ABŞ-ın Texas ştatında yerləşən El-Paso şəhərində ölkənin əsas döyüş tankı olan "M1A2 Abrams"la bağlı məxfi məlumatları Rusiyaya ötürməyə cəhd etməkdə şübhəli bilinən hərbi qulluqçu saxlanılıb.
“İki sahil” xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi rəsmi açıqlama yayıb.
Məlumata görə, saxlanılan şəxs 22 yaşlı Teylor Adam Lidir. O, "xarici düşmənə" milli müdafiəyə dair həssas məlumatları ötürməyə cəhd etməkdə və icazəsiz texniki məlumatların sızdırılmasında ittiham olunaraq həbs edilib.
İstintaqın ilkin nəticələrinə əsasən, Linin Rusiya kəşfiyyatçısı hesab etdiyi şəxsə məxfi məlumatları təqdim etmək müqabilində Rusiya vətəndaşlığı almaq niyyəti olub.
Ədliyyə Nazirliyi bildirir ki, iyul ayında Teylor Li Rusiya hökumətinin nümayəndəsi olduğunu düşündüyü şəxslə görüşərək ona gizli texniki məlumatlar ehtiva edən fləş-kart verib. Həmin məlumatlara çıxış səlahiyyəti olmayan hərbi qulluqçunun bu addımı atarkən qanunsuz hərəkət etdiyini bildiyi vurğulanıb.
Bundan əlavə, iyulun 31-də Li "M1A2 Abrams" tankına aid avadanlıq komponentini El-Pasoda yerləşən anbara təhvil verib və əlaqədə olduğu şəxsə "Missiya yerinə yetirildi" mesajı göndərib.
Ədliyyə Nazirliyi əlavə edib ki, irəli sürülmüş ittihamlar hələlik yalnız iddia xarakteri daşıyır:
"Bütün təqsirləndirilən şəxslər məhkəmə tərəfindən günahları sübuta yetirilməyənədək günahsız hesab olunurlar", - açıqlamada deyilir.