Azərbaycanda kimlər bu bayramı keçirir?
31 oktyabr İngilis dilində “Halloween”, dilimizdə isə "Hellouin" adlanan balqabaqlar bayramıdır.
Ona görə Balqabaqlar bayramı ki, balqabaq "Helloui"nin əsas atributlarından biri hesab olunur. İnsanlar məhz bu gün balqabaqların içini ovub, içərisinə şam qoyur. Onlar hazırladıqları bir-birindən maraqlı balqabaq fiqurları ilə bayramı qeyd edirlər.
Balqabaqlar bayramı xristian dünyasına məxsus bayram olduğundan, müsəlmanlar bu haqda az məlumatlıdır. Sözügedən bayram müasir Böyük Britaniya və İrlandiya ərazisində yaşayan Keltlərin adətləri əsasında formalaşıb. Əsasən ABŞ, Böyük Britaniya, İrlandiya, Rusiya, eyni zamanda, Asiya qitəsi və bir çox dünya ölkələrində təntənəli şəkildə qeyd olunur.
İngilis dilinin Oksford lüğətinə görə, "Hellouin" sözü ilk dəfə XVI əsrdə ingilis ifadəsi olan “All-Hallows-Even” (Bütün müqəddəslərin axşamı) sözündən yaranıb.
"Hellouin" bayramını digər bayramlardan fərqləndirən əsas əlaməti, həmin gün insanların bir-birindən maraqlı, qeyri-adi qiyafələr geyinməklə bir yerə toplaşmasıdır. Bəziləri düşünür ki, həmin gün "o dünya" və bu dünya arasındakı darvazalar açılır. İnsanlar ölmüş yaxınları ilə birlikdə dünyaya gəlmək istəyən ziyanverici ruhları qorxutmaq üçün iyrənc makiyajlar edir, qorxuducu qiyafələr geyinirlər.
"WorldBook” ensiklopediyasında qeyd olunur ki, "Hellouin" bayramının kökləri 2000 il bundan əvvəl keltlərin qeyd etdiyi bütpərəst bayrama gedib çıxır. Keltlər inanırdılar ki, bu vaxt ölülər diri insanlar arasında gəzib-dolaşır, dirilər ölülərlə görüşə bilərdilər”.
“Amerika Ensiklopediyası”nda qeyd olunur ki, "Hellouin" ayinləri xristianlıqdan əvvəlki dövrə aiddir və qədim keltlərin kahinləri druidlərin ayinləri ilə baǧlıdır. İrlandiya, Şimali Fransa və İngiltərədə məskunlaşan Kelt tayfalarının ili iki hissədən ibarət idi – yay və qış. Yay fəslindən qışa keçid məhsul yığımının sonuna düşürdü və oktyabrın 31-də qeyd edilirdi. Bu həm də yeni ilin başlanğıcı hesab olunurdu.
Azərbaycanda "Hellouin" ekzotik və mübahisəli bayram sayılır.