Prezident İlham Əliyevin və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun azad Qarabağa səfərləri tarixi Zəfərimizin reallıqlarının bir daha dünyaya təqdimatı oldu
Dövlət başçısı İlham Əliyev 44 günlük İkinci Qarabağ müharibəsinin gedişi dövründə Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində jurnalistin istiqamətin hara olması ilə bağlı sualını cavablandırarkən bildirmişdir ki, istiqamət hər tərəfdir. İşğal edilmiş torpaqların hər bir qarışı bizim üçün doğmadır, əzizdir. Mənim üçün hər bir kəndin dəyəri, qiyməti o biri kəndlərlə müqayisədə eynidir, bərabərdir: “Siz də yaxşı bilirsiniz ki, Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir. Qədim mədəniyyət ocağıdır. Şuşa Azərbaycan xalqına bir çox istedadlı, dahi şəxslər bəxş edib. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar. Müzakirələr zamanında da hər zaman bu məsələ gündəlikdə idi”.
Tarixi Zəfərimizdən beş ilə yaxın vaxt keçməsinə baxmayaraq, hər zaman 44 günlük İkinci Qarabağ müharibəsinin reallıqlarından, 44 gündə 30 ilin işğalına son qoyulmasından böyük qürurla bəhs edirik. Dastana çevrilən Şuşa əməliyyatı bu gün də dünyanın hərbi ekspertləri tərəfindən təhlil edilir, öyrənilir. Azərbaycan hərb tarixində də ilkə imza atdı. Müasir texnologiyaları özündə əks etdirən müharibə taktikası, son beş ilə yaxın dövrdə təkmil dirçəliş modeli bir daha imkanlarımızın təqdimatında əhəmiyyətli rol oynayır.
Dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Azərbaycanın, türk dünyasının, islam dünyasının mədəniyyət paytaxtı Şuşaya səfərlərinin say tərkibi genişdir. Cənab İlham Əliyev müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə xalqa müraciətində səsləndirdiyi bu fikirləri bir daha yada salmaq istərdik: “Mən bu təbrik müraciətimi Bakıdan da edə bilərdim. Amma hesab etdim ki, mən bu gün burada olmalıyam, Şuşada olmalıyam, bu binanın önündə olmalıyam” söyləyən dövlət başçısı bildirdi ki, Şuşa Zəfərimizin rəmzi, tacıdır. Şuşa işğaldan azad olunanda bu meydanda qəhrəman Azərbaycan hərbçiləri mənə Şuşanın azad olunması ilə bağlı raport vermişlər. Bu binanın damında Azərbaycan Bayrağı qaldırılmışdır və Şuşanın azad olunması bizim tarixi Zəfərimizin əsas hissəsi idi. Ondan bir gün sonra Ermənistan kapitulyasiya aktına imza atmışdır.”
Bu gün azad Qarabağımız, azad Şuşamız dirçəlməklə yanaşı, hər gün qonaqlarını qarşılamaqdan sevinclidir. Qısa müddətdə azad edilmiş ərazilərimizdə, o cümlədən Şuşada görülən işlərin miqyası bu torpaqlara gerçəkləşən qayıdışdan, qonaqların davamlı səfərlərindən, beynəlxalq tədbirlər üçün ideal məkan kimi qəbul edilmələrindən özünü aydın şəkildə nümayiş etdirir. Qürurvericidir ki, ölkəmizə səfər edən bu və ya digər ölkələrin liderləri, rəsmi nümayəndələri azad edilmiş ərazilərimizə səfərlər edir, burada görülən işlərlə tanış olaraq Azərbaycan xalqının necə qurucu xalq olduğunu, hansı iqtisadi imkanlara malik olduqlarını görür. Ulu Öndər Heydər Əliyevin yaratdığı möhkəm təməl üzərində dayanıqlı inkişafını təmin edən Azərbaycanın iqtisadi qüdrəti bərpa-quruculuq işlərini öz daxili imkanları hesabına həyata keçirməyə stimul verir. Hazırda Azərbaycanın hər bir bölgəsi inkişaf, tərəqqi dövrünü yaşayır. İşğaldan azad edilmiş ərazilərimizin qısa müddətdə Azərbaycanın