18 iyul 2025 15:01
65

Bu gün Azərbaycanda ən müasir tələblərə və  standartlara cavab verən media mövcuddur


        Cəmiyyətin güzgüsü missiyasını şərəflə yerinə yetirən mətbuat hər dövrün reallıqlarının cəmiyyətə dolğun şəkildə çatdırılmasında əhəmiyyətli rol oynayır. Müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin qeyd etdiyi kimi,  mətbuatımızın inkişaf mərhələləri Azərbaycan xalqının azadlıq, müstəqillik uğrunda mübarizə tarixinin tərkib hissəsidir. “Əkinçi”dən üzü bəri azadlıq, demokratiya, müstəqillik uğrunda mücadilə dərslərini biz milli mətbuatımızın səhifələrindən öyrənmişik.  Vətənpərvər ziyalı Həsən bəy Zərdabi böyük əzab-əziyyətdən sonra ana dilində ilk qəzetin çapına müvəffəq olmuşdur. 1875-ci ildə işıq üzü görən və bununla böyük işıq qaynağına çevrilən "Əkinçi" qəzeti Həsən bəy Zərdabinin dirəniş və müqavimət əzminin nəticəsi olaraq hasilə gəlmişdir. Qəzetin yarandığı ictimai-siyasi mühitin mənzərəsinə nəzər salsaq mürəkkəb və gərgin bir dönəmin varlığından söhbət açmalıyıq. Ölkədə ümmətçilikdən millətçiliyə gedən yolun konturları cızılmamışdı, milli birlikdən söhbət belə gedə bilməzdi. Amma oyanış üçün milli zəmin vardı.  1875-ci ilin 22 iyul tarixindən 1877-ci ilin 29 sentyabr tarixinə qədər çapını davam etdirən “Əkinçi” ayda iki dəfə 300-400 tirajla nəşr edilib. Bu müddət ərzində qəzetin 56 nömrəsi işıq üzü görüb. Mətbuatımız “Əkinçi” ilə başlanan maarifçilik, yeniləşmə, çağdaş mədəni təfəkkür xəttini davam etdirərək xalqımızın milli özünüdərkində, milli oyanış prosesində müstəsna rol oynayıb. Zərdabi və onunla birlikdə bu qəzetdə əməyi olan maarifpərvər yazarlar xalqı cəhalət və qəflət yuxusundan oyatmağa çalışırdılar. Təbii ki, bütün bunlar dövrün hakim dairələrini rahatsız etməyə bilməzdi. Üstəlik, çarizmin diktəsi ilə özlərini “ziyalı” sayan bəzi üzdəniraqlar da “Əkinçi”nin üzərinə hücuma keçirdilər. Beləliklə, 1877-ci il sentyabrın 29-da “Əkinçi” öz nəşrini dayandırmağa məcbur oldu.
       XX yüzilin əvvəllərində Azərbaycan mətbuatı həm ədəbiyyatın, həm də cəmiyyətin istiqamətini müəyyənləşdirir, milli şüurun, eləcə də estetik zövqün gəlişməsini təmin edirdi. O illərdə bizim siyasi müəyyənliyimiz, sərhədlərimiz, ordumuz, dövlətimiz olmadığı üçün bütün boşluqları, təbii ki, Azərbaycan mətbuatı doldururdu. Bu mənada, 1918-ci il, mayın 28-də yaradılan Azərbaycan Xalq Cümhuriyyəti tarixi, ideoloji və siyasi fakt olaraq yalnız tarixi şəraitin məhsulu deyil, XIX əsrin sonu XX əsrin əvvəlləri milli mətbuat səhifələrində davam edən siyasi, ədəbi və fəlsəfi düşüncənin nəticəsidir. Çünki həmin illərdə bizdə milli dövlətçilik ideyasının tarixi uzağa getməsə də, milli mənlik şüurunun yaranmasının aspektləri bədii-publisistik düşüncəyə söykənirdi. Digər bir məsələ, medianın əsas vəzifəsi informasiya ötürmək olsa da, o, hər şeydən əvvəl sağlam milli təsəvvürlərin gəlişməsini təmin etməlidir.
      Milli mətbuatımızın tarixindən, bugünkü durumundan və inkişaf perspektivlərindən danışarkən biz ilk növbədə birmənalı olaraq qeyd etməliyik ki, Azərbaycanda sağlam və peşəkar mətbuatın formalaşmasında Uu Öndər Heydər Əliyevin əvəzsiz xidmətləri olub. O cümlədən, Ümummilli Liderimizin respublikaya birinci dəfə rəhbərlik etdiyi 1969-1982-ci illəri biz milli özünüdərkin dirçəliş dövrü kimi xarakterizə edə bilərik. Məhz həmin dövrdə mətbuatın cəmiyyətə təsir imkanlarının gücü düzgün dəyərləndirilərək, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilmişdir. 1993-cü ildən başlayaraq Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən və cəmiyyət həyatının bütün sahələrini əhatə edən köklü islahatlar nəticəsində ölkədə senzura, söz və məlumat azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırıldı, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası yaradıldı, onun problemlərinin həlli, iqtisadi müstəqilliyinin gücləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğunda rolunun yüksəldilməsi məqsədilə ardıcıl tədbirlər görüldü. 1995-ci ildə ümumxalq referendumu ilə qəbul edilmiş Azərbaycan Respublikasının ilk milli Konstitusiyasının 50-ci maddəsində hər kəsin informasiya əldə etmək hüququ təmin edildi. Bu müddəanın Konstitusiyaya daxil edilməsi Azərbaycanın demokratik inkişaf kursu ilə yanaşı, respublikamızın qoşulduğu beynəlxalq müqavilələrdən irəli gəlirdi. Ulu Öndər Heydər Əliyevin Milli mətbuatın inkişafına verdiyi ən dəyərli töhfələrdən biri də 1998-ci ildə KİV üzərində senzuranın tamamilə ləğvi oldu. 
      Bu gün də Heydər Əliyev idealları, onun azərbaycançılıq ruhu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlətçilik siyasətində qorunaraq xalqın və dövlətin şərəf tarixinin ifadəsinə çevrilməkdədir. Azərbaycan jurnalistikasında söz, fikir azadlığının yaradılmasını, demokratiyanın inkişafını özündə əks etdirən bu siyasət nəticəsində Azərbaycan dünyada sözə, insan hüquqlarına hörmət edən ölkə kimi tanınır. Bu gün Azərbaycanda ən müasir tələblərə və standartlara cavab verən medianın mövcudluğu və qazanılan uğurlar məhz bu reallığın nəticəsidir. Tarixi Zəfərimizdən sonra başlanan yeni dövr islahatları, təkmilləşməni bir zərurət kimi qarşıya qoydu. Bu baxımdan mətbuat ilə bağlı  mövcud qanunvericiliyin təkmilləşdirilməsi zamanın tələbi idi. Dövlətimizin başçısı İlham Əliyev 12 yanvar  2021-ci il tarixdə  “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərman imzaladı. Medianın inkişafının dəstəklənməsi, yeni informasiya-kommunikasiya texnologiyalarının və innovasiyaların tətbiqinin stimullaşdırılması məqsədilə imzalanan sənədə əsasən Medianın İnkişafı Agentliyi yaradıldı. Azərbaycan mediası həm Birinci, həm də İkinci Qarabağ müharibələrində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib, Azərbaycanın böyük Zəfərinin müjdəçisi olub. 44 günlük Vətən müharibəsinin gedişində ölkəmizin düşmən təbliğatına qarşı informasiya mübarizəsinə töhfələrini vermişdir. Atılan hər bir  addım dövlətimizin azad mətbuatın inkişafına diqqət və qayğısının aydın mənzərəsini yaradır. Ölkə rəhbərimizin Vətən müharibəsi dövründə 30-dan çox beynəlxalq media qurumlarına geniş müsahibələri bu reallıqların dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynadı. Bu mənada Şuşada 2023-cü il 21-23 iyul tarixlərində “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda və 2024-cü il 20-22 iyul tarixlərində “Yalan Məlumatların İfşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda Qlobal Media Forumlar keçirilməsi də vacib məqamlardan biri kimi qeyd olunmalıdır.  Prezident İlham Əliyevin təşəbbüsü ilə  2025-ci il 3 fevral tarixində “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” Azərbaycan Respublikasının yubiley medalı təsis olunub. Həmçinin, 2025-ci il 25 aprel tarixində Prezident İlham Əliyev “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamın imzalanması ölkəmizdə bu sahədə çalışanlara ən yüksək səviyyədə diqqət və qayğının təzahürü hesab edilir.

     Yeni Azərbaycan Partiyası 
     Kürdəmir  rayon təşkilatının sədri Ayaz Cəbrayılov