17 iyul 2025 22:22
107

Milli mədəniyyətimizin hamisi

XX əsrdə Azərbaycan mədəniyyətinin bütün sahələrinin sürətli inkişafı, geniş miqyasda təbliği və böyük nailiyyətləri ulu öndər Heydər Əliyevin müstəsna tarixi xidmətlərinin nəticəsi idi. Onun rəhbərliyi ilə ötən əsrin 70-80-ci illərində, Azərbaycanın müstəqillik dövründə mədəni və ədəbi irsimizə, rəssamlıq və heykəltəraşlıq, teatr, musiqi və kino sənətinə qayğı əsaslı şəkildə artmışdır. Həm dövlət başçısı, həm də vətənpərvər bir insan kimi Heydər Əliyevin milli mədəniyyətə göstərdiyi diqqət, verdiyi dəyər bu sahədə yeni dövrün başlanğıcı kimi qiymətləndirilməlidir. Ulu öndər dəfələrlə vurğulamışdır ki, azərbaycanlılar qədim mədəniyyətə, incəsənətə malik olan xalqdır: “Xalqımız qədim xalqdır, böyük tarixə, böyük mədəniyyətə, qədim ənənələrə malik olan xalqdır.”

Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə milli-mənəvi dəyərlərimizin qorunmasına, təbliğinə xüsusi qayğı ilə yanaşırdı. “Xalq bir çox xüsusiyyətləri ilə tanınır, sayılır və dünya xalqları içərisində fərqlənir. Bu xüsusiyyətlərdən ən yüksəyi, ən böyüyü mədəniyyətdir”. Bu müdrik ifadələr də ümummilli lider Heydər Əliyevə məxsusdur. Dahi siyasət xadimi yaxşı bilirdi ki, milli dövlətçilik dəyərlərinin əsasını mədəniyyət təşkil edir. Sabahkı uğurlara yeganə təminat isə sağlam cəmiyyət quruculuğuna diqqəti artırmaq, köklü mənəvi dəyərləri yeni nəslə və bütün cəmiyyətə daha dərindən və əzmlə aşılamaqdır. Mədəniyyəti xalqın böyük sərvəti hesab edən ulu öndər rəhbərlik fəaliyyətinin bütün dövrlərində bu sahənin inkişafını diqqət mərkəzində saxlamışdır.

Mədəniyyətimizin elə bir sahəsi yoxdur ki, Heydər Əliyev qayğısından bəhrələnməsin. Musiqimiz də, teatrımız da, kino sənətimiz də, heykəltaraşlıq və rəssamlığımız da, xalça sənətimiz də bugünkü inkişafında ulu öndərin çox dəyərli ideyalarından bəhrələnib.

Heydər Əliyev Azərbaycan mədəniyyətinin inkişafında yeni dövrün əsasını qoydu. Mədəniyyətimiz, milli-mənəvi dəyərlərimiz beynəlxalq aləmdə tanındı. Azərbaycan mədəniyyətinin görkəmli xadimləri Heydər Əliyev dövründə olduğu qədər heç zaman tanınmamışlar. Heydər Əliyev mədəniyyətimizi yaradan, onu inkişaf etdirən insanların əməyini yüksək qiymətləndirir, daim onların qayğısına qalırdı. Heydər Əliyev bəstəkarların, kinematoqrafçıların, teatr xadimlərinin, rəssamların qurultaylarında, konfranslarında iştirak edir, dərin, məzmunlu nitqi iştirakçıların alqışları ilə qarşılanırdı. Ulu öndərin mədəniyyət məsələləri ilə bağlı hər çıxışı həmin sahənin gələcək inkişaf proqramına çevrilirdi. Heydər Əliyev bütün sahələr haqqında o qədər məlumatlı idi ki, sanki bu sahənin mütəxəssisi, bilicisidir. Heydər Əliyev özü də incəsənət meyilli şəxsiyyət idi. Elə gəncliyində də incəsənətə gəlmək, memar olmaq istəyirdi. Amma zaman ulu öndəri siyasət memarına çevirdi. Çünki bu xalqın belə bir siyasət xadiminə çox böyük ehtiyacı var idi. O, müstəqil Azərbaycan kimi qüdrətli bir dövlətin memarı oldu .

