Ukrayna Prezidenti Volodimir Zelenski “Rosatom” dövlət korporasiyası və Rusiyanın enerji şirkətləri ilə əlaqəli 35 fiziki və hüquqi şəxsə qarşı yeni şəxsi və sektoral sanksiyaların tətbiq edilməsi haqqında fərmanlar imzalayıb.
“İki sahil” xəbər verir ki, bu barədə “RBK-Ukrayna” Ukrayna Prezidentinin sanksiyalar siyasəti üzrə səlahiyyətli nümayəndəsi Vladislav Vlasyukun bəyanatına istinadən xəbər verir.
Sanksiyalar “Zaporojya” AES-in Rusiyanın enerji sisteminə inteqrasiyası cəhdlərində, “Çernobıl” AES-in ələ keçirilməsində iştirakda, ikili təyinatlı nüvə avadanlıqlarının istehsalı və texniki xidmətində, eləcə də zənginləşdirilmiş uranın Avropadakı törəmə şirkətlər vasitəsilə ixrac edilməsində iştirak edən 18 fiziki və 17 hüquqi şəxsi əhatə edir.
Siyahıda olan əsas fiqurlar arasında “Konsern Rosenerqoatom” SC-nin baş direktorunun müavini Nikita Konstantinov, həmçinin “Uranium One Holding N.V.” (Niderland), “Rosatom Finance Ltd” (Kipr) və “Kirov-Enerqomaş” SC (Rusiya) şirkətlərini göstərmək olar.
Vlasyuk qeyd edib ki, “Rosatom”a qarşı sanksiya təzyiqinin genişləndirilməsi Rusiyanın mühüm nüvə texnologiyalarına və maliyyələşdirməyə çıxışını məhdudlaşdırmaq üçün mübarizənin tərkib hissəsidir.