07 avqust 2025 09:17
96

Trampın komandası Putin-Zelenski görüşü üçün təcili hazırlıqlara başladı

ABŞ Prezidenti Donald Tramp komandasına Rusiya lideri Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşlərini ən qısa müddətdə təşkil etməyi tapşırıb.

“İki sahil” xəbər verir ki, bu barədə CNN televiziya kanalı Ağ Evin iki rəsmisinə istinadən məlumat yayıb.

Bildirilib ki, belə tədbirlərin təşkilinin mürəkkəbliyinə baxmayaraq, Ağ Evin rəhbəri prosesi sürətləndirməyə çağırıb. Onun köməkçiləri mümkün görüşlərin planlaşdırılmasına dərhal başlayıblar.

Görüşün keçiriləcəyi yer hələ müəyyənləşdirilməyib, lakin bir neçə variant müzakirə olunur. Müddətlər barədə də hələ qəti qərar yoxdur, lakin Ağ Evdən bildirilib ki, danışıqlar artıq növbəti həftə və ya gələn iki həftə ərzində baş tuta bilər.

Avqustun 6-da Tramp Putin və Zelenski ilə şəxsi görüş ehtimalının çox yüksək olduğunu bildirib. Onun sözlərinə görə, Putinlə çox yaxşı danışıqlar aparılıb və bu yolun sonuna yaxınlaşdığımıza böyük ehtimal var. O əlavə edib ki, hələlik tələsik nəticələr çıxarmaq istəmir, çünki əvvəllər ABŞ lideri belə vəziyyətlərdə məyus olub.