Hələ sovetlər dönəmində Heydər Əliyev Azərbaycanda mədəniyyətin maddi-texniki bazasının möhkəmləndirilməsinə xüsusi diqqət yetirirdi. Nə qədər kinoteatr, teatr binaları, muzeylər inşa olundu. Mədəniyyətimizin kadr potensialı gücləndirildi. SSRİ-nin ən nüfuzlu incəsənət yönlü ali məktəblərində Azərbaycan gəncləri təhsil alıb Bakıya dönürdülər. Sankt-Peterburqun, Moskvanın teatr, rəssamlıq, musiqi üzrə ali təhsil ocaqlarını bitirmiş gənclər bu gün Azərbaycan mədəniyyətinin aparıcı sənətkarlarıdır. Heydər Əliyev bu kadrların hazırlanmasını gələcək müstəqil Azərbaycanımız üçün gərəkli olacaqlarını düşünərək etmişdir.

Dövlət müstəqilliyimizi qazandıqdan sonra bir müddət mədəniyyətimiz böyük çətinliklər qarşısında qalsa da, Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı Azərbaycan mədəniyyətinin də tərəqqisinə yeni təkan verdi. Sosial problemlər ucbatından xarici ölkələrə üz tutan sənət adamları Vətənə döndülər, onlara xüsusi qayğı göstərilməyə başlandı. Bağlanmış teatrlar, kitabxanalar, muzeylər öz qapılarını yenidən tamaşaçıların üzünə açdı.

Azərbaycan kinosunun böyük bir dövr inkişafı Heydər Əliyevin adı ilə bağlıdır. Bizə yaxşı məlumdur ki, bir sıra filmlərimizin yaranmasında ulu öndərin şəxsi təşəbbüsü olmuşdur. “Uzaq sahillərdə”, “İstintaq”, “Bir cənub şəhərində”, “Nəsimi”, “Babək” filmlərinin yaranmasında, sovet senzurasından keçməsində Heydər Əliyevin səyləri danılmazdır.

Teatrlarımız öz fəaliyyətlərini genişləndirdi. Heydər Əliyev teatrı çox sevirdi. O, həmişə tamaşadan sonra yaradıcı kollektivlə görüşür, onlara öz tövsiyə və tapşırıqlarını verirdi. Bu görüşlər sənət adamlarının məsuliyyətini artırır, onları öz qüvvələrini səfərbər etməyə istiqamətləndirirdi. Ümumiyyətlə, Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə milli teatrımızda yenidən canlanma başlandı, teatrlarımızın repertuarı zənginləşdi, maddi-texniki bazaları möhkəmləndirildi, işçilərin sosial durumu yaxşılaşdı.

Ulu öndərin hakimiyyəti illərində muzey və kitabxana işi, rəssamlıq, heykəltəraşlıq və memarlıq sənəti sürətlə inkişaf etmişdir. Bakıda ucaldılmış çox dəyərli heykəllər, inşa edilmiş müasir və klassik ənənələri birləşdirən əzəmətli binalar xalqımızın milli sərvətinə çevrilmişdir. Bakımız gözəlləşmiş, yeni görünüş almışdır. Elə regionlarımızda da mədəniyyətin inkişafı diqqətdən yayınmamışdır.

Azərbaycan mədəniyyətinin təbliğini həmişə diqqət mərkəzində saxlayan ulu öndərin hakimiyyəti illərində çox səmərəli tədbirlər reallaşdırılıb. Ümummilli lider Azərbaycanın sivil dünyaya inteqrasiyasına, xalqların iqtisadi-siyasi, humanitar yaxınlaşmasına dövlətçiliyi möhkəmləndirən, xalqı inkişaf etdirən ən vacib vasitələrdən biri kimi baxırdı. Dünya ilə dil tapmağın ən sınanmış və optimal yollarından biri olaraq, mədəni dəyərlərin qarşılıqlı dərkini və təbliğini əsas götürürdü. Bu mənada xarici ölkələrdə keçirilən Azərbaycan mədəniyyəti və incəsənəti günləri, eyni zamanda, Azərbaycanda keçirilən belə tədbirlər mədəniyyətlərarası dialoqun inkişafına çox gözəl yol açırdı.

Ulu öndərin fəaliyyəti incəsənətimizin bu gün ən dəyərli mövzusudur. Onun haqqında çəkilən filmlər, yaradılan musiqi əsərləri və ədəbi əsərlər xalqımızın milli-mənəvi sərvətidir və gələcək nəsillər onlardan çox şey öyrənəcəklər. “Əsl məhəbbət haqqında” (rejissor V.Mustafayev) filmi ulu öndərin yüksək insani keyfiyyəti haqqında həqiqətləri tamaşaçılara çatdırır. Bu film ulu öndərə həsr olunan on filmdən biridir. “General”, “Birinci”, “Moskva, Kreml”, “Lider”, “Tale”, “Bir həsədin tarixi”, “Professional”, “Patriot”, “Xüsusi təyinat” kimi digər filmlər də bu böyük şəxsiyyətin həyat və fəaliyyətinin çox uğurlu ekran versiyasıdır.

Heydər Əliyevin mədəniyyət siyasəti bu gün hörmətli Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 2003-cü ildən sonra Azərbaycanda Heydər Əliyevin mədəniyyətimizin inkişafı ilə bağlı ideyaları davamlı olaraq həyata keçirilir. Azərbaycanda mədəniyyətin müxtəlif sahələri – teatr, kino, kitabxana və muzey işinin inkişafı ilə bağlı qəbul olunan dövlət proqramları ölkəmizdə mədəniyyətin tərəqqisinə yeni stimul yaratmışdır.

Heydər Əliyevin mədəniyyət siyasətinin reallaşması işində bu gün ulu öndərin adını şərəflə daşıyan fondun böyük xidmətləri vardır. Milli-mənəvi dəyərlərimizə qayğı, onların qorunması və təbliğində Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın xidmətləri əvəzsizdir. Fondun muğam sənətimizin inkişafına, Azərbaycan mədəniyyətinin dünyada tanınmasına, milli-mənəvi dəyərlərimizin təbliğinə həsr etdiyi davamlı tədbirlər olduqca əhəmiyyətlidir. İndi Bakıda Muğam Mərkəzi, müasir memarlıq üslubunda inşa edilmiş Xalça Muzeyi fəaliyyət göstərir. Bunlar Heydər Əliyev ideyalarından güc alan dövlət başçımızın həyata keçirdiyi mədəniyyət siyasətinin real nəticələridir.

“Heydər Əliyev və mədəniyyət” mövzusu tükənməz xəzinədir. Çünki bugünümüzün reallıqları məhz həmin ideyalardan güc alır. Doğrudan da, bu dahi şəxsiyyətin yaratdığı fundamental mədəniyyət konsepsiyasının əhəmiyyəti olduqca böyükdür. “Biz öz milli-mənəvi dəyərlərimizlə fəxr etməliyik. Bizim milli-mənəvi dəyərlərimiz əsrlər boyu xalqımızın həyatında, yaşayışında , xalqımızın fəaliyyətində formalaşıbdır. Milli-mənəvi dəyərləri olmayan millət həqiqi millət, həqiqi xalq ola bilməz.” – Ulu öndərin bu kəlamları bir vətəndaş olaraq hər birimizi Azərbaycan mədəniyyətini qorumağa, milli mənəvi dəyərlərimizdən ruh almağa ruhlandırır.

Lena Əzizova,

Yasamal rayon Heydər Əliyev Mərkəzinin elmi işçisi