24 iyul 2025 12:58
175

Milli maraqların qorunması Azərbaycanın xarici siyasətində fundamental amildir 

Xankəndidə keçirilən daha bir beynəlxalq tədbir -III Şuşa Qlobal Media Forumu dünyanın diqqətini  ölkəmizə yönəltməklə Azərbaycan dövlətinin qüdrətini bir daha göstərdi.  Prezident İlham Əliyev  forumdakı çıxışında müasir dövrdə dövlətlərin etibarlı informasiya siyasəti yürütməsinin əhəmiyyətini vurğulayıb. Forumda önəmli məqamlardan biri də enerji təhlükəsizliyi və Azərbaycanın bu sahədəki qlobal rolu ilə bağlı idi. Bu faktor Azərbaycanın yalnız region üçün deyil, Avropa və bütövlükdə Avrasiya üçün etibarlı enerji təchizatçısı olduğunu sübut edir.

İndi Azərbaycan 12 ölkəyə qaz ixrac edir ki, onların 10-u Avropa ölkəsidir və 8-i Avropa İttifaqının üzvüdür. Avropa İttifaqı Azərbaycanı «qoca qitə»nin qaz təchizatçısı adlandırır və ölkəmizin bu sahədəki kommersiya əsaslı, siyasiləşdirilməmiş siyasəti yüksək dəyərləndirilir. Azərbaycan Prezidenti bu barədə deyib: « Avropa İttifaqı ilə əməkdaşlığa gəldikdə, 2021-ci ildə energetika sahəsində strateji tərəfdaşlıq haqqında sənəd imzaladıq və o zaman biz ixracımızı 8 milyarddan 13 milyard kubmetrə qaldırdıq. 2030-cu ilə qədər Azərbaycanın qaz ixracı həcminin daha 8 milyard kubmetr artırılması nəzərdə tutulur.»

2024-ü ilin payızında Bakıda keçirilən COP29 tədbiri Azərbaycanın qlobal iqlim siyasətindəki yerini gücləndirib. Həmin beynəlxalq tədbir Azərbaycanın yaşıl enerji keçidinə nə dərəcədə ciddi önəm verdiyini təsdiqləyir. Prezident İlham Əliyevin sözlərinə görə, Azərbaycan 2030-cu ilə qədər 6 giqavat bərpaolunan enerji istehsal etməyi planlaşdırır. Qarabağ və Şərqi Zəngəzurda artıq 30 su elektrik stansiyası istismara verilib. Bununla yanaşı, Xəzər və Qara dənizlər üzərindən keçən enerji kabelləri vasitəsilə Avropaya yaşıl enerji ixracı ölkəmizi regionda enerji paylayıcı mərkəzə çevirir.

Ölkəmizin başçısının çıxışında qlobal siyasətə dair səsləndirdiyi önəmli fikirlər dövlətimizin  yeni reallıqların formalaşdırılmasında lider rol oynadığını bir daha göstərir. Xüsusilə 2020-ci ilin sentyabrın 27- də başlayan İkinci Qarabağ müharibəsində Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi və 2023-cü ilin sentyabrın 20-də isə  bir günlük lokal hərbi əməliyyatlar nəticəsində sverenliyini tam təmin etməsi regionda dövlətimizə yeni geosiyasi üstünlüklər qazandırdı. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: «Bizim beynəlxalq hüquqa əsaslanan arqumentlərimiz – BMT Təhlükəsizlik Şurasının erməni silahlı qüvvələrinin ərazilərimizdən çıxarılmasını tələb edən 4 qətnaməsi, Minsk qrupunun həmsədrlərinin bu qətnamələrə səs vermələri – bunların hamısı reallıqla barışmaq tələbini ehtiva edən təkəbbürlü bəyanatlar fonunda cavabsız qalırdı. Biz də qərar verdik ki, yeni reallıqlar yaradacağıq və siz onlarla barışmalı olacaqsınız. Elə də oldu. Biz yeni reallıqları 2020-ci ildə 44 gün ərzində yaratmağa başladıq. Onlar bununla barışmağa məcbur oldular. Daha sonra 2023-cü ilin sentyabrında bir gün ərzində. Bununla da barışmağa məcbur oldular».

Eyni zamanda, hazırda Azərbaycanın Orta Dəhliz üzərindən qitələrarası yük daşımalarını artırması onu mühüm logistika və nəqliyyat qovşağına çevirir. İndi Çin-Qazaxıstan-Özbəkistan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə-Avropa marşrutu üzrə yük axınlarının ildən-ilə artması ölkəmizin bu sahədəki gücünü göstərir. Forumdakı çıxışında ölkəmizin başçısı xarici siyasətdəki hədəfləri açıqlayarkən vurğuladı ki, bizim ailəmiz türk dünyasıdır. Türk Dövlətləri Təşkilatına üzv olan bütün ölkələrlə qardaşlıq münasibətlərimiz var və  siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Bu, böyük coğrafiyadır,  ərazidir,  hərbi gücdür,  iqtisadiyyatdır, təbii sərvətlərdir, nəqliyyat yollarıdır, gənc, artan əhalidir və bir soydan, kökdən olan xalqlardır. Müştərək səylərlə elə etməliyik ki, Türk Dövlətləri Təşkilatı qlobal arenada önəmli aktora və güc mərkəzinə çevrilsin. Buna biz ancaq birlikdə nail ola bilərik.

Bu kontekstdə Azərbaycanın beynəlxalq təşkilatlarla  əməkdaşlığı uğurla inkişaf edir. Azərbaycan  istər Türk Dövlətləri Təşkilatı, istərsə də İslam Əməkdaşlıq Təşkilatı  çərçivəsində fəal diplomatik xətt yürüdərək həm türk, həm də İslam aləmində inteqrasiyanı gücləndirən mühüm təşəbbüslərlə çıxış edir. Ölkəmizin 2024-2026-cı illərdə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə  sədrlik etməsi regional iqtisadi əməkdaşlığın fəallaşdırılması baxımından strateji əhəmiyyət daşıyır. Qoşulmama Hərəkatı çərçivəsində Azərbaycanın son illərdə nümayiş etdirdiyi uğurlu sədrliyi və təşəbbüsləri bu qurumun nüfuzunun artmasında mühüm rol oynayır. Şanxay Əməkdaşlıq Təşkilatı  ilə əməkdaşlıq isə Azərbaycanın Asiya regionundakı geosiyasi mövqeyini möhkəmləndirən, təhlükəsizliyi və iqtisadi əməkdaşlığı təşviq edən yeni bir istiqamət kimi aktuallıq qazanır.

İsmayıl İbrahimov,
YAP Hacıqabul rayon təşkilatının sədri