Milli Mətbuat Günü: Azərbaycançılıq ideologiyasının təbliğində medianın rolu
Azərbaycan milli mətbuatı 150 illik zəngin inkişaf yolu keçərək bu gün informasiya cəmiyyətinin ayrılmaz hissəsinə çevrilmişdir. “Əkinçi” ilə başlanan maarifçilik və milli düşüncə yolu, bu gün dövlətin məqsədyönlü siyasəti ilə yeni texnoloji, hüquqi və institusional çərçivədə davam etdirilir. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə medianın inkişafına dair həyata keçirilən islahatlar, istər qanunvericilik bazasının təkmilləşdirilməsi, istərsə də Medianın İnkişafı Agentliyinin yaradılması – ölkəmizdə azad, məsuliyyətli və güclü media sisteminin formalaşmasına mühüm zəmin yaratmışdır.
1875-ci ildə Həsən bəy Zərdabi tərəfindən nəşrə başlayan “Əkinçi” qəzeti milli özünüdərk prosesinin bünövrəsini qoyaraq, xalqı maarifə, elmə və vətənpərvərliyə səsləyən ilk mətbuat orqan olmuşdur. “Ziya”, “Ziyayi-Qafqaziyyə”, “Kəşkül”, “Şərqi-Rus”, “Füyuzat”, “İrşad”, “Molla Nəsrəddin” kimi nəşrlər milli maarifçilik hərəkatının ön cəbhəsində dayanaraq xalqın milli özünüdərkinə, ictimai-siyasi şüurunun inkişafına mühüm töhfələr vermişdir. Hətta rus dilində nəşr olunan “Kaspi” qəzeti də, redaktoru Əlimərdan bəy Topçubaşovun və Həsən bəy Zərdabinin fəaliyyəti nəticəsində milli məfkurənin aparıcı tribunasına çevrilmişdir.
1993-cü ildən etibarən Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə mətbuatın inkişafına yönəlmiş mühüm siyasi qərarlar qəbul edilmişdir. Hələ müharibə şəraitində olmasına baxmayaraq, Ulu Öndər əvvəlcə hərbi senzuranı, daha sonra isə ümumilikdə dövlət senzurasını ləğv etməklə, azad və müstəqil mətbuatın inkişafına real zəmin yaratmışdır. Söz və məlumat azadlığının təmin edilməsi, medianın fəaliyyətini tənzimləyən qanunvericilik bazasının təkmilləşdirilməsi, jurnalistlərin hüquqlarının qorunması və maddi-texniki bazalarının gücləndirilməsi kimi istiqamətlərdə atılan ardıcıl addımlar, medianın həm iqtisadi, həm də ictimai müstəvidə möhkəmlənməsini təmin etmişdir. Onun çıxışlarında, müsahibələrində və görüşlərində tez-tez səsləndirdiyi fikirlər — mətbuatın rolu, məsuliyyəti və cəmiyyətə təsiri barədə müdrik kəlamlar bu gün də öz aktuallığını qoruyur. Ulu öndər Heydər Əliyev deyirdi: “Azad mətbuat cəmiyyətin aynasıdır və bu aynada biz özümüzü görməliyik.” Bu fikir sadəcə jurnalistikaya deyil, dövlətin idarəçiliyində şəffaflığın vacibliyinə də çağırış idi. Bu siyasi irsi böyük uzaqgörənliklə davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev isə medianın inkişafı və onun azad fəaliyyət göstərməsi üçün geniş imkanlar yaratmaqla yanaşı, şəffaf və açıq ünsiyyətə hər zaman önəm verib. Prezident İlham Əliyevin həm yerli, həm də xarici mətbuat nümayəndələrinə verdiyi yüzlərlə müsahibə bu siyasətin bariz göstəricisidir. O, beynəlxalq səviyyəli siyasi platformalarda, fövqəladə vəziyyətlərdə, münaqişə dövrlərində və hətta Qarabağ zəfərinin mühüm mərhələlərində belə mətbuatın suallarına geniş, dolğun və əsaslandırılmış cavablar verərək, Azərbaycanın haqlı mövqeyini dünyaya çatdırmışdır. İstər Qarabağ müharibəsi zamanı, istərsə də postmüharibə dövründə Prezident İlham Əliyevin çıxışları, müsahibələri və mətbuat konfransları Azərbaycan jurnalistikasının arxivinə daxil olan dəyərli materiallardır.
2021-ci ildə qəbul olunan “Media haqqında” Qanun medianın hüquqi statusunu, peşəkar fəaliyyətini və informasiya təhlükəsizliyini tənzimləyən əsas sənəd olaraq, milli informasiya məkanımızın sağlamlaşdırılmasına xidmət edir. İnternet jurnalistikasının sürətlə inkişaf etməsi, yerli medianın rəqabət qabiliyyətinin artması və jurnalistlərin beynəlxalq təcrübə imkanlarından yararlanması Azərbaycan mətbuatını həm regional, həm də qlobal səviyyədə daha görünən edir. Eyni zamanda, Konstitusiyada təsbit olunmuş söz və mətbuat azadlığı prinsipi, ölkədə demokratik və şəffaf media mühitinin formalaşmasında mühüm rol oynayır. Bu azadlıq, məsuliyyət və ictimai etimadla müşayiət olunduqda, mətbuat cəmiyyətin vicdanı, dövlətin tərəfdaşı və xalqın tribunasına çevrilir. Jurnalistlərin sosial təminatı sahəsində güzəştli ipoteka imkanlarının yaradılması, fəxri adların verilməsi, birdəfəlik yardımların ayrılması dövlətin mətbuata olan konkret və davamlı dəstəyinin göstəricisidir. Həmçinin, media subyektlərinə tətbiq olunan üç illik vergi güzəştləri və azadolmalar yerli informasiya vasitələrinin iqtisadi dayanıqlığının təmin edilməsinə yönəlib. “Jurnalistlərin dostu” mükafatlarının Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyevə təqdim olunması, Azərbaycan rəhbərliyinin hər zaman mətbuatla dialoqda olduğunu və jurnalistikanın strateji əhəmiyyətini dərk etdiyini göstərir. Bununla yanaşı, rəqəmsal mühitdə milli informasiya resurslarının gücləndirilməsi, beynəlxalq informasiya platformalarına inteqrasiya, peşəkar və milli maraqlara sadiq jurnalistikanın təşviqi, medianın müasir çağırışlara çevik və məsuliyyətli cavab verməsinə zəmin yaradır.
Bu şəraitdə Azərbaycan jurnalistləri yüksək milli şüurla fəaliyyət göstərərək, informasiya təhlükəsizliyi, milli maraqların müdafiəsi və ictimai tərəqqi uğrunda mübarizənin ön cəbhəsində yer almalı, saxta və təxribat xarakterli məlumat axınına qarşı milli informasiya qalası funksiyasını yerinə yetirməlidirlər. Azərbaycanda media siyasəti yalnız informasiya ötürmək məqsədi daşımır – o, həm də ictimai sabitlik, milli birliyə xidmət və dövlətin informasiya suverenliyinin əsas dayağıdır. Peşəkar və müstəqil jurnalistikanın inkişafı, həm jurnalistlərin layiqli həyat şəraiti ilə, həm də azad sözə verilən real dəstək və hüquqi mühitlə təmin edilir. Bu, Azərbaycanın güclü, düşünən və öz sözünü deyən cəmiyyət qurmaq yolundakı iradəsinin bariz ifadəsidir.
Bu gün Azərbaycanda fəaliyyət göstərən media orqanları müasir texnologiyalara əsaslanan, yüksək peşəkarlıq standartlarına cavab verən və milli maraqları qoruyan bir informasiya məkanı formalaşdırır. Azərbaycan cəmiyyətində demokratik münasibətlərin təşəkkülü və inkişafı azad sözün və azad mətbuatın mövcudluğu ilə birbaşa bağlıdır. Aşkarlığın, fikir plüralizminin və ictimai dialoqun təmin olunması üçün fundamental vasitələrdən biri olan kütləvi informasiya vasitələri cəmiyyətdə şəffaflığın dərinləşməsinə, vətəndaş cəmiyyətinin formalaşmasına və ictimai institutlar arasında sağlam münasibətlərin yaranmasına töhfə verir. Bu baxımdan, Azərbaycan hakimiyyəti daim mətbuatın inkişafını öz siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyən edib və bu sahəyə göstərilən diqqət dövlətin demokratik dəyərlərə sadiqliyinin bariz nümunəsidir.
Prezident İlham Əliyevin siyasi kursunda insan hüquqlarının, xüsusilə də söz və mətbuat azadlığının təmin olunması əhəmiyyətli yer tutur. Dövlət başçısı dəfələrlə vurğulamışdır ki, ölkəmizdə aparılan islahatların əsas mahiyyəti cəmiyyətin hərtərəfli inkişafına nail olmaq, vətəndaşların azad və təhlükəsiz şəraitdə yaşamasını təmin etməkdir. Bu istiqamətdə atılan addımlar sırasında mətbuat azadlığının qorunması mühüm yer tutur. Prezidentin dediyi kimi: “Azərbaycanda mətbuat azadlığı mövcuddur və biz bu sahədə çox ciddi addımlar atmışıq. Söz azadlığının təmin olunması bizim prioritet məsələmizdir və bu sahədə böyük uğurlara nail olmuşuq.” Bu prinsipial mövqe nəticəsində bu gün ölkəmizdə müxtəlif mövzularda, fərqli baxış bucaqları ilə çıxış edən media nümayəndələri azad və təhlükəsiz şəkildə fəaliyyət göstərmək imkanına malikdirlər. Azərbaycan mətbuatı öz tarixinin ən məsuliyyətli və şərəfli mərhələlərindən birini Vətən müharibəsi dövründə yaşadı. Həm Birinci, həm də xüsusilə İkinci Qarabağ müharibəsində informasiya cəbhəsində ön sıralarda yer alan media nümayəndələri düşmənin saxta təbliğatını ifşa etməklə yanaşı, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaqda misilsiz rol oynadılar. 44 günlük Vətən müharibəsi dövründə jurnalistlər həm ön cəbhədə, həm də arxa cəbhədə əsgərlərlə çiyin-çiyinə fəaliyyət göstərərək, döyüşlərin real mənzərəsini ictimaiyyətə çatdırdılar. Onların hazırladığı reportajlar, müsahibələr və canlı bağlantılar milli ruhun güclənməsinə, ictimai həmrəyliyin möhkəmlənməsinə mühüm töhfə verdi. Bu dövrdə fəaliyyət göstərmiş jurnalistlərin bir qisminin dövlət təltiflərinə layiq görülməsi, onların göstərdiyi peşəkarlıq və vətənpərvərliyin rəsmi şəkildə qiymətləndirilməsi dövlətin mətbuata və media nümayəndələrinə olan yüksək münasibətinin göstəricisidir. Onlar təkcə informasiya yayımı ilə deyil, həm də Vətənin müdafiəsində əsl qəhrəmanlıq nümayiş etdirdilər.
44 günlük müharibədən sonrakı dövr Azərbaycan tarixində yeni bir mərhələnin başlanğıcı oldu. Qarabağ münaqişəsinin siyasi və hərbi yolla həllindən sonra ölkəmizdə aparılan quruculuq və bərpa işləri, azad edilmiş ərazilərdə həyatın yenidən bərpası və bu torpaqlara Böyük Qayıdış prosesi həm ölkə daxilində, həm də beynəlxalq aləmdə diqqət mərkəzindədir. Bu kontekstdə medianın üzərinə düşən məsuliyyət daha da artmışdır. Dövlət başçısının səfərləri, çıxışları, azad edilmiş ərazilərdə görülən işlər, diplomatik platformalarda səsləndirilən fikirlər mətbuat vasitəsilə həm vətəndaşlara, həm də beynəlxalq ictimaiyyətə çatdırılır.
Azərbaycan mediasının inkişafı təkcə milli miqyasda deyil, həm də regional səviyyədə yeni tərəfdaşlıq imkanları yaratmışdır. Xüsusilə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlığa dair imzalanmış Anlaşma Memorandumu bu sahədə münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu təsdiq edir. İki qardaş ölkə arasında media sahəsində təcrübə və bilik mübadiləsi, ortaq layihələrin hazırlanması, dezinformasiyaya qarşı birgə mübarizə, eləcə də informasiya təhlükəsizliyinin təmin olunması istiqamətində atılan addımlar, bütövlükdə Türk dünyasının informasiya məkanının gücləndirilməsi məqsədinə xidmət edir. Bu əməkdaşlıq həm də informasiya sahəsində milli maraqların müdafiəsini möhkəmləndirir, qlobal mediada Türk dövlətlərinin səsini daha güclü və koordinasiyalı şəkildə duyurmağa şərait yaradır.
Azərbaycan öz media sahəsinin inkişafına xüsusi önəm verir və beynəlxalq təşəbbüslərlə çıxış edir. Bu istiqamətdə mühüm addımlardan biri də Azərbaycanın mədəniyyət paytaxtı Şuşada keçirilən Qlobal Media Forumlarıdır. 2023-cü ilin 21-23 iyul tarixlərində “4-cü Sənaye İnqilabı dövründə Yeni Media”, 2024-cü ilin 20-22 iyul tarixlərində isə “Yalan Məlumatların İfşası: Dezinformasiyaya qarşı mübarizə” mövzularında keçirilən forumlar yalnız Azərbaycanın deyil, bütövlükdə regionun informasiya gündəminin müəyyənləşdirilməsi baxımından əlamətdar hadisələrdir. Bu forumlar sübut etdi ki, Azərbaycan artıq media siyasətinə yön verən bir mərkəzə çevrilməkdədir. Şuşa kimi strateji və simvolik əhəmiyyət daşıyan bir şəhərin ev sahibliyi etdiyi bu forumlar, işğaldan azad olunmuş torpaqlarımızda sülh, inkişaf və söz azadlığının hökm sürdüyünün ən bariz göstəricisidir. Forumlarda müzakirə olunan mövzular isə dövrümüzün çağırışlarına tam cavab verir. 4-cü Sənaye İnqilabının gətirdiyi texnoloji yeniliklər, süni intellekt, rəqəmsal jurnalistika, sosial media platformalarında yeni davranış modelləri kimi məsələlər günümüzün informasiya mühitinin əsaslarını təşkil edir. Eyni zamanda, saxta xəbərlər, manipulyasiya və dezinformasiyanın artdığı bir dövrdə onların ifşası və maarifləndirmə işinin aparılması yalnız jurnalistlərin deyil, bütövlükdə cəmiyyətin informasiya təhlükəsizliyinin qorunması baxımından həyati əhəmiyyət daşıyır.
Bu gün Azərbaycan mediası öz inkişaf mərhələsində yeni bir mərhələyə qədəm qoyub. Beynəlxalq əlaqələrin genişləndirilməsi, rəqabət qabiliyyətinin artırılması, texnoloji yeniliklərə uyğunlaşma, media savadlılığının artırılması və dezinformasiyaya qarşı sistemli mübarizə əsas istiqamətlər kimi formalaşıb. Artıq mediada təkcə xəbər vermək deyil, doğru və təsirli informasiya ilə ictimai rəyi yönləndirmək, ölkənin maraqlarını beynəlxalq miqyasda müdafiə etmək prioritetə çevrilib.
Unutmayaq ki, bu sahədə atılan hər bir addım eyni zamanda Azərbaycanın beynəlxalq mövqeyini möhkəmləndirir, onun imicini gücləndirir. Belə forumların təşkil edilməsi isə sadəcə informasiyanın paylaşımı deyil, sülhə, əməkdaşlığa və doğru informasiya üzərində qurulmuş yeni qlobal media sisteminə çağırışdır.
Nəhayət, bu forumlar bir daha göstərdi ki, Şuşa təkcə Azərbaycanın mədəniyyət paytaxtı deyil, həm də beynəlxalq medianın yeni beyin mərkəzidir. Və bu mərkəzdə verilən mesajlar, aparılan müzakirələr yalnız region üçün deyil, dünya üçün də önəmlidir. Azərbaycanın parlaq gələcəyində sözün, informasiyanın və medianın rolu getdikcə daha da artacaq.
150 illik yubileyində milli mətbuatımız Heydər Əliyev müdrikliyindən, İlham Əliyev siyasətindən güc alaraq, daha da inkişaf edir.
Bu əlamətdar gündə Azərbaycan jurnalistlərini təbrik edir, milli dəyərlərimizin, dövlətçiliyimizin və azad sözün qorunması yolunda onlara yeni uğurlar arzulayırıq!
Hicran Hüseynova,
Milli Məclisin komitə sədri, professor