dayanıqlı inkişafına töhfələr verməsi üçün mühüm addımlar atılır, bərpa və quruculuq işlərinin miqyası genişlənir. Bu gün Füzulidə və Şuşada görülən işlərin fonunda işğaldan azad edilmiş bütün torpaqlarımızın bərpasını və yenidən qurulması prosesini təsəvvür etmək mümkündür. İşğaldan azad olunmuş ərazilərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan bərpa-quruculuq işləri bu yerlərə yenidən həyat verir, ermənilərin ekoloji sistemə vurduqları zərərin nəticələri aradan qaldırılır. Bu torpaqlar minalardan təmizlənib təhlükəsiz vəziyyətə gətirildikcə, digər quruculuq işləri kimi, ekoloji tarazlığın bərpası istiqamətində də ciddi addımlar atılır. İşğalçı Ermənistan tərəfindən məhv edilmiş yaşıllıq massivlərinin bərpası məqsədilə ağacəkmə tədbirləri davam etdirilir. Bütün addımların əsasında soydaşlarımızın gələcəkdə bu torpaqlarda rahat yaşayışının təmin edilməsidir. Hər bir şəhərin Baş planında sosial layihələr xüsusi yer tutur. Dövlət başçısı İlham Əliyevin bu ərazilərə hər səfəri mühüm sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. Ötən ilin mayında, Ümummilli Liderin anadan olmasının 101-ci ildönümündə Şuşa sakinləri öz doğma yurd-yuvalarına qovuşdular. Dövlət başçısı azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərindən bəhs edərkən bildirir ki, bütün bölgələrdə quruculuq-bərpa işləri sürətlə gedir, azad edilmiş bütün ərazilərdə genişmiqyaslı abadlıq-quruculuq və bərpa işləri aparılır. Əslində, şəhərlər, kəndlər yenidən qurulur. Çünki işğal dövründə düşmən bütün şəhər və kəndlərimizi yerlə-yeksan etmişdir, bütün tarixi abidələrimizi dağıtmışdır, Qarabağın, ümumilikdə Qafqazın incisi olan Şuşa kimi şəhəri bərbad hala qoymuşdur: «Biz - bu torpaqların sahibləri artıq qayıtmışıq və bu torpaq, bu səma bunu görür. Görür ki, hər gün inkişafla bağlı daha bir addım atılır. Hər gün daş üstə bir daş qoyulur. Biz azad edilmiş bütün torpaqları bərpa edəcəyik, bərpa edirik.»
Müzəffər Ali Baş Komandan İlham Əliyev çağırışlarında bu mühüm məqamı da xüsusi qeyd edir ki, biz bu torpaqlara, doğma torpaqlarımıza əbədi qayıtmışıq və burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!.
Əvvəldə də qeyd etdiyimiz kimi, Bakıya səfər edən qonaqların işğaldan azad edilmiş ərazilərimizdə olması artıq ənənə halını alıb. İyulun 16-da ölkəmizdə səfərdə olan Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun Füzuli rayonunda və Şuşa şəhərində olması da bu tərkibdəndir. Qonağı Füzuli Beynəlxalq Hava Limanında dövlət başçısı İlham Əliyev qarşıladı.
Füzuli Beynəlxalq Hava Limanında Türkmənistan Xalq Məsləhətinin sədrinə işğaldan azad olunmuş ərazilərimizdə inşa edilən Füzuli, Zəngilan və Laçın Beynəlxalq Hava limanları haqqında məlumat verildi.
Azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərində əsas diqqət göstərilən məsələ infrastruktur layihələrinin uğurlu icrası, avtomobil, dəmir yolunun, hava limanının tikintisidir. Bu torpaqlarda üç beynəlxalq statusa malik olan hava limanının tikintisi ərazinin strateji əhəmiyyəti barədə aydın təsəvvür yaradır. 2021-ci ildə Füzuli, 2022-ci ildə Zəngilan, bu ilin 28 may tarixində isə Laçın Beynəlxalq Hava Limanının açılışı oldu. Hər üç hava limanın açılışında qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak etdi.
