1875-ci ildə “Əkinçi” qəzetinin çap edilməsi ilə Azərbaycan Milli Mətbuatının əsası qoyulmuşdur. Böyük tarixə malik Azərbaycan Milli Mətbuatının bu il 150 illik yubileyidir. Milli Mətbuatımız bizim böyük sərvətimizdir, dəyərimizdir.
Müstəqillik dövründə Azərbaycan mətbuatı tam azad və müstəqil mətbuat kimi fəaliyyət göstərməyə başlamışdır. 1998-ci ildə Azərbaycan Respublikasının Prezidenti olmuş Heydər Əliyevin tarixi Fərmanı ilə senzuranın ləğv olunması mətbuat üçün yeni dövr açmışdır və Azərbaycan mətbuatı artıq tam şəkildə azad mətbuat kimi fəaliyyət göstərməyə başlamışdır. Ulu Öndər Heydər Əliyev demişdir: “Milli mətbuatımızın inkişaf mərhələləri Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizə tarixinin tərkib hissəsidir. “Əkinçi”dən üzü bəri azadlıq, demokratiya, müstəqillik uğrunda mücadilə dərslərini biz milli mətbuatımızın səhifələrindən öyrənmişik.”
Müasir dövrdə Azərbaycan mətbuatı cəmiyyətin ictimai-siyasi və elmi-mədəni həyatında, beynəlxalq əlaqələrin genişlənməsində önəmli yeri vardır. Şanlı Azərbaycan Ordusunun ölkəmizin ərazi bütövlüyü bərpa etmək uğrunda baş verən “Dəmir Yumruq” əməliyyatını, 44 günlük Vətən müharibəsini mediamız vətənpərvərlik, həmrəylik göstərərək dünya ictimaiyyətinə çatdıraraq düşmənin və onun havadarlarının yalan məlumatlarını ifşa etməyə çalışmışdılar.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Milli Mətbuat Günü münasibətilə media nümayəndələrinə 22 iyul 2022-ci il tarixdə ünvanladığı təbrik mesajında bildirmişdir: “Müstəqillik dövrümüzdə ilk dəfə Azərbaycan jurnalistləri Ermənistanın 30 ilə yaxın davam edən işğalından sonra öz peşə bayramlarını ölkəmizin mədəniyyət paytaxtı, milli mətbuatımızın inkişafında xüsusi yeri olan, Qarabağın tacı Şuşa şəhərində qeyd edirlər. Milli Mətbuat Günü ilə bağlı Şuşada keçirilən ilk tədbir zəngin ənənələrə malik Azərbaycan mediasının tarixində əlamətdar hadisə olacaqdır. Azərbaycan mətbuatı 1875-ci il iyulun 22-də görkəmli ziyalı, publisist, təbiətşünas alim Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış “Əkinçi” qəzetinin bəyan etdiyi prinsipləri rəhbər tutaraq böyük inkişaf yolu keçmişdir. XlX əsrin ikinci yarısından sonrakı dövrdə işıq üzü görən çoxsaylı nəşrlər tariximizin güzgüsü olmuş, insanların maariflənməsi, milli şüurun formalaşması, xalqımızı azadlıq amallarının gerçəkləşməsi və mənəvi dəyərlərimizin qorunmasına mühüm töhfələr vermişdir.”
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 25 aprel 2025-ci il tarixində Azərbaycan Milli Mətbuatının 2025-ci ildə 150 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzalamışdır. Böyük tarixi və elmi-mədəni əhəmiyyət kəsb edən Sərəncamda qeyd edilmişdir: “XIX əsrin ikinci yarısında dünyanın neft və sənaye mərkəzlərindən birinə çevrilmiş və iqtisadi yüksəliş dövrünü yaşayan Azərbaycanın ictimai-siyasi və mədəni həyatında əsaslı dəyişikliklər baş vermiş, maarifçilik hərəkatı genişlənməyə başlamış, milli mətbuatın yaranması zərurəti meydana çıxmışdı. Məhz buna görə də 150 il əvvəl – 1875-ci il iyulun 22-də görkəmli ziyalı, təbiətşünas alim və maarifçi-publisist Həsən bəy Zərdabinin Azərbaycan dilində nəşr etdirdiyi “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi və ölkəmizin həyatında mühüm hadisə kimi tarixə düşmüşdür. Cəmi iki il fəaliyyət göstərən qəzet maarifçi ideyaların carçısı olmuş, cəhalətə və xurafata qarşı kəskin məqalələr dərc etmiş, milli özünüdərkin, ictimai, siyasi və bədii fikrin inkişafına, mütərəqqi jurnalist nəslinin yetişməsinə önəmli töhfə vermişdir. “Əkinçi”dən sonra onun ənənələrini davam etdirən çoxsaylı nəşrlər dövrün vətənpərvər ziyalılarını, maarifçilərini eyni məslək ətrafında birləşdirərək, milli oyanış prosesinin aparıcı vasitələrindən biri kimi, ümummilli məqsədlərin gerçəkləşməsində mühüm rol oynamışlar. Keçən yüzilliyin sonlarında xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar ölkəmizdə söz və məlumat azadlığının, fikir plüralizminin və digər demokratik dəyərlərin bərqərar olması üçün etibarlı zəmin yaratdı. Heydər Əliyev medianın inkişafını prioritet vəzifələrdən biri hesab etmiş, onun fəaliyyətini tənzimləyən qanunvericilik bazasının formalaşdırılması, inkişafını əngəlləyən süni maneələrin aradan qaldırılması, maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl qərarlar qəbul etmiş, dövlət–media münasibətlərində mütərəqqi ənənələrin əsasını qoymuşdur.”
Bahar Məmmədova,
YAP Xətai rayon təşkilatının "General Şıxlinski 56/2" ünvanı üzrə ərazi partiya təşkilatının sədri