21 iyul 2025 20:35
116

Yurd ətirli Eminim

Sadiqov Emin Rəşadət oğlu 21 iyul 1998-ci ildə Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Şahbuz kəndində anadan olub.

Üç nəfərlik balaca bir ailənin doğan günəşi idi Emin. Qədəmləri sevinc, xoşbəxtlik, səadət gətirmişdi ailəsinə. Nurlu çöhrəsi, ağıllı nəzərləri olan Eminin gələcəyi üçün saysız, hesabsız arzu və planlar var idi. Atası Rəşadət bəy və anası Gülşad xanım halal zəhməti, alınlarının təri ilə böyütmüşdürlər oğlu Emini. Onun gələcəyinin parlaq olması üçün ilk öncə yaxşı bir şəxsiyyət, vətənə layiq vətəndaş böyütmək lazım idi. Valideynlərinin ən ündə məramları da elə bu idi. Ləyaqətli bir vətəndaş olub xalqımız üçün iftixar yeri olmasını istəyirdi doğmaları.  Nağıl dili yüyrək olar deyirlər. Bu 22 illik qısa nağıl ömrün dili də zirək oldu.

Gənc ailə Eminin və özlərinin gələcəyi ilə əlaqədar olaraq, o hələ uşaq ikən Naxçıvan şəhərinə köçürlər. Hər gün bir buğda boyu böyüyən Emin ağlı, mehribanlığı ilə hamının sevimlisinə çevrilmişdi. Zəhmətkeş ailənin çalışqan övladı bütün yaş dövrlərində və olduğu hər yerdə taytuşlarından fərqlənir, hörmət və ehtiram qazanırdı ətrafdakılardan. O, 2004-cü ildə Naxçıvan şəhər Cəlil Məmmədquluzadə adına 2 nömrəli tam orta məktəbin birinci sinfinə daxil olur.  Orta məktəbi yaxşı qiymətlərlə oxuyan Eminin hərb sahəsinə marağı hələ balaca vaxtlarından hiss olunurdu. Bunu isə ona atası aşılamışdı. Atalar oğul övladlarının əsl kişi sənəti ilə məşğul olmalarının arzusunda olar həmişə. Elə Rəşadət bəy də gözünün ağı-qarası olan Eminin gələcəyini məhz hərbçi kimi düşünür, arzu edir və onun fikirlərinin formalaşması üçün əlindən gələni edirdi. O, oğlunun bu sahəyə marağının artdığını gördükcə ürəyi dağa dönürdü. Ara-sıra yolunu oğlu ilə birlikdə Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseyin qarşısından salar, onun kursant paltarı geyinmiş tələbələrin uzaqdan da olsa izləməsinə çalışardı. Kim bilir o anlarda hansı arzuları diləyib, hansı planları qururmuş. Lakin atalar yaxşı dyiblər ki, sən saydığını say, gör fələk nə sayır. Emin və ailəsinin fələyin onlara hazırladığı qismətdən xəbərləri yox idi. Qardaşı, dostu, sirdaşı olan atasını çox tez itirəcyini balaca ağlına belə gətirə bilməzdi, nə Emin, nə də anası Gülşad xanım. Atası onun 22 illik həyat hekayəsinin ilk on ilinin baş qəhrəmanı oldu. Və... Və budur bir gün onların qapısından qara yel əsdi. Gənc anası və Emin bir anda acı bir talenin bir cüt, iki tək qurbanı oldu. Bəli canlı qurbanı. Elə o gün artdı anası Gülşad xanımın zərif çiyinlərinin ağır yükü. Həyat yoldaşı Gülşada verdiyi sözü tutmadı. Onu ağır bir yükün altında qoyaraq əbədi evinə köçdü. İndi bu zərif, zəif və çarəsiz gənc qadını qarşıda sınaqlar gözləyirdi. O, ömürgün yoldaşının ona əmanət etdiyi aman-zaman bir balasını böyütməli idi. Həm də onun arzusunda olduğu kimi. Əsl İnsan yetişdirməli, atasının ruhunu şad edə biləcək bir oğul olmalı idi Emin. Ürəyinin acısını köksünün dərinliklərinə basdıraraq, madar balasının həyat yoluna çıraq oldu Gülşad xanım. Həm işləyir, həm də Eminin təlim-tərbiyəsi ilə məşğul olurdu. O, ana rolunda yaranışdan çox gözəl idi. Nəvazişi, məhəbbəti, qayğısı qüsursuz idi. Ata rolunda olmağı da yaradan ona münasib görmüşdür. Və bir qadın üçün bundan ağır nə ola bilərdi ki?! Lakin məcburdu. Bütün kəm-kəsrləri ilə Gülşad oğluna ata da oldu. Oğlunun xarakterində Azərbaycan kişisinə xas keyfiyyətlərin olmasnda böyük rol oynadı. Oxuduğu məktəbdə Emin haqqında deyilən təriflər bunun bariz göstəricisi idi. Təhsili uğurlu davam edirdi Eminin. Məktəbdə müəllim və şagirdlər arasında özünə hörmət, məhəbbət qazanmışdı. Atasından sonra isə yolunu özü üçün müəyyən etmişdi. Atasının ruhu onu hərbi formada görəçəkdi mütləq.

Emin 8-ci sinfi bitirdikdən sonra 2012-ci ildə Heydər Əliyev adına Hərbi liseyə qəbul olur və 3 il burada təhsil alır. İlk nailiyyətinin ardınca 2015-ci ildə Naxçıvandan Bakıya, hərbi sənətinin dərinliklərinə yiyələnmək üçün Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olur. 2019-cu ildə AAHM-dən məzun olan Emin Qazax rayonuna göndəriş alır.

Qüruru yerlə göy arasına sığmırdı. İndi o, atasının arzusunu həyata yetirdiyi üçün özünü xoşbəxt hesab edirdi. Buna haqqı da var idi. Deyəsən bundan belə anası da dərindən nəfəs alacaq, övladınıın qazancından yeyəcək, çiyinlərinin ağır yükündən qismən də olsa arınacaqdır axı!...

O, bilirdi ki, seçdiyi peşə şərəfli olmaqla yanaşı, ağır və təhlükəlidir. Bütün bunlara rəğmən qəlbdən bağlanmışdır peşəsinə. Axı o, hələ ki, tək sevdalandığı vətən torpağına xidmət edir, onu göz bəbəyi kimi qoruyurdu. O, bilirdi və gözləyirdi ki, Ali Baş Komandan bir əmr versin. O, da başqa igidlər kimi əsarətdə olan yurd yerlərimizi xilas etmək üçün səfərbər olsun. O mübarizə isə qansız, qadasız olmayacaqdı. O qan isə Eminin də ürəyindən axıb bütün vücüdünda yalnız vətən üçün dövr edirdi.

27 sentyabr 2020-ci ildə başlanan İkinci Qarabağ savaşına leytenant Sadiqov oktyabr ayının 11-də Füzuli istiqamətində qoşulur. Qanlı döyüşlərin getdiyi torpaqlarımızda hər an bir can şəhid düşdükcə, o an onlarla mənfur düşmən yer üzündən silinir. Gözünü qırpmadan döyüşən Emin əsgərləri və silahdaşları ilə birlikdə onlarla yağını zərərsizləşdirərək irəli addımlayırdılar. Artıq on beş günə yaxın idi ki, çətin şəraitdə haqq savaşımızı aparır, qalib dönməsi üçün əlindən gələni edirdi Emin və cəbhə yoldaşları. O, arada imkan tapdıqca anasına bir-iki dəqiqəlik də olsa zəng edir, hər şeyin yaxşı olduğunu deyir və narahat olmaması üçün təskinlik verirdi. Əlbəttə ki, bu ana üçün nə qədər təskinlik ola bilərdi axı?! Hər gün şəhid xəbəri bütün xalqı sarsır, qəmə batırırdı. Eyni ilə də hər gün geri alınan torpaqların sədasını duyduqca, qürür hissi xalqın qələbə inamını gücləndirirdi. Bütün igidlərimiz kimi Emin də şəhadət şərbətini dadmağın necə şərafətli olduğunu bilirdi. Lakin öncə torpaqları azad etməli idi! Təəsüf ki, ona Azərbaycanın dilbər guşəsi olan Qarabağı və digər torpaqlarımızı azad görmək nəsib olmadı. Emin 26 oktyabr 2020-ci ildə Füzuli rayonunun Alxanlı və Seyidəhmədli kəndlərinin azad ediləsi uğrunda gedən savaşda şəhidlik zirvəsinə ucalaraq, 22 illik həyatının əbədiləşdirdi. Bu o zaman idi ki, yurdumuzun hər yanında olduğu kimi, Naxçıvana da karvan-karvan şəhid gətirilirdi. Xalq matəm içində idi. O zaman hər kəs şəhid doğmasına çevrilərək, onların ağrı-acısını paylaşaraq yüngülləşdirməyə çalışırdı.  Analar dar gündə övladlarını daha çox hiss edərlər. Elə Gülşad xanım da içinin sıxıntısından çölünə sığmırdı. Nə qəribədir yuxular da nigaran asılı qalır gözlərdən o aralarda. O, oğlunun ruhu ilə danışır o gecə. Və ona deyir ki, “pis xəbərini almamaq üçün bağlamışam telefonu bala”.

Şəhidin nəşini bir neçə gün sonra oktyabr ayının 30-da Naxçıvana gətirərək, doğulduğu Şahbuz kənd məzarlığında dəfn etmək mümkün olur. O gün yerlə göyün qovuşduğu gün idi Gülşad ana üçün. O, növbəti dəfə sevdiyi doğması, ürək parası, canından can olan balası tərəfindən tərk edilirdi. Ancaq bir təskinlik ayaqda tuturdu ananı. Balası gözü qədər sevdiyi vətən üçün öz canını fəda etmişdir. Kədəri ananı öldürdüyü qədər, qüruru nəfəs alıb, ayaqda qalmasına səbəb idi. Emin özündən sonra anaya yüzlərlə oğul və qız övladlar qazandırdı. Artıq neçə illərdir ki, Gülşad xanım da oğlunun ətrini yurdundan, torpağından alır. Məğrur Azərbaycan qadını olan Gülşad xanım özünün örnək əməlləri ilə çoxlarına nümunə olub. Öz dərdini geclərə daşıyıb, gündüzlər isə digər şəhid ailələrinin yanında durur. Bu əzəmətli Qadının özündən böyük olan ürəyinə təpər, ömrünə bərəkət arzu edir, cənnət qoxulu şəhidimə Allahdan rəhmət diləyirəm. Mən əminəm ki, anası ondan razı olduğu qədər də o, da anasından razıdır.

Sevinc Səbzəliyeva,
Naxçıvan Xatirə Muzeyinin baş fond mühafizi