28 avqust 2025 16:27
127

Erməni arxiyepiskopun beş il müddətinə həbs olunması tələb edilib

Erməni Apostol Kilsəsinin Şirak yeparxiyasının rəhbəri arxiyepiskop Mikael Acapaxyanın beş ilədək həbs olunması tələb edilib.

“İki sahil” xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.

İrəvanda prokuror Vaan Arutyunyanın sözlərinə görə, ümumi yurisdiksiya məhkəməsində Ermənistan Cinayət Məcəlləsinin 422-ci maddəsinin 2-ci hissəsi - kütləvi informasiya vasitələrindən istifadə etməklə hakimiyyətin zorakı yolla ələ keçirilməsinə və konstitusiya quruluşunun devrilməsinə çağırışlar üzrə ittiham tərəfinin vəsatətinə baxılması başa çatıb. 

"O, hakimiyyətin zorakı yolla ələ keçirilməsinə dair ictimai çağırışlar edib. Onun bu çağırışları 40 mindən çox izlənilib", - prokuror bildirib. 

Onun sözlərinə görə, ittiham tərəfi M.Acapaxyanın təqsirli olduğuna dair kifayət qədər sübut təqdim edib. 

Xatırladaq ki, M.Acapaxyan iyunun sonunda hakimiyyətin devrilməsinə ictimai çağırışlar etməkdə ittiham olunaraq həbs edilib.