Prezident İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Füzuli şəhərinin dağıdılmış yerlərinə baxlılar. Qonaq şəhərin Baş planı ilə tanış oldu. Qurbanqulu Berdiməhəmmədova 30 illik işğal dövründə Füzuli rayonunun ərazisində törədilən dağıntılar, vandalizm aktları, həmçinin şəhərin Baş planına uyğun olaraq həyata keçirilən və görüləcək işlər barədə məlumat verildi. Vaxtilə sıx məskunlaşmış və çiçəklənən Füzuli şəhəri erməni işğalı zamanı tamamilə talan edilərək viran qoyulub. Torpaqlarımız işğaldan azad ediləndən sonra qısa müddətdə Füzuli şəhərinin Baş planı hazırlanıb, Prezident İlham Əliyev tərəfindən təsdiqlənib və 2021-ci ildə ictimaiyyətə təqdim edilib. Böyük nəqliyyat-logistika potensialına malik olan Füzuli Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının əsas nəqliyyat arteriyalarının kəsişməsində yerləşir. Füzuli şəhərinin ümumi sahəsi təxminən 1942 hektardır. Baş plana əsasən, 2040-cı ilə qədər şəhərdə 50 min nəfərin yaşaması nəzərdə tutulur. Füzulidə İşğal və Zəfər muzeylərini əhatə edəcək Füzuli Memorial Kompleksi yaradılacaq, Kurmanqazı adına Yaradıcılıq Mərkəzi inşa olunub, şəhər xəstəxanası tikilir, şəhər parkı salınacaq, genişmiqyaslı abadlıq-quruculuq və yaşıllıq işləri həyata keçiriləcək. Baş plana əsasən, uşaq bağçaları və məktəblər kimi sosial infrastruktur obyektləri müvafiq olaraq 300 və 500 metrlik məsafədə yerləşəcək. Görüləcək işlər nəticəsində müasir standartlara və memarlıq özəlliklərinə uyğun inşa olunacaq Füzuli şəhəri azad edilmiş ərazilərdə iri şəhərlərdən birinə çevriləcək. Burada “Ağıllı şəhər” konsepsiyası tətbiq olunacaq. Füzuli şəhərinin 12 hektardan çox olan ərazini əhatə edəcək inzibati mərkəzi isə 3 hissəyə bölünəcək. Səfər çərçivəsində cənab İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Şuşa şəhərində inşa edilmiş birinci yaşayış kompleksində oldular. İyirmi üç binadan ibarət yaşayış kompleksinin ümumi sahəsi 8 hektara yaxındır. Bu kompleksin təməlini 2021-ci ilin avqustunda ölkə Prezidenti İlham Əliyev qoydu. Yaşayış kompleksində ümumilikdə 450 mənzil var. Onlardan 28-i birotaqlı, 195-i ikiotaqlı, 190-ı üçotaqlı, 30-u dördotaqlı, 7-si isə beşotaqlıdır. Burada keçmiş məcburi köçkünlər və Şuşa şəhərində müxtəlif dövlət qurumlarında çalışan şəxslər üçün xidməti mənzillər istifadəyə verildi. Bu yaşayış kompleksinə indiyədək 376 keçmiş məcburi köçkün ailəsi, ümumilikdə isə 1409 nəfər köçürülüb. Ərazidə geniş abadlıq və yaşıllaşdırma işləri həyata keçirilib.
Dövlət başçısı İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Şuşada Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Yaradıcılıq Mərkəzində “Heydər Əliyev və Qarabağ” sərgisi ilə də tanış oldular. Ölkə əhəmiyyətli memarlıq abidələri siyahısında olan bu binada vaxtilə Ağa Qəhrəman Mirsiyab oğlunun Karvansarası yerləşib. Heydər Əliyev Fondu tərəfindən 2022-ci ildən aparılan bərpa işləri zamanı bina ilkin vəziyyətinə qaytarılıb. Yaradıcılıq Mərkəzi 2023-cü il mayın 10-da istifadəyə verilib. Sərgidə Ulu Öndər Heydər Əliyevin Qarabağın sosial, iqtisadi, siyasi və mədəni inkişafında xidmətlərini əks etdirən nadir fotoşəkillər, sənədlər və videomateriallar nümayiş olunur. Burada, eyni zamanda, Ümummilli Liderin vaxtilə Qarabağa səfərlərinə, keçirdiyi müxtəlif görüş və tədbirlərə aid fotolar da yer alıb.
Qeyd edək ki, 1969-cu ildən Qarabağın və Şərqi Zəngəzurun tarixində böyük dönüş dövrü başladı. Dahi şəxsiyyət mürəkkəb tarixi şəraitdə belə bölgə həyatının bütün sahələrində geniş islahatlar aparmağa nail oldu. 1979-cu ildə Ağdam–Xankəndi dəmir yolunun istismara verilməsi Qarabağın digər rayonlarımızla təsərrüfat və iqtisadi cəhətdən daha sıx birləşdirilməsi baxımından Ulu Öndərin strateji addımı olmaqla yanaşı, həm də böyük tarixi xidməti idi.
Qonaq, həmçinin Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin işğal dövründə ermənilər tərəfindən gülləbaran edilmiş heykəllərinə baxdı. İşğal zamanı ermənilərin bu heykəlləri Ermənistana apararaq əritmək istədikləri barədə Qurbanqulu Berdiməhəmmədova məlumat verildi. Ulu Öndər Heydər Əliyevin müdaxiləsi nəticəsində heykəllər Ermənistandan alınaraq Azərbaycana gətirilib və bir müddət Bakıda İncəsənət Muzeyinin həyətində saxlanılıb. Şuşa işğaldan azad olunduqdan sonra isə həmin heykəllər öz əvvəlki yerlərinə qaytarılıb.
Dövlət başçısı İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Şuşada Bülbülün ev-muzeyində oldular. Məlumat üçün qeyd edildi ki, Ümummilli Lider Heydər Əliyevin göstərişi ilə Şuşa Şəhər Xalq Deputatları Sovetinin İcraiyyə Komitəsinin 1982-ci ildə qəbul etdiyi qərarla Bülbülün doğulduğu və yaşadığı ev onun ev-muzeyinə çevrilib. 1982-1983-cü illərdə təmir olunan binada muzey ekspozisiyası qurulub və önündə inzibati bina inşa edilib. Ev-muzeyi 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı erməni vandalizminə məruz qalaraq fəaliyyətini dayandırıb. Şuşanın azad olunmasından sonra digər tarixi-mədəni abidələrimiz kimi Bülbülün ev muzeyinin də bərpasına başlanılıb və 2021-ci ilin avqustunda bərpa işlərinin bitməsindən sonra muzeyin açılışı oldu.
Ev-muzeyinin həyətində Bülbülün yeni büstü ucaldılıb. Şuşa şəhəri işğal altında olduğu dövrdə Bülbülün vandalizmə məruz qalmış büstü də erməni vəhşiliyini nümayiş etdirmək məqsədilə saxlanılıb.
Şuşada Yuxarı Gövhər Ağa məscidini ziyarət edən qonağa məlumat verildi ki, vaxtilə işğal edilmiş bütün ərazilərimizdə olduğu kimi, Şuşada da tarixi abidələr, o cümlədən məscidlər dağıdılıb, təhqir edilib. Şəhərin 17 məscidindən 16-sı işğalçılar tərəfindən dağıdılmışdı. Şuşa işğaldan azad edildikdən sonra Azərbaycan Prezidentinin tapşırığı ilə dərhal məscidlərin bərpa edilməsi işinə başlanılıb. Erməni vandalizminə məruz qalan tarixi-dini abidələrdən biri də Yuxarı Gövhər Ağa məscidi olub. Heydər Əliyev Fondu tərəfindən burada həyata keçirilmiş bərpa işlərinə 2021-ci ilin sonlarından başlanıb. 2023-cü il mayın 10-da isə Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvlərinin iştirakı ilə məscidin əsaslı yenidənqurma və bərpadan sonra açılışı oldu. Yuxarı Gövhər Ağa məscidi ölkə əhəmiyyətli tarixi-mədəniyyət abidələri siyahısındadır.
Qonaq Şuşada Mehmandarovların malikanə kompleksində də oldu. Bildirildi ki, Azərbaycanın zəngin memarlıq ənənələrinin nadir nümunələrindən biri olan Mehmandarovların malikanə kompleksi Heydər Əliyev Fondu tərəfindən bərpa olunub. 2021-ci ilin oktyabrından etibarən kompleksdə, ərazidəki ailə məscidi və bulaqda təmir-bərpa işləri aparılıb, bulağın damı əvvəlki vəziyyətinə gətirilib. Bu bulaq Prezident İlham Əliyev 2022-ci ilin sentyabrında kompleksdə bərpa işlərinin gedişi ilə tanış olarkən istifadəyə verildi. 2023-cü il mayın 9-da isə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bərpa işlərindən sonra Mehmandarovların malikanə kompleksinin açılışında iştirak etdilər. Bərpa işlərindən sonra malikanə kompleksində muzey ekspozisiyası da qurulub. “Qarabağ zadəganının evi” mövzusundakı ekspozisiya tərtib edilərkən XIX əsrin sonu-XX əsrin əvvəllərində Qarabağ zadəganının evinin interyeri, ziyalı şəxsin həyat tərzinin xüsusiyyətləri əsas götürülüb.
Prezident İlham Əliyev və Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov Cıdır düzündə oldular. Burada Qarabağ atlarının təqdimatı keçirildi. Prezident İlham Əliyev Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədova “Dostluq” adlı Qarabağ atını hədiyyə etdi.
Göründüyü kimi, azad Qarabağ genişmiqyaslı bərpa-quruculuq işləri ilə dünyanın diqqətindədir. Azərbaycanın malik olduğu iqtisadi potensial dünya hərb tarixində ilkə imza atmasını şərtləndirdi. Qısa zamanda bu ərazilərin diplomatik mərkəzə çevrilməsi də özündə mühüm məqamları ehtiva edir. Şuşanın Cıdır düzündən dünyaya ünvanlanan birlik, həmrəylik mesajları Azərbaycanın hər zaman əməkdaşlıq mərkəzi kimi diqqətdə olmasının təsdiqidir. Azərbaycanın, Prezident İlham Əliyevin nüfuzu bu gün ölkəmizin beynəlxalq münasibətlər sistemində mşvqeyini daha da möhkəmləndirir. Azərbaycana səfər edən ölkələrin liderlərinin, rəsmilərinin azad Qarabağda olub görülən işlərlə tanış olmaq istəkləri münasibətlərimizin səmimiyyət, dostluq, qarşılıqlı etimad mühitinin qorunması fonunda inkişaf etdiyini təsdiqləyir.
Yeganə Əliyeva, “İki sahil”