18 iyul 2025 01:56
118

Cənubi Qafqazın əsas energetika mərkəzi

Qlobal Cənubun  ayrılmaz parçası olan Azərbaycanın geosiyasi əhəmiyyəti, qlobal  layihələrin həllində   genişlənən rolu ölkəmizin yaşıl enerji gündəliyinə  marağı  artırır

Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29)  keçirilməsi, respublikamızı «yaşıl artım»” ölkəsinə çevirməyi qarşısına məqsəd qoyan Prezident İlham Əliyevin Sərəncamı ilə   2024-cü ilin respublikamızda  «Yaşıl dünya naminə həmrəylik ili» elan olunması Azərbaycanın enerji diplomatiyasına növbəti  baxış  kimi tarixə yazıldı. Bərpaolunan və yaşıl enerji əsasında istehsal edilən elektrikin ixracının artması istiqamətində müəyyənləşdirilən şaxələndirmə  siyasətinin uğurlu nəticələri beynəlxalq səviyyədə dəstəkləndi. Azərbaycan COP29-a ev sahibliyi etməklə, geniş aiditoriyada öz sözünü deməklə  kifayətlənmədi, real  işbirliyi  naminə müəyənləşdirilən   hədəfləri beynəxalq ictimaiyyətə çatdırdı. Son illərdə   enerji siyasəti,  bərpaolunan, eyni zamanda,  ənənəvi enerji mənbələrinin səmərəliliyinin artırılması istiqamətində nəzərdə tutulan  hədəflərə çatan  ölkəmizdə Qarabağın,  Şərqi Zəngəzurun, Naxçıvan Muxtar Respublikasının yaşıl enerji zonası elan edilməsi, Günəş və külək elektrik stansiyalarının təməlinin qoyulması, hidroenerji potensialının reallaşdırılması, böyük həcmli beynəlxalq investisiya müqavilələrinin imzalanması regional enerji təhlükəsizliyinə töhfə adlandırıldı. Son  illərdə Qaradağda 230 MVt-lıq Günəş Elektrik Stansiyasının istifadəyə verilməsi, Neftçalada və Biləsuvarda Birləşmiş Ərəb Əmirliklərinin «Masdar”» şirkəti ilə birgə daha iki iri Günəş parkının təməlinin qoyulması, Cəbrayılda  bp şirkəti tərəfindən 240 MVt-lıq «Şəfəq”» Günəş Elektrik Stansiyasının inşasının davam etdirilməsi enerji resurslarının artırmasına yönələn layihələr olmaqla ekoloji tarazlığın, təbiətin qornumasına önəmli töhfələrdir.  Xızı-Abşeron zonasında inşa olunan 240 MVt gücündə külək elektrik stansiyası ölkədə bərpaolunan enerji istehsalının diversifikasiyası və külək potensialının qiymətləndirilməsi baxımından strateji əhəmiyyət daşıyır.  Qeyd olunduğu kimi, Mingəçevir gölündə tətbiq edilən üzən Günəş elektrik stansiyası layihəsi isə həm ekoloji tarazlığın qorunması, həm də su səthlərinin alternativ enerji istehsalı üçün səmərəli istifadəsi baxımından mühüm pilot təşəbbüsdür. Artıq Qarabağ və Şərqi Zəngəzur bölgələrində 30-a yaxın hidroelektrik stansiya istismara verilib və  bu istiqamətdə işlər davam etdirilir. Naxçıvan Muxtar Respublikasında elektrik enerjisi istehsalının 50 faizə yaxını alternativ və bərpaolunan enerji mənbələri hesabına təmin olunur.  Ölkəmizin enerji diplomatiyasının qarşıdakı illər üçün hədəfi 2030-cu ilə qədər ölkənin bərpaolunan enerji istehsal gücünü 8 GVt-a çatdırmaqdır. Regional  enerji mərkəzinə çevrilən Azərbaycan  «Qara dəniz yaşıl kabeli»” kimi tanınan layihə vasitəsilə  Gürcüstan və Qara dəniz üzərindən Rumıniyaya və Macarıstana yaşıl enerji ixrac etməyi hədəfləyir.

 Bu ilin iyun ayının əvvəlində  Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi «Caspian Oil and Gas”», 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi,  «Caspian Power»” və 30-cu Yubiley «Baku Energy Forum”u» ölkəmizin  enerji siyasətinin daha bir təqdimatı oldu. Bakı Enerji Həftəsi çərçivəsində təşkil olunan müxtəlif istiqamətli panellərdə  Avrasiyanın enerji xəritəsini yeniləyən , Avropanın ondan artıq ölkəsinin enerji təhlükəsizliyinin təminatında xüsusi rolu olan  Azərbaycanın təşəbbüsləri qiymətləndirildi.   Ölkəmizin geosiyasi əhəmiyyəti, enerji layihələrinin qarşılıqlı əməkdaşlıqda  artan rolu  qeyd edildi. Bu günlərdə daha bir əlamətdar hadisə ilə diqqəti cəlb edən Azərbaycan enerji siyasəti yeniləndi. 

   2025-ci il iyunun 24-də  Mingəçevirdə rəsmi açılışı keçirilən  «8 Noyabr”» Elektrik Stansiyasının istifadəyə verilməsi ölkəmizin şaxələnən enerji diplomatiyasının növbəti uğuru oldu.  Ümumi gücü 1880 MVt olan,  Azərbaycanın müstəqillik dövründə inşa edilən ən iri   istehsal gücünə, strateji əhəmiyyətə malik bu stansiya təkcə ölkənin daxili enerji tələbatının ödənilməsi baxımından  deyil, həm də ixrac potensialının artım faizi ilə də fərqlənir.

 İtaliyanın «Ansaldo Energia»” və Çinin «Dongfang”» şirkətləri ilə birgə yerli, ixtisaslaşmış «BCC Group»un iştirakı ilə inşa olunan, xalqımızın daha bir Zəfər nümunəsi olan «8 Noyabr»” Elektrik Stansiyası ekoloji, həm də iqtisadi səmərəliliyi ilə seçilən nümunəvi enerji layihəsidir. Stansiyanın istifadəyə verilməsi ilə  Azərbaycanın bütövlükdə Cənubi Qafqazın energetika mərkəzi statusu yeniləndi.

 Mərasimdə  Azərbaycan qazının kəmərlər vasitəsilə 12 ölkəyə ixrac edildiyini diqqətə çatdıran Prezident İlham Əliyev  «Məhz bu göstəriciyə, qaz təchizatımızın coğrafi əhatəsinə görə Azərbaycan bu gün dünya miqyasında qabaqcıl yerlərdədir. Əlbəttə ki, bir çox ölkələr Azərbaycan qazından istifadə edib öz enerji təhlükəsizliyini təmin edir”» sözləri ilə ölkəmizin enerji siyasətində yeni  mərhələnin başlandığını  qeyd etdi.  Yaşıl enerji konsepsiyası və dayanıqlı enerji siyasətinə sadiq,  qlobal enerji keçidinə və regional sabitliyə töhfə verən ölkəmizin   strateji model formulu  təsdiqləndi. Ölkəmizin artan enerji resurslarının tükənməzliyini regional əhəmiyyətli  uğur adlandıran Prezident İlham Əliyevin bildirdiyi kimi,   «8 Noyabr» stansiyasının istifadəyə verilməsi nəticəsində  Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan  bu möhtəşəm yadigar qorunub saxlanıldı, yeni həyat verildi.
Azərbaycan” Elektrik Stansiyası»nın generasiya gücü 1800, «8 Noyabr”» Stansiyasının gücü 1880 meqavat, Su Elektrik Stansiyasının gücü isə 400 meqavatdan çoxdur.  Yəni,  Azərbaycanın elektrik enerjisinin 40 faizindən çoxu Mingəçevirdə istehsal olunur və bu, nəinki Azərbaycanın, Cənubi Qafqazın əsas energetika mərkəzidir. Stansiyanın inşasında  ticarət ətrfadaşlarımız olan İtaliyanın, Çinin azərbaycanlı energetiklərlə  birgə çalışması isə xüsusilə diqqətəlayiqdir. Ölkəmizlə əməkdaşlıqdan  məmnunluq hisslərini ifadə edən xarici  şirkətlərin əməkdaşlarının vurğuladıqları kimi, «8 Noyabr»  enerji infrastrukturunu modernləşdirmək, daha təmiz, daha etibarlı və daha səmərəli texnologiyalar tətbiq etmək istiqamətində dinamik və uzaqgörən yanaşmanın bariz nümunəsidir.

Qlobal enerjə ehtiyacın  kəskin xarakter aldığı, hələ də davam edən müharibələrin yaratdığı çətinliklərlə üzləşən dövlətlərin dünya bazarında tələbatının ödənilməsi yollarının axtarıldığı məqamda  ən etibarlı bazar olan Azərbaycanın  enerji resurslarına   tələbat artmaqdadır.  Yaşıl enerji siyasətinin əsas tələblərindən olan   daxildə təbii qaza qənaət etməklə ixrac imkanlarımızın genişlənməsi , şərti yanacağın sərfiyyatının az olması ölkəmizə  əlavə qazanc gətirir. Bu məqsədlə imzalanmış, icra edilən və  həlli nəzərdə tutulan bərpaolunan enerji layihələri 2030-cu ilə qədər ölkəmizə  6500 meqavat yaşıl enerji  qazandırmaqla,  təbii qaza qənaət etmək üçün imkanlar yaradılacaq. Nəticə etibarilə Azərbaycanın əməkdaşlıq etdiyi ölkələrə təbii qaz ixracı  da artacaq.  Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edən ölkələrin ilk sırasındadır. Azərbaycan qazı 10 qitə dövlətləri olmaqla  12 ölkəyə  ixrac edilir.
   Ölkə üzrə ümumi daxili məhsulun artmasında  30 faizdən artıq payı olan,  Avropanın,  Avrasiyanın önəmli  enerji və  vacib nəqliyyat qovşaqlarına çevrilən Azərbaycan  tərəfdaşları ilə  birlikdə Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən strateji boru kəməri olan Cənub Qaz Dəhlizini inşa etməklə enerji dipdomatiyanın coğrafiyasını genişləndirdi.  Bəzi ölkələrlə aparılan danışıqlar nəticəsində  tərərəfdaşların sayı artdı.   Azərbaycan təcrübəsi göstərir ki,  enerji resursları düzgün idarə edilirsə, investorlar, tranzit ölkələr və istehsalçılar arasında əməkdaşlıq məhz bu səviyyədədirsə, o zaman uğur əldə edilir. Yaşıl enerji gündəliyi  iddialı,  neft və qazla zəngin olan ölkəmizin xarici investorlarla bərabər yaşıl enerjiyə sərmayə qoyması ölkəmizin   vədlərinə sadiqliyinin etirafıdır.

Bəzi ölkələrdə hələ də  qazıntı yanacağı növləri ilə yaşıl enerji arasında olan balans nəzərə alınmır. Nəticədə genişmiqyaslı enerji kəsilməsi, enerji sisteminin çökməsi baş verir. Azərbaycanda isə təbii qaz hasilatı artırılır,  yanacağa ehtiyacı olan  tərəfdaşlarla danışıqlar aparılır.Yaşıl enerji layihələrinə  sərmayələr yatırılır.  Nəzərdə tutulduğu kimi,  Azərbaycanda 2030-cu ilə qədər istehsal olunan 8 milyard kubmetr qaz 5 mövcud yataqdan və əlavə yeni yataqlardan hasil ediləcəkdir. Yəni, bu gün buraya sərmayə qoymuş investorlar hasilatın həcmini artıracaqlar. Həmçinin imzalanmış yeni sazişlər və nəzərdə tutulan müqavilələr həmin potensialı təmin edəcəkdir. Bu baxımdan  COP29-un «Bakı sıçrayışı» adlandırılması təsadüfi deyil.

 Qlobal Cənub və Qlobal Şimal arasında körpü  olan  Azərbaycanın enerji sahəsində qazandığı uğurlar  İqtisadi Əməkdaşlıq  Təşkilatının (ECO)   Xankəndidə keçirilən 17-ci   Zirvə görüşündə də qeyd olundu.
«Bu gün Azərbaycan bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir və müxtəlif qaz boru kəmərləri vasitəsilə 12 ölkəyə təbii qaz ixrac edir. Bu göstəriciyə görə biz dünyada ön sıralardayıq. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycan ərazisindən keçir və ECO-ya üzv ölkələrin əksəriyyəti bu dəhlizlərdən istifadə edir» sözləri ilə Azərbaycanın yaşıl enerji siyasətinin uğurlarını diqqətə çatdıran Prezident İlham Əliyev tərəfdaşlarımızın  artacağını da qeyd edib.

Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl-Şaraanın Azərbaycana bu günlərdə baş tutan  işgüzar səfərində bu inam da təsdiqləndi. Bir çox məqamlarla yaddaqalan danışıqlar zamanı xüsusilə vurğulandı ki,  düynanın enerji xəritəsinin  yenilənməsində əsas təşəbbüskar kimi  diqqəti cəlb edən Azərbaycan rəsmi Dəməşqlə də  bu sahədə əməkdaşlıq edə bilər. Danışıqlarda  vurğulandı ki,  Azərbaycan dost ölkə olan  Suriyanın bərpasında iştirak etməyə hazırdır” və  bu istiqamətdə  praktik addımlar atılır. Azərbaycanın  enerji sahəsində qazandığı təcrübə, bu sahədəki yüksək texnoloji biliklər və SOCAR kimi beynəlxalq miqyasda tanınan şirkətlərin mövcudluğu Dəməşq üçün cəlbedici bir əməkdaşlıq modelidir.  Səfər çərçivəsində  Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumunun imzalanması iki ölkə arasındakı  iqtisadi,  strateji baxımdan əhəmiyyətli addım kimi dəyərləndirildi.  Dəfələrlə bildirildi ki, regionda sülh, sabitlik və iqtisadi inteqrasiya üçün Suriyanın enerji infrastrukturunun bərpası vacibdir və Azərbaycan bu prosesin aparıcı oyunçularından biri ola bilər.  Qeyd edildi  ki, Azərbaycan-Suriya münasibətləri ölkəmizin  regional siyasətində, xüsusən Yaxın Şərq strategiyasında mühüm yer tutur. Bakı artıq təkcə Avropa və Mərkəzi Asiya deyil, eyni zamanda Yaxın Şərq regionunda da sabitlik və əməkdaşlıq təşəbbüsləri ilə fərqlənir. Prezident İlham Əliyevin balanslı və çoxşaxəli xarici siyasəti sayəsində Azərbaycan bu bölgədə də etibarlı tərəfdaş kimi qəbul olunur. Görüşdə ölkələrimiz arasında, xüsusilə,  enerji sahəsində əməkdaşlığın vacibliyi qeyd edildi, Suriyanın hazırda ciddi enerji problemi ilə üzləşdiyi bildirildi. Bu xüsusda yaxın zamanlarda Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracı layihəsinin həyata keçiriləcəyi vurğulandı və bunun Suriyanın enerji təhlükəsizliyinə töhfə verəcəyi qeyd olundu. Azərbaycanın Suriyanın energetika sahəsinin bərpasına töhfə vermək iqtidarında olduğu diqqətə çatdırıldı. Əhməd Əl- Şaraa  ölkəsinin üzləşdiyi ciddi enerji problemlərinin həllində Azərbaycanın  verəcəyi töhfənin  Suriyanın inkişafına xidmət edəcəyini bildirdi. Beləliklə, Avropanın  enerji  təhlükəsizliyini təmin edən Azərbaycanın Yaxın Şərqə uzanan yolları da  uğurla nəticələnəcək.

Xuraman İsmayılqızı, «İki sahil»