19 avqust 2025 11:00
115

Dəyişən dünyanın sabahına ümidlə baxan gənc

Veysəl Mirzəzadə: Yolumu elm və ədalət işığında qururam

Dövlətimiz uğurlu gənclər siyasəti həyata keçirir və bu siyasətin nəticəsi olaraq təhsilə, elmə və şəxsi inkişafına böyük önəm verən gənclərin sayı gündən-günə artır. Bu gün ölkəmizin gəncləri yalnız yerli universitetlərdə deyil, dünyanın nüfuzlu ali təhsil müəssisələrində də öz bilik və bacarıqlarını sübut edərək həm fərdi, həm də milli səviyyədə uğurlar qazanırlar.

Belə gənclərdən biri də Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dördüncü kurs tələbəsi, fakültənin Tələbə Gənclər Təşkilatının sədri Veysəl Mirzəzadədir. Onunla apardığımız müsahibə zamanı hüquq elminə olan marağı, bu sahədə gələcək planları, xaricdə təhsil proqramlarına yanaşması, arzuları və hədəfləri, həmçinin gənclərə verdiyi dəyərli tövsiyələr barədə səmimi söhbət etdik.

-Oxucularımıza təhsil yolunuz və hazırkı planlarınız barədə qısa məlumat verməyinizi istərdik.

-Mən, Veysəl Mirzəzadə Mübariz oğlu, Quba rayonunda anadan olmuşam və orta təhsilimi də orada tamamlamışam. 2021-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə qəbul olunmuş, 2022-ci ildən isə təhsilimi fakültənin yüksək akademik göstəriciləri ilə seçilən SABAH qruplarında davam etdirmişəm. Hazırda IV kurs tələbəsiyəm və Hüquq fakültəsinin Tələbə Gənclər Təşkilatının sədri kimi tələbələrin akademik və sosial inkişafına yönəlmiş layihələr həyata keçirirəm. Magistratura təhsili üzrə dünyanın nüfuzlu ali təhsil müəssisələrindən bir neçə qəbul əldə etmişəm. Gələcəkdə məqsədim, hüququn elmi və praktik aspektlərini daha dərindən öyrənmək üçün təhsilimi Almaniyanın Saarland Universitetində davam etdirməkdir. Mən hüququ yalnız bir peşə kimi deyil, həm də ədalətə xidmət edən, cəmiyyətin inkişafına yönəlik bir missiya kimi qəbul edirəm.

-Bakı Dövlət Universitetində keçirdiyiniz illər sizə hansı akademik və şəxsi dəyərlər qazandırdı?

-Bakı Dövlət Universitetində keçirdiyim illər mənə yalnız dərin hüquqi biliklər qazandırmaqla kifayətlənmədi, həm də fərd kimi formalaşmağımda mühüm rol oynadı. Qədim tarixə malik bu fakültə, Azərbaycan hüquq təhsilinin flaqmanı olaraq, illər boyu hüquq elminin korifeylərini yetişdirib. Məhz bu köklü ənənə və burada toplanmış nüfuzlu müəllim heyəti mənə hüquqi düşüncə tərzini inkişaf etdirmək, analitik təhlil aparmaq və hüququn mahiyyətini dərk etmək imkanı verdi. Akademik biliklərlə yanaşı, mən burada prinsipiallıq, məsuliyyət hissi, ictimai fəaliyyətə açıq olmaq və ədalətə sadiqlik kimi şəxsi dəyərlər də qazandım.

-Təhsil illərinizdə yadda qalan ən maraqlı və təsirli hadisə hansıdır?

-Təhsil illərimdə ən yaddaqalan və təsirli dövr, Tələbə Gənclər Təşkilatının sədri seçilməyimdən sonrakı mərhələ oldu. Sədr olaraq, fakültə tələbələrindən ibarət peşəkar komanda formalaşdıraraq bir sıra uğurlu layihələr həyata keçirdik. Xüsusilə COP29 ərəfəsində və “Konstitusiya və Suverenlik İli” çərçivəsində həyata keçirdiyimiz layihələr təhsil yolumu daha da rəngarəng, mənalı və unudulmaz etdi.

-Almaniyada təhsilinizi davam etdirmək seçiminizdə hansı amillər həlledici oldu?

-Almaniyada magistr təhsilimi davam etdirmək qərarım təsadüfi deyil. Belə ki, Azərbaycan və Almaniya hüquq sistemləri arasında mövcud olan struktur və prinsiplərdəki yaxınlıq, mənə müqayisəli hüquq çərçivəsində dərin elmi araşdırmalar aparmaq üçün möhkəm zəmin yaradır. Məqsədim, burada əldə edəcəyim təcrübəni yalnız şəxsi karyeramda deyil, həm də Azərbaycan hüquq elminin və təhsilinin inkişafında tətbiq etməkdir.

-Niyə məhz Saarland universitetini seçdiniz?

-Saarland Universitetini seçməyimin əsas səbəblərdən biri onun Avropa hüququ sahəsində güclü mövqeyi və beynəlxalq əlaqələridir. Universitetin Europa-Institutunda tədris və tədqiqatlar Avropa hüququna fokuslanır, bu da mənə həm nəzəri, həm də praktik biliklər qazandırır. Bu amillər gələcəkdə beynəlxalq hüquq sahəsində karyeramı qurmaq və ölkəmizin hüquq sisteminin inkişafına töhfə vermək baxımından mənim üçün böyük üstünlükdür.

-Xaricdə təhsil almağın sizin üçün ən böyük üstünlüyü nə olacaq?

-Xaricdə təhsil almaq gənclərə həm şəxsi, həm də peşəkar inkişaf üçün geniş imkanlar açır. Ən önəmlisi, fərqli ölkələrin təhsil sistemlərini, hüquq mədəniyyətlərini və dünya görüşlərini öyrənməkdir ki, bu da insanın düşüncə tərzini zənginləşdirir və beynəlxalq perspektiv qazanmasına kömək edir. Xarici təhsil zamanı əldə edilən praktiki təcrübə və yeniliklər, gələcəkdə öz ölkənin hüquq sistemində tətbiq edilə bilər ki, bu da yerli inkişaf üçün mühüm töhfədir.

-Təhsilinizi başa vurduqdan sonra gələcək planlarınız nələrdir?

-Təhsilimi başa vurduqdan sonra əlavə magistr proqramlarında iştirak etmək planım var. Amma ən əsas məqsədim öyrəndiyim bilik və təcrübəni Azərbaycana gətirmək, burada hüquq sahəsində inkişaf və islahatlara töhfə verməkdir.

-Xaricdə təhsil alan gənclərin Vətənə qayıtdıqdan sonra ölkəyə faydalı olması üçün hansı addımlar vacibdir?

-Xaricdə təhsil alan gənclərin vətənə qayıtdıqdan sonra ölkəyə faydalı olmaları üçün ən önəmli addım öyrəndikləri bilikləri praktikaya tətbiq etməkdir. Eyni zamanda, əldə etdikləri beynəlxalq təcrübəni paylaşmaq, yeni yanaşmaları və innovasiyaları cəmiyyətə tanıtmaq vacibdir. Ən əsası isə, Vətən sevgisi və ölkəsinin inkişafına sədaqətlə xidmət etməkdir. Bu yolla xaricdə qazandıqları təhsil və təcrübə gerçək dəyərini tapacaq.

-Dövlətin gənclərə yaratdığı imkanlar barədə nə düşünürsünüz?

-Ulu Öndər Heydər Əliyevin gənclər siyasətinə verdiyi önəm və başladığı inkişaf yolu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısı gənclərin təhsil, elmi-tədqiqat və sosial sahələrdə inkişafı üçün geniş imkanlar yaradıb. Dövlət gənclərin təhsil imkanlarını genişləndirmək üçün xüsusi proqramlar həyata keçirir. Həyata keçirilən “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2028-ci illər üçün Dövlət Proqramı” gənclərə yüksək keyfiyyətli təhsil almaq və beynəlxalq səviyyədə bilik və bacarıqlarını artırmaq imkanı yaradır. Dövlət tərəfindən yaradılan belə imkanlar gənclərin həm fərdi, həm də milli səviyyədə inkişafına güclü təkan verir.

-Sizcə, gənclər bu imkanlardan yetərincə istifadə edə bilirlərmi?

-Sevindirici haldır ki, gənclər arasında dövlət tərəfindən yaradılan imkanlardan istifadə etmək istəyi və bununla bağlı artan tendensiya açıq şəkildə hiss olunur. Məsələn, xarici ölkələrin nüfuzlu universitetlərinə qəbul olan tələbələrin sayı ildən-ilə artır. Bu isə həm gənclərin, həm də ölkənin gələcəyi üçün çox müsbət göstəricidir.

-Gənclərimizdə bəyəndiyiniz və bəyənmədiyiniz xüsusiyyətlər hansılardır?

-Fəaliyyətimlə əlaqədar olaraq daha çox gənclərlə yaxın ünsiyyətdə oluram və müşahidə edirəm ki, bir çox gənclər özlərini hərtərəfli inkişaf etdirmək üçün ciddi səylər göstərirlər. Bu, çox sevindirici haldır. Digər tərəfdən, bəzi gənclərin sosial media vasitələrindən lazımsız istifadə etdiklərini görürəm. Bu, inkişaf əvəzinə asılılıq yarada və karyeralarına mənfi təsir göstərə bilər. Buna görə də gənclərin vaxt idarəetməsinə və prioritetlərinə daha çox diqqət etmələri vacibdir.

- Sizcə, sosial media daha çox müsbət, yoxsa mənfi tərəfləri ilə ön plana çıxır?

-Sosial medianın gənclərin həyatına təsirini qiymətləndirərkən düşünürəm ki, bu, əsasən onların necə istifadə etməsindən asılıdır. Əgər sosial media vasitəsilə gündəlik yeni məlumatlar əldə edir, dünyagörüşlərini genişləndirir, dil bacarıqlarını inkişaf etdirirlərsə, əlbəttə ki, müsbət təsirləri daha çox olur. Sosial media həm də insanların fikir mübadiləsi aparması, müxtəlif təhsil və karyera imkanlarından xəbərdar olması üçün geniş platformadır.

Ancaq təəssüf ki, bəzən bu platformalar vaxt itkisinin, lazımsız informasiyanın və diqqətin yayındırılmasının mənbəyi də ola bilir. Bu mənfi təsirlər isə əsasən sosial medianın nəzarətsiz və məqsədsiz istifadəsi nəticəsində yaranır. Məncə, əsas məsələ gənclərin sosial şəbəkələrdən məqsədli və balanslı şəkildə istifadə etməsini təmin etməkdir. Bu zaman sosial media onların inkişafına real dəstək verə bilər.

-Sizcə, mütaliə vərdişi gənclərin inkişafında hansı rola malikdir?

-Mütaliə vərdişi gənclərin inkişafı üçün bəlkə də ən dəyərli alışqanlıqlardan biridir. Kitab oxumaq yalnız bilik qazandırmır, həm də düşüncə tərzini formalaşdırır, üfüqləri genişləndirir. Oxuduğun kitablar sayəsində müxtəlif mədəniyyətlər, tarixi hadisələr, elmi yeniliklər və həyat təcrübələri ilə tanış olursan. Bu, həm dünyagörüşünü zənginləşdirir, həm də hadisələrə fərqli prizmadan baxmağı öyrədir.

Bundan başqa, mütaliə nitq qabiliyyətini, ifadə zənginliyini və yazı bacarıqlarını da inkişaf etdirir ki, bu da həm təhsil, həm də karyera yolunda böyük üstünlükdür.

-Ədəbiyyat və hüquq arasında necə bir əlaqə görürsünüz?

-Ədəbiyyat və hüquq məncə, çox yaxın sahələrdir, çünki hər ikisi insan həyatını və cəmiyyət münasibətlərini araşdırır. Hüquq qanunlarla nizamı təmin edir, ədəbiyyat isə həmin insan duyğularını, motivasiyaları və münasibətləri daha canlı və dərin şəkildə göstərir.

Gənc hüquqşünas üçün ədəbiyyat oxumaq çox faydalıdır, çünki bu, insan psixologiyasını daha yaxşı anlamağa, müşahidə qabiliyyətini və empatiyasını artırmağa kömək edir. Eyni zamanda, ədəbiyyat dil və ifadə zənginliyi qazandırır ki, bu da hüquqi yazılarda və məhkəmədə çıxışlarda çox önəmlidir. Məncə, ədəbiyyat oxumaq hüquqşünasın həm zəka, həm də ürək baxımından inkişafına böyük töhfə verir və insanlarla daha səmimi və təsirli ünsiyyət qurmasına şərait yaradır.

-Sonda, gənclərə və xüsusilə tələbə yoldaşlarınıza hansı mesajı vermək istərdiniz?

-Gənclərə ən böyük tövsiyəm həyatı sevgi ilə qarşılamaqlarıdır. İnsan sevmədiyi işi görəndə ruhu yorulur, enerjisi azalır. Amma sevdiyin işi sevgi və həvəslə görmək insana həm güc verir, həm də hər addımı mənalı edir. Mənim üçün həyatın ən dəyərli qaynağı elə bu sevgi və sədaqətdir – hər hansı bir işə ürəkdən bağlananda uğur sadəcə, təbii nəticə olur. Yəni, sevgini və sədaqəti yanına al, yeniliyə açıq ol və yoluna inamla davam et. O zaman qarşıda səni böyük uğurlar gözləyir!

Yaqut Ağaşahqızı, “İki sahil”