib. Lakin rədd cavabı alıb. Paşinyan hökumətindən bildirilib ki, belə bir addım Azərbaycanla sülh sazişinin imzalanması prosesinə zərər verə bilər...

Görünən odur ki, Paşinyan göstərilən bütün müqavimətlərə baxmayaraq kilsənin, eləcə də bəzi oliqarxların ölkənin ictimai-siyasi həyatına və xarici siyasətinə müdaxiləsinin qarşısını almaq, onları bu prosesdən uzaqlaşdırmaq üçün sərt tədbirlər görməkdə davam edəcəkdir. 2024-cü ilin may ayında parlamentdə çıxış edərək dini-mənəvi mahiyyətini itirən kilsəni “ictimai rəyə təsir edən ən böyük agent”, daha sonra “oğru yuvası” adlandıran Paşinyan bu yaxınlarda bildirib ki, ölkə hakimiyyəti kilsəni xalqa qaytarmalıdır. Baş nazir “Facebook” hesabında yazmışdı: “Dövlət (hakimiyyət) xalqın mülkiyyətidir. Kilsə xalqın mülkiyyətidir. Biz dövləti (hakimiyyəti) xalqımıza qaytarmışıq. Kilsəni də xalqımıza qaytarmalıyıq”.  Baş nazir keşmiş prezidentlər L.Ter-Petrosyan, R.Koçaryan, S.Sarkisyan və onların məhdud saylı tərəfdarları istisna olmaq cəmiyətdəki bəzi kəsimlər, xüsusilə dövlət strukturlarında, təhsil ocaqlarında çalışanlar tərəfindən ciddi dəstək qazanıb. Məsələn, erməni jurnalist Natali Aleksanyan alverllə, ticarətlə məşğul olan kilsənin dövlət içində dövlətə çevrildiyini bildirib: “Bu vəziyyət parazit kimi Ermənistan dövlətinin bədənində kök salıb. Kilsə dövlətin resursları ilə qidalanır, lakin onun inkişafında iştirak etmir. Hər halda, əgər baş nazir həqiqətən də Ermənistan dövlətçiliyini gücləndirmək niyyətindədirsə, o zaman bu, “dövlət içində dövlət” problemini mütləq həll etməlidir. Əslində onun qarşısında yalnız bir yol var: konstitusiyanın yenidən gözdən keçirilməsi və Erməni Apostol Kilsəsinin şəffaf hüquqi müstəviyə çıxarılması. Beləliklə, o, hüquqi dövlətdə fəaliyyət göstərən digər təşkilatlar kimi eyni qanunlara tabe olmalıdır”.

Zahid Rza, “İki sahil”