Tariximizin ən şərəfli səhifəsi olan 44 günlük haqq savaşımızda özünü Vətən, torpaq uğrunda fəda edən qeyrətli oğullardan biri də leytenant Rusif Kazımovdur. Adı xalqın dilində əbədi qəhrəmanlıq simvoluna dönən bu Vətən sevdalısı Cəlilabad rayonu, Uzuntəpə kəndində boya-başa çatıb. Ömrünün 23-cü ilində əzəli yurd yerimiz olan Qarabağın azadlığı uğrunda döyüş meydanında əbədiyyətə qovuşub. Ürəklərdə əlçatmaz, ünyetməz ulduzlu bir dünya yaşamaqla bərabər, həm də dövlət tərəfindən 3-cü dərəcəli "Rəşadət" ordeni, "Cəsur döyüşçü", "Vətən uğrunda", Şuşanın və Kəlbəcərin azadlığına görə medallara layiq görülüb. Vətənə əmanət olan oğlu Nuranrusif də atasının adına layiq böyüyür.
Hələ uşaqlıqdan mənfur erməni dığalarına qarşı ürəyində nifrət bəsləyən, hərbiçi olub onlardan qisas almağı arzulayan Rusif Yusif oğlu orta məktəbdə 9-cu sinfə qədər oxuyub, sonra yəni 2011-ci ildə sənədlərini Cəmşid Naxçıvanski adına Hərbi Liseyə təqdim edib. Uğur qazanıb liseyin kursantı olub və ilk dəfə kursant formasını əyninə geyinəndə çox sevinib. O, dərsə başladığı gündən ilkin hərbi vərdişlərə həvəslə yiyələnib. Mükəmməl bilik sahibi olmaq üçün dərslərə məsuliyyətlə yanaşıb və liseydə keçirilən xarici dil dərslərinə xüsusi maraq göstərib. Buda Rusifin dörd xarici dil - ərəb, fars, rus, ingilis dillərini sərbəst bilməsinə imkan yaradıb.
Hərbi liseyi başa vuran əlaçı kursant Rusif Kazımov Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsilini davam etdirib. Təhsil ocağında hərb elminin sirlərinə dərindən yiyələnib, nəzəriyyəni düzgün mənimsəyib, çöl dərslərində, təlimlərdə, atışlarda vacib olan bacarığı yüksək səviyyədə göstərib. 2019-cu ildə kəşfiyyat ixtisası üzrə ali hərbi təhsilini başa vurub. Gənc zabit "N" hərbi hissəsində xidmətə başlayıb. Qatıldığı təlimlərdə döyüş bacarığını və peşəkarlığını bir daha artırıb. Peşəsinin vurğunu olan zabit təlimlər zamanı qazandığı nəzəri biliklərin təcrübədə tətbiqini mükəmməl yerinə yetirib, qarşısına qoyduğu hədəflərə çatmaq üçün öz üzərində ciddi çalışıb. Həmçinin qısa zaman kəsiyində cəsurluğu, qorxmazlığı, vətənpərvərliyi ona hörmət qazandırıb.
2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayan kimi leytenant Rusif Kazımov odlu-alovlu səngərdə yerini alıb. Düşmənə ilk zərbəni Murovdağ istiqamətində strateji əhəmiyyətli yüksəkliyi uğrunda döyüşdə vurub. Erməni dığaların onlarla canlı qüvvəsini, hərbi texnikasını məhv edib. Daha sonra Suqovuşanda, Füzulidə gedən qanlı müharibədə yağının kabusuna çevrilib. 44 günlük haqq savaşımızda şərəfli döyüş yolu keçən leytenant Rusif Kazımov noyabrın 5-də Laçın dəhlizi istiqamətində gedən ağır vuruşda böyük şücaət göstərərək şəhidlik məqamına yüksəlib. Şəhid zabit doğma Uzuntəpə kənd qəbiristanlığında dəfn olunub